Qurban bayramından Bilik gününə: “metro çadırları”nda məktəbli ləvazimatlarının qiymətləri...

14:51 20.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Qurban bayramı bitər-bitməz Bakı Metropoliteninin stansiyalarının beş addımlığında qurulmuş bayram çadırlarının təyinatı dəyişdi. Artıq əksər metrostansiyaların – məsələn, “Azadlıq”, “Gənclik”, “İnşaatçılar” və sair stansiyaların qarşısındakı çadırlarda “Kənddən şəhərə” məhsulları deyil, kitab-dəftər satılır.

Satıcılar hafta.az-ın əməkdaşına bildiriblər ki, bu da mövsümlə, yeni dərs ilinin başlanması ilə əlaqədardır. Qurban bayramının təlabatlarından Bilik gününə keçid edən “metro çadırları”nda qiymətlərlə maraqlandıq. Digər bazarlar və satış nöqtələri ilə müqayisədə baha olub-olmadığını soruşduq.

Satıcılar bildirdilər ki, mövsümün ilk günləridir. Təyinatı üzrə olan məhsullar hələ bazarda öz yerini tam şəkildə tutmayıb. Məsələn, ibtidai sinif şagirdləri üçün olan iş dəftərləri sentyabrın 1-dən çadırlarda görünməyə başlayacaq. Hələlik, məktəbli çantaları, dəftərlər, qələmlər, pozanlar, xətkeşlər, müəyyən dərslik əvəzediciləri, köməkçi vasitələr və azyaşlı məktəblilər üçün su qabları – termoslar satılır.

Qiymətlərə keçməmişdən onu da vurğulayaq ki, bayram çadırlarına baş çəkənlərin sayı da, bazarlıq edənlər də az deyil. Hətta bir yaşlı sakinin atmacası da diqqətimizdən yayınmadı:

-Göy-göyərti necə oldu?

-Dayı, ta məktəbli ləvazimatlarına keçmişik...

-Nə tez, Qurban bayramı qurtarmamış? (gülür).

Qiymətlər bahadır?

Alıcılarla söhbətləşirik. Deyirlər ki, dəftər, qələm, xətkeş, pozan, gündəlik kimi ləvazimatlar digər mağazalarla eyni qiymətədir. Ucuz deyil. Çantaların qiyməti isə olduqca bahadır. “8 km bazarı” ilə müqayisədə 3-4 manat fərq edir. Satıcılar isə ötən illə müqayisədə bu il məhsulların nisbətən baha qiymətə gəldiyini, məhsulun mayası üzərinə maksimum 10-15 faiz zəhməthaqqı qoyduqlarını bildirirlər. Onu da söyləyirlər ki, builki qiymətlər ötənilki ilə müqayisədə o qədər də fərqli deyil.

Alıcılar çantaların qiymətlərinin “Binə” və “Sədərək” ticarət mərkəzlərindəki qiymətlərdən də fərqləndiyini iddia edirlər. Satıcıların buna cavabları isə qısa və konkrettdir: “Biz özümüz də məhsulları “Sədərək”dəki topdan satış məntəqələrindən gətiririk. Cüzi fərq olması normaldır”.

Məktəblilər üçün isti su saxlayan “çöplü” termosların qiyməti isə 6-14 manat arasında dəyişir.

Çantaların qiyməti 10 manatdan...

“Metro çadırları”ndan məktəbli çantalarının demək olar ki, əksəriyyəti Çindən gətirilir. Üzərindəki etiketlərdən və “made in China” (Çin istehsalı-red.) yazısından bunu aydın oxumaq mümkündür. Satıcılar da deyirlər ki, məhsulların əksəriyyəti Çin və qismən Türkiyə istehsalıdır. Gələk qiymətlərə; qiymətlər o qədər bahadır ki, gəl görəsən. Ən ucuz çanta 5-6-cı sinif şagirdləri üçündür və 5 manatdır. İbtidai sinif şagirdləri üçün münasib qiymətə məktəbli çantası almaq istəyən valideynlər ən azı 15-16 manatlarından keçməli olacaq. 16-25 manat arası normal qiymətlərdir. Hər kəsin cibinə uyğundur. Satıcılar belə deyir. Satıcılara görə nisbətən bahalı məktəbli çantalarının qiyməti 25-40 manat arasında dəyişir ki, bunlar da əsasən Türkiyə istehsalıdır. Keyfiyyətlərinə görə “kitayski” məhsullardan seçilir.

Alıcılar, valideynlər isə qiymətlərin bahalılığından şikayətçidir. Onlar hesab edir ki, ötən il 15-20 manata normal məktəbli çantası ala bilirdilər. Övladları birinci sinifə gedəcək valideynlər də qiymətdən şikayətçidirlər. Onlar 6-7 yaşlı şagirdlər üçün nəzərdə tutulan çantaların qiymətlərinin  yuxarı sinif şagirdlərinin qiymətlərindən fərqlənmədiyini, hətta bəzi hallarda daha bahalı olduğunu dilə gətirirlər.

Qələm-dəftər-karandaş...

Ən ucuz – 12 vərəqli dəftərlərin qiyməti 20 qəpikdir. Ölçüsünə, həcminə görə qiymətlər dəyişir. Hətta 80 qəpiyə də dəftərlər almaq mümkündür.

Daha ucuz yerlərə - “metro çadırları”na da rast gəldik. Adıçəkilən məkanlarda qiymətlər heç də eyni deyil. Satıcılar ürəkləri istədikləri qiymətləri qoyurlar. Məsələn, 12 vərəqli dəftərlər 11 qəpik, 20 vərəqli 27 qəpik, 24 vərəqli 36 qəpik, 40 vərəqli 35 qəpik, 50 vərəqli 1.15 manat, 80 vərəqli 1.85 manat. Yerli istehsal olan 48 vərəqli dəftər 60 qəpik, 60 vərəqli 50 qəpik, 80 vərəqli 75 qəpik, 96 vərəqli dəftər 1 manat, 100 vərəqli dəftər isə 79 qəpiyə satılır. Amma bir məsələni də xatırlatmaq yerinə düşər. Əgər valideyn 20 vərəqli dəftərdən bir ədəd alırsa, satıcı onu 30 qəpiyə, çox alırsa, 27 qəpiyə satır. Satıcılar dəftərlərdən 2-3 qəpik “pul tutduqlarını” deyirlər.

Almaniya istesalı olan bir qutu karandaş 10 manatadırsa, Çin istehsalı olan eyni məhsul 1 manat 50 qəpiyə, daha bahalısı 3 manatadır.

Elçin adlı valideyn iki övladına alacağı ləvazimatları qiymətlərini müəyyənləşdirmək üçün əlində siyahı ilə gəlmişdi. Deyir ki, dəftər, kitab üzü, albom, gündəlik, qələm, qələm qabı, pərgar və s. almaq üçün qiymətlərə baxır: "Baxdım, bir uşaq üçün ən azı 70-80 manat lazım olacaq.

Məktəb paltarlarını çıxmaq şərti ilə bir şagirdə lazım olacaq ləvazimatlar yaş qruplarını nəzərə almaqla 60-100 manata başa gəlir.

Yeni dərs iliniz mübarək olsun, əziz şagirdlər və valideynlər!