Qlobal iqlim dəyişikliyi

19:26 24.07.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Mütəxəssislər hesab edirlər ki, iqlim dəyişməsi getdikcə daha da çoxala bilər

“Son illər fəsillərin öz xüsusiyyətlərinə uyğun olmaması, yayı yay kimi, qışı qış kimi yaşaya bilməmək insanlarda narahatlıq yaradıb. Havaların fəsilə uyğunsuzluğu isə hər il daha da artır. AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov  “Report”a  bildirib ki, havaların belə keçməsinə səbəb fövqəldövlətləri də narahat edən iqlim dəyişmələridir:

“Əvvəl bir qanunauyğunluq vardı ki, yay isti, qış isə soyuq olmalı idi. Artıq həmin qanunauyğunluqlar pozulub. İqlim dəyişməsi getdikcə daha da çoxalacaq. Hazırda müşahidə edilən hava ekstremal havadır. Belə halların sayı və diapazonu daha da artacaq. Məsələn, belə hallar əvvəl 5 manatlıq ziyan vururdusa, bundan sonra 15 manatlıq ziyan vuracaq. Buna görə də bütün ölkələr iqlim dəyişməsinə uyğun adaptasiya üçün müəyyən fəaliyyət həyata keçirirlər. Sonuncu dəfə bu proseslərin qarşısını almaq üçün fövqəldövlətlər Parisdə yığışdı. İqlim dəyişmələrində əsas günahkar ABŞ, Çin və Hindistandır. Çünki istehsalın əsas hissəsi bu dövlətlərin payına düşür. Amma istehsalın 37 faizini həyata keçirən ABŞ Paris sazişindən imtina etdi. Əsas dövlətlərdən də biri imtina etdikdən sonra nə mənası var?! Şərtlər təbii ki, havaya atılan karbon qazının miqdarını azaltmaq lazımdır. Bunun üçün də istehsal texnologiyaları dəyişməlidir. Hamısını dəyişdirmək üçün isə ABŞ-a milyard yox, trilyardlar lazımdır. Onun üçün də imtina etdi”.

Qeyd edək ki, bu gün iqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Anomal hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin də əsası istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələridir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, artıq qızma 2000 metr dərinliyə qədər çatır. Bu da isti axınların daha da qızmasına səbəb olur. Yəni bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir.

Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artıb. Bütün bunları nəzərə alan Azərbaycan hökuməti iqlim dəyişmələri üzrə milli səviyyədə fəaliyyətləri daha da genişləndirib. Belə ki, Azərbaycan Respublikası Milli Məclisi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub. Ölkəmiz İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə 1 qrupuna daxil olmayan tam hüquqlu tərəf kimi İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası qarşısında istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlanması, müntəzəm olaraq yeniləndirilməsi, milli məlumatlarin hazırlanması kimi öhdəliklər götürmüş və bu öhdəliklər sistemli şəkildə yerinə yetirilmişdir. Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan  Paris Sazişini  22 aprel 2016-cı ildə  imzalamış və həmin ilin oktyabr ayında ratifikasiya edib. Bundan başqa, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına özünün Nəzərdə Tutulan Milli səviyyədə müəyyən edilmiş Töhfələrində qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb.

Yeri gəlmişkən, son illərdir ki, Azərbaycan artıq sosial, iqtisadi inkişafı və yoxsulluğun azaldılmasını ölkənin prioritetləri olaraq müəyyənləşdirib. Ölkənin iqlim dəyişmələrinin təsirlərinin  azaldılması və bu təsirlərə  uyğunlaşma strategiyaları uzunmüddətli Dövlət Proqramlarında da öz əksini tapır. Məsələn, bu problem Alternativ və Bərpa olunan Enerji mənbələrindən  İstifadə olunması üzrə Dövlət Proqramında(2004), 2008-2015-ci illərdə Azərbaycan Respublikasinda Əhalinin Ərzaq Məhsullari Ilə Etibarli Təminatina Dair Dövlət Proqramında (2008-2015), Regionların Sosial-iqtisadi İnkişafına dair Dövlət Proqramında (2004, 2009,2014), 2008-2015-ci illərdə Azərbaycan respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramında (2008-2015), Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair  dair strateji yol xəritəsi” ində öz əksini tapıb. Bundan başqa, Davamlı İnkişaf məqsədlərinə nail olmaq üçün Respublika Prezidentinin 6 Oktyabr 2016 –cı il tarixli Sərəncamı ilə Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası(NCCSD) yaradılıb.

