Qubada 3 dostu eyni anda maşın vurdu – Günün təzadları

20:17 02.09.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Yol kənarında dayanan 3 nəfər şəxsi avtomobil vurdu. Hafta.az xəbər verir ki, Oxu.Az-ın bölgə müxbirinin  məlumatına görə, hadisə Qubanın 1-ci Nügədi kəndində qeydə alınıb. Yol kənarında söhbət edən 3 nəfər gənc gözlənilmədən naməlum avtomobil tərəfindən vurulub. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qəzada xəsarət alan 2003-cü il təvəllüdlü Əzizov Hüseyn Elmar oğlu çənənin sağ üst hissəsinin, göz qapağının əzilmiş-kəsilmiş yaraları, 2000-ci il təvəllüdlü Kərimov Fətəli Sovqat oğlu sağ budun arxa səthinin əzilmiş-deşilmiş yarası, 2000-ci il təvəllüdlü Cavadov Nail Qədir oğlu alının, hər iki yanağın və sağ ayağaltı nahiyəsinin əzilmiş-cırılmış çoxsaylı yaraları diaqnozu qoyulub. Hazırda faktla bağlı araşdırma aparılır.

 

Almaniyada hamilə azərbaycanlı qadın 4-cü mərtəbədən yıxılıb öldü

Berlində azərbaycanlı xanımın həlak olması haqda xəbər yayıldı. Hafta.az yazır ki, "BakuPost”-un məlumatına görə,  Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev bu haqda belə yazıb: "Berlin şəhərinin Rahnsdorf rayonunda yaşayan 32 yaşlı azərbaycanlı qadın pəncərəni silən zaman ehtiyatsızlıqdan 4-cü mərtəbədən binanın həyətinə yıxılıb. Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib". Ə.Əliyevin sözlərinə görə, dünyasını dəyişən qadın hamilə olub: "Təcili aparılmış qeysəriyyə əməliyyatına baxmayaraq qadının bətnindəki uşağı da xilas etmək mümkün olmayıb. Hazırda hüquq-mühafizə orqanları hadisənin detallarını araşdırlar. Rəhmətə gedən xanım əri və 1 uşağı ilə birlikdə yaşayırmış". Hüquq müdafiəçisi yaxında olanlardan ailəyə dəstək olmağı xahiş edib.

 

Salyanda 80 yaşlı kişinin tapdığı əşya partladı və...

Salyanda 80 yaşlı kişi tapdığı əşyanın əlində partlaması nəticəsində ciddi xəsarət aldı. Hafta.az xəbər verir ki, Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, şəhərin Qulu Əsgərov küçəsində yaşayan, 1939-cu il təvəllüdlü Abasov Aləddin Qasım oğlu sol əlinin ciddi xəsarət alması ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Vəziyyətin ciddiliyi nəzərə alınaraq o, əməliyyata götürülüb. İlkin məlumata görə, Aləddin Abasov zibillikdən tapdığı əşyanı qurdalayarkən əlində partlayıb. Faktla bağlı araşdırma aparılır.

 

Qaxda fındıq yığan qadını çaqqal dişlədi

Qax rayon sakini çaqqal hücumuna məruz qaldı. Hafta.az yazır ki, "Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun 1962-ci il təvəllüdlü Əlibəyli kənd sakini Baraxaşvili Liya Solomon qızını bağda fındıq yığarkən çaqqal dişləyib. Qax Rayon Mərkəzi Xəstəxanasına aparılan 57 yaşlı qadına ilkin tibbi yardım göstərilib və ona quduzluq əleyhinə vaksin vurulub. L.Baraxaşvili ambulator müayinə üçün evə buraxılıb.

 

Keşlədə it 3 yaşlı qızın üzünü dişlədi 

Bakının Nərimanov rayonunun Keşlə qəsəbəsində 3 yaşlı uşağın üz nahiyəsindən it dişlədi. Hafta.az-ın yazdığına görə, “Report” xəbər verir ki, Bayramova Tamilla Orxan qızı "təcili yardım"ın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Xəstəyə üzünün sol hissəsi və sol çiyinin çoxsaylı didilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Yaralı aidiyyəti üzrə həkim nəzarətinə götürülüb.