Qum və Məşhəd şəhərlərinə tur təşkil edənlərə kim “dur” deməlidir?

12:07 24.02.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Son günlər cənub qonşumuz İranda “koronovirus”un tapılması Azərbaycanı da hərəkətə gətirib. Cənub qonşumuzun dini ibadət mərkəzləri sayılan Qum və Məşhəddə adıçəkilən virusun tapılması aidiyyatı qurumlarımızı da müvafiq addımlar atmağa sövq edib. Belə ki, Azərbaycandan da hər ay yüzlərlə vətəndaş Qum və Məşhəd ziyarətlərinə gedirlər.

Onların CV-19 virusuna yoluxma təhlükəsi ilə üzləşməməsi üçün aidiyyatı qurumlarımız hər hansı çağırışlar edibmi? Çünki əldə etdiyimiz məlumata görə hələ də müəyyən tur şirkətləri İranın adıçəkilən şəhərlərinə turlar təşkil edirlər. Özü də çox ucuz qiymətlərə...

Qafqaz Müsəlmanları İdarəsinin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı hafta.az-a açıqlamasında bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bununla əlaqədar bəyanatı olacaq. O, bu haqda məlumatları dəqiqləşdirmək üçün qurumun mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova ilə əlaqə saxlamağımızı tövsiyyə etdi.

QMİ-nin sözçüsü Rəhimə Dadaşova isə ötən həftənin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi bununla bağlı tövsiyyə xarakterli çağırış etdiyini bildirdi: “Keçən həftə bu söhbət çıxan kimi DQİDK və QMİ adından bununla bağlı fikirlər səsləndirildi. Bizim tərəfimizdən həmin şəhərlərə zəvvar göndərilmir. Özəl şirkətlərə də bununla bağlı tövsiyyələr bildirildi. Bizdə yalnız Həcc ziyarəti  Qafqaz Müsəlmanları İdarəsinin himayəsi altında həyata keçirilir. İran, İraq, Yaxın Şərqdəki müqəddəs dini yerlərə ziyarətlər təşkil edən şirkətlərə tövsiyə etmişik ki, indiki şəraitdə koronavirus təhlükəsini nəzərə alsınlar. Həmin yerlərə turist aparılması məsələsinə diqqətlə yanaşsınlar. Bu təhlükəni nəzərə alaraq turist ziyarətlərinin təşkilinə müvəqqəti də olsa, müəyyən məhdudiyyət həyata keçirsinlər".

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının da ötən həftə səsləndirdiyi fikirlər yuxarıda səsləndirilən nüanslarla eynilik təşkil edir.

Onu da əlavə edək ki, həmin tur şirkətləri dövlət qurumlarının çağırışlarına əməl etmək fikrində deyil. Hələ də İranın Məşhəd və Qum şəhərlərinə ucuz qiymətə - 60 manata 10 günlük tur təşkil edən şirkətlərə rast gəlinir. Hətta martın 3-ü, 4-ü və 7-nə də adıçəkilən dini ziyarət mərkəzlərinə turlar təşkil olunacaq. Tur şirkətlərindən əldə etdiyimiz məlumatlarda belə deyilir.

Oxunma sayı 121