Quşların məhv etdiyi təyyarələr

11:43 23.08.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İyulun 24-ü axşamı Azərbaycanda qəzaya uğrayan MİQ-29 hərbi təyyarəsi ilə bağlı, geridə buraxdığımız bir ay ərzində müəmmaları fikirlər səsləndirilsə də, nəhayət rəsmi məlumat açıqlandı ki, hadisə təyyarənin quş dəstəsi ilə çarpışması nəticəsində baş verib.  

Nəticələri nə qədər acınacaqlı olsa da, tarixdə yaşanmış eyni mahiyyətli təyyarə qəzaları ilə bağlı kiçik araşdırma aparmaq qərarına gəldim. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, quşların təyyarələrlə çarpışmasını, əslində təyyarələrin quşlara çarpması kimi qələmə vermək lazımdır. Çünki quşlar öz yolu ilə geir və bu zaman təyyarə sürətlə həmin uçan karvana çırpılır. Təşkilata görə, ən maraqlısı budr ki, hadisə zamanı quş zərbələrinin 44 faizi motor, 31 faizi qanadlar, 13 faizi kokpit-şüşə, 8 faizi burun və 4 faizi gövdə hissəyə dəyir.

Quşlarla toqquşma hallarının əksəriyyətinin yerdən 500 metr məsafədə, xüsusilə də hava limanlarının ərazisində baş verdiyini nəzərə alaraq, Amsterdam, Frankfurt, Vankouver və sair iri hava limanlarında quşlarla mübarizə məqsədilə özəl qruplar yaradılıb.

Mülki aviasiya tarixində baş vermiş və ən ağır quşla toqquşma nəticəsində yaşanan qəzaları xatırladaq:

1960-cı ilin oktyabrında quşlarla toqquşma nəticəsində tarixin ən böyük qəzası yaşanıb. “Eastern Airlines”a aid “Lockheed L-188 Electra” tipli təyyarə Bostonun Logan Hava Limanından qalxan zaman məlum olub ki, dörd motorun dördünün də içində quş var. Təbii ki, motorlar dayanır və təyyarə 300 fut yüksəklikdən dəniz sularına çırpılır. Hadisə zamanı ümumilikdə 62 nəfər həlak olur, cəmi 9 sərnişin möcüzəli şəkildə sağ qalır.

1962-ci ildə “United Airlines”a aid “Vickers Viscount” tipli təyyarə 6 min fut hündürlükdə quşlarla qarşılaşır. Bu zaman təyyarənin quyruq qanadcığı qopur, uçuşa nəzarət etmək mümkün olmur və hava gəmisi yerə çırpılır. Nəticədə 17 nəfər həlak olur.

1962-ci ilin iyulunda “DC-8” tipli təyyarə Pakistanın Lahor şəhərinin üzərindən uçarkən iri qartalla toqquşur. 5,5 kiloqramlıq qartalın şüşəni sındırması nəticəsində iki pilotdan biri həlak olub, digəri isə ağır yaralanıb.

1975-ci il noyabrın 12-də “Overseas National Airlines”a aid “DC-10” təyyarəsi Nyu York hava limanından qalxan zaman qağayı dəstəsinə çırpılır. Bu zaman 3 nömrəli motor yanaraq partlayır və qanaddakı yanacaq ehtiyyatları alovlanır. Uçmaqdan vaz keçən təyyarə qısa zamanda sürətlə yanıb. Maraqlısı budur ki, hadisə zamanı təyyarədəki 139 sərnişinin hamısı məhz hava yollarının personalı olub. Belə hadisələrə tam hazırlıqlı olan insanlar təyyarədn enə biliblər və cəmi 11 nəfər müxtəlif dərəcəli bədən həsarəti alıb.

1988-ci il sentyabrın 15-də Efiopiyada “Bahar Dar hava limanından qalxan “Boeing 737-200”ün hər hır iki motoruna göyərçinlər girdi. Hər iki motorun zədələndiyini görən pilot təyyarəni 10 kilometr aralıdakı hava limanına endirmək istəsə də, vaxt bəs etməyib. Eniş zamanı dərəyə endirilən təyyarə yanaraq parçalanıb və 104 sərnişindən 35-i həlak olub, 21 nəfəri isə yaralanıb.

1992-ci il oktyabrın 26-da Kanadanın Kalqari hava limanına enişə keçən “KLM B-747” təyyarəsi, fəsildən asılı olaraq isti ölkələrə köç etməkdə olan qaz sürüsü ilə çarpışır. Hadisə tam eniş sırasında baş verdiyi üçün təyyarə sağ-salamat yerə enə bilir.

1995-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus AWACS təyyarəsi, motora qazın girməsi səbəbindən yrə çırpılıb və 24 nəfər həlak olub.

1998-ci il yanvarın 9-da Hyustondan qalxan “Delta Airlines”a aid “B-727” təyyarəsi 6 min fut hündürlükdə, Kanadadan güneyə köç edən qaz sürüsünə çırpılır. Təyyarənin hər üç motoru, slatleri, radar bölümü və sair zərər görsə də, xoşbəxtlikdən salamat şəkildə yerə enə bilir.

2007-ci il aprelin 29-da Mançesterdən qalxan “Boeing 757-200 Thomson Fly” təyyarəsinin sağ motoruna quşlar girir. Bu zaman motor zədələnir, güclü partlayış baş verir və alov yüksəlir. Amma pilotlar cəld tərpənərək həmin motoru söndürür və və təyyarəni içindəki 221 sərnişinlə birlikdə sağ-salamat yerə endirirlər.

2008-ci il noyabrın 10-da “Ryanair”ə məxsus “Boeing 737-800” təyyarəsi, Romadakı Ciampino hava limanına enərkən quş sürüsü ilə toqquşur. Pilotlar təcili eniş edərək, bir az daha sərt formada təyyarəıni hava limanına çatdırırlar. Amma yerə sərt dəyən təyyarənin sol qanadında qopmalar olur və sol motor yerə sürtülərək qığılcımlar çıxarır. Xoşbəxtlikdən yanacaq çəni deşilmir və sərnişinlərdən xəsarət alan olmur.

2009-cu il yanvarın 15-də Şimali Karolina ştatına uçmaq üçün Nyu York hava limanından qalxan “US Airways