Qubadlıdan olan məşhurlar hafta.az-a danışdı

15:24 27.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Artıq bir aydır ordumuz döyüş meydanında düşmənə qan uddurur.  Xalqın güclü iradəsi, birliyi və bərabərliyi, Prezidentimizin siyasi arenada inamlı çıxışları şanlı ordumunuzun qələbə qazanmasına siraət edir.

Bu gün hər birimiz zəfərə sevinir, uğurun davamlı olacağına inanırıq. Bir neçə gün öncə Ali Baş Komandan Qubadlıda uzun həsrətdən sonra Azərbaycan Bayrağının dalğalandığını açıqladı. Hafta.az bu dəfə də ən-ənəsinə sadiq qalaraq torpaqları işğaldan azad edilən həmvətənlərimizin sevincinə şərik oldu.

İlk müsahibimiz əslən Qubadlının Məmmədli kəndindən olan meyxana ustası Namiq Məna oldu. O deyir ki, keçirdiyi hissləri sözlə ifadə etmək çox çətindir. Sevincdən az qalır insanın dili tutulsun:

– Mənim körpəliyim, uşaqlığın o torpaqlarda keçib. Burada doğulub-böyüsəm də, hər yay Qubadlıya gedirdik. Kəndimiz isə düz Bərgüşad çayının hövzəsində idi. Çay kəndin içindən keçirdi. Əslən Qubadlının Məmmədli kəndindənəm, bura dağın üzərində yerləşirdi, son illərdə yaranan su qıtlığından sakinlərin hamısı köçmüşdü Bəxtiyarlı kəndinə. Digər rayonlarımızda olanda gözlərim hər zaman kəndimizi, oradakı gözəllikləri axtarırdı...

Meyxanaçı söyləyir ki, uşaqlıq yaddaşı ağ vərəq kimidir, bura nə yazılırsa, ömürboyu unudulmur. Elə Qubadlı haqqında da düşüncələrində daim gözəl mənzərə, zəngin və füsunkar təbiət qalıb. O bildirir ki, bu günə qədər heç vaxt qəlbindəki nisgil, həsrət bir an belə keçməyib, əksinə, hər keçən gün daha da böyüyürdü:

– Valideynlərim orada doğulub-böyümüşdü, atam dünyasını dəyişəndə vəsiyyət etmişdi ki, nə vaxtsa Qubadlı azad ediləndə məzarına  o torpaqlardan tökülsün. Düşünürəm, bu, təkcə mənim atamın deyil, eləcə də bir çox el-oba həsrəti çəkən qaçqın və məcburi köçkünlərin vəsiyyətidir. Onlar yurd həsrəti ilə dünyalarını dəyişiblər. Var olsun rəşadətli Azərbaycan Ordusu və Ali Baş Komandan ki bu sevinci bizə yaşatdı. Xüsusilə də şəhidlərimizin ruhu qarşısında baş əyirəm, onları dünyaya gətirən valideynlərin əllərindən öpürəm. Yaxın zamanlarda ən yaxın dostum, qardaşım, Milli Qəhrəmanımız Şükür Həmidov mərdliklə şəhidlik zirvəsinə ucaldı. İnşallah bütün işğal altında olan torpaqlarımız azad edilər və şəhidlərimizin ruhu şad olar...

Xiridar bildirir ki, şad xəbəri eşidəndən 1-2 saat yuxu yata bilib. Uzun illərin sona çatan həsrəti hələ də ona xəyal kimi gəlir. Xalq və iqtidar arasında olan birlik və vəhdət isə sevincini daha ikiyə qatlayır. Biz bu gün Ulu Öndərimizin zamanında çəkdiyi zəhmətlərin bəhrəsini görürük:

– Xatırlayıram ki, 1991-1992-ci illərdə və daha əvvəl, gənclərimiz rus ordusunda xidmət edərkən düşünülmüş şəkildə mətbəxlərə, tikinti düşərgələrinə salınırdı. İstəmirdilər ki, azərbaycanlılar müasir silahları, döyüş texnikasını öyrənsinlər. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclərimiz həm ölkədə, həm də xaricdə hərbi təhsil ala bildi, Azərbaycanda hərbi məktəblər, Hərbi Lisey, Heydər Əliyev adına Ali Hərbi Məktəb yaradıldı...