Məlumat üçün bildirək ki, dünya miqyasında mövcud iqlim dəyişikliyi təhlükəsini nəzərə alaraq, 2019-cu ildə Avropa İttifaqı, Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukraynanın üzv olduğu Şərq Tərəfdaşlığı ölkələrində EU4Climate adlı yeni regional layihənin həyata keçirilməsinə başlayıb. Layihə bu altı ölkənin 2015-ci il Paris İqlim Sazişindən, Avropa İttifaqı ilə Assosiasiya və Tərəfdaşlıq Sazişlərindən, Şərq Tərəfdaşlığı çərçivəsində “2020-ci il üçün 20 Nəticə” adlı siyasi təşəbbüsdən (xüsusən də iqlimlə bağlı 15-ci və 16-cı nəticələrdən) və Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyindən (xüsusən də iqlimlə bağlı tədbirlərə dair 13-cü Dayanıqlı İnkişaf Məqsədindən) irəli gələn öhdəliklərinə əsaslanan siyasətin işlənib hazırlanması və həyata keçirilməsi üçün ölkə hökumətlərinə dəstək göstərmək məqsədini daşıyır. EU4Climate layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən həyata keçirilir. Yeni layihə Şərq Tərəfdaşlığı regionu ölkələrinin üzləşdikləri iqlimlə bağlı bir sıra problemləri əhatə edir. Belə ki, bu ölkələrin bir qismində su və enerji çatışmazlığı problemləri mövcuddur. Digərlərində isə ölkələr özünün daxili enerji istehlakı tələbatının 80 faizini təmin etmək üçün faydalı qazıntı növlərindən asılıdır, nəticədə isə bu ölkələrdə enerjidən həddən artıq və qeyri-səmərəli istifadə olunur. Bütün bunlar iqlim dəyişikliyini sürətləndirərək şəhər və kənd icmalarını iqlim dəyişikliyinə qarşı müdafiəsiz edir, eyni zamanda, iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinin maliyyə xərclərini olduqca artıraraq ölkə hökumətlərinin üzərinə tədricən daha çox maliyyə yükü qoyur. Layihənin icrasına Avropa İttifaqı 8.8 milyon avro məbləğində maliyyə vəsaiti ayırır. Altı ölkənin hər birində EU4Climate layihəsi BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən həyata keçiriləcəkdir. Təkcə Azərbaycanda, Avropa İttifaqı milli səviyyədə iqlim dəyişikliyi ilə bağlı siyasətlərin və təcrübələrin həyata keçirilməsi üçün 830,000 avroya yaxın vəsait ayıracaq.

Mövzu ilə bağlı fikirlərini bildirən Milli Ekoloji Proqnozlar Mərkəzinin rəhbəri Telman Zeynalov deyib ki, hazırda qlobal iqlim dəyişikliyi haqda müxtəlif rəylər səslənir: "İndi bütün dünya qısa buz dövründən sonra 1712-ci ildə başlayan qlobal istiləşmədən danışır. Hər bir fəsil üçün il ərzində 3 ay vaxt ayrılıb, lakin onlar indi bir-birilərindən zaman oğurlayır".

T. Zeynalovun fikrincə, bəziləri təbiətdə karbon qazının (CO2) artmasından narahatdır: "Lakin bu, düzgün deyil. Karbon qazı insan həyatı üçün oksigen qədər önəmlidir və onun çatışmazlığı immun sistemini zəiflədir. Belə olan halda, insan orqanizmi tez qocalır".

Ekspertin sözlərinə görə, qlobal iqlim dəyişikliyinin iki əsas səbəbi var: "Birincisi, məhsulların gen dəyişdirilməsi ilə məşğul olan ABŞ-dakı "Monsanto" şirkətinin inkişafıdır. Bu, ABŞ-ın çirkli ekoloji və iqtisadi siyasətidir. Onlar geni dəyişdirilmiş toxumlar istehsal edirlər. Tərkibində ilan və əqrəb geni olan bu toxumlar xüsusi qulluq tələb etmir və hər bir hava şəraitində yaşayır. Lakin bu bitkilər yaşadıqları yerdə iqlimə təsir edirlər, arılar, kəpənək, eləcə də orada bitən digər bitkilər məhv olur. Bu azmış kimi, onlar üçün zəhərli pestisidlər də istehsal edirlər. İqlim dəyişikliyinin ikinci səbəbi isə ozon qatındakı dəliklərin artmasıdır”.

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.