İfaçı son zamanlar cəbhədə yaranmış gərginliyin onda ruh düşkünlüyü yaratdığını, efirlərə çıxmaq istəmədiyini söyləyir. Ürəyi səngərdəki əsgərlərimizn yanındadır:

– Efirə çıxıb çıxış etmək yox, əlimə silah alıb vuruşmaq istəyirdim. Düşünürdüm ki, ön cəbhədə əsgərimiz vuruşur mən burda əlimə mikrofon alıb mahnı oxuyuram. Bu məni çox incidirdi. Lakin ard-arda gələn qələbə xəbərləri sayəsində efirlərə çıxa bilirəm...

N.Məna qələbəyə hər zaman inandığını, bir gün torpaqlarımızn azad olacağına əminlik duyduğunu söyləyir. Bildirir ki, buna xalqımızın güclü iradəsinin, uşaqdan böyüyə hər kəsin torpaq sevgisinin böyük təsiri var:

– Bu gün  "Qarabağ Azərbaycandır" və bu kimi şüarlar mənim 6 yaşlı nəvəm də daxil olmaqla, Qarabağı görməyən uşaqların dilində əzbərdir. Nəvəm bütün gün "Biz Qarabağa gedəcəyik", "Qələbə bizimdir", – deyir. Elə buna görə də ürəyim sevincdən, fərəh hissindən coşur. Allah xalqımızı qorusun...

Sonda Namiq Məna kütləvi informasiya vasitələrinin, hüquq-mühafizə orqanlarının  əməkdaşlarına, səhiyyə işçilərinə öz təşəkkürünü bildirməyi də unutmadı:

– Xalq olaraq hər birimiz birlik nümayiş etdiririk. 50 illik həyatımda heç vaxt bir birimizə bu qədər möhkəm bağlandığımıza şahid olmamışam. Bu məni çox qürurlandırnaqlar. İnanıram ki tezliklə sizi kəndimizdə Qubadlı plovuna qonaq etmək  olar...

Növbəti həmsöhbətimiz Qubadlıdan olan, məşhur skripka ifaçısı Ceyhun İsmayılov oldu. O da sevincini hafta.az-ın oxucuları ilə bölüşdü. Həmsöhbətimiz deyir ki, Azərbaycanın hər bir qarışı onun üçün əzizdir. Lakin Qubadlının şad xəbərini eşidəndə özümü göyün yeddinci qatında hiss etdim:

– Torpaqlarımız azad edildikcə sevincimin həddi-hüdudu olmur. İnşallah, tezliklə Kəlbəcərdən, Laçından, Şuşadan, Xankəndidən şad xəbərlər gələr. Onda sevincimiz tam və bərqərar olar. Mən bütöv Azərbaycanın vurğunuyam. Allah şəhidlərimizə rəhmət etsin, əsgərlərimizi, Ali Baş Komandanımızı və xalqımızı qorusun...

Maestro deyir ki, Qubadlının Əyin kəndindəndir. Bura bəlkə də dünyadakı ən məşhur istirahət mərkəzlərindən daha gözəldir:

– Əyin eyni zamanda Süleyman Rəhimovun da  kəndidir. Süleyman Rəhimov mənim babamla bacanaq olub. Kənddə 30 ev var, 45 bulaq. Bu da onu göstərir ki oranın təbiəti çox fərqlidir, özünəməxsudur. Böyük ehtimalla indi kəndə yağış, hətta sulu qar yağır. Kəndlə rayon arasında 12 kilometr məsafə var, bu yol tam olaraq dikə qalxır, ora hər maşın gedə bilmirdi. Yayda orda 1-2 gün dincəldikdən sonra bütün istirahət mərkəzləri insanın gözündə əfsanəyə çevrilir...

Ümid edirik ki, tezliklə işğal olunmuş ərazilərimizin hər qarışı düşmən tapdağından azad ediləcək. Uzun illərin həsrəti sona çatacaq. Elə Ali Baş Komandanımızın da dediyi kimi, biz zəfər çalacağıq, Qarabağ Azərbaycandır.

Banu

Oxunma sayı 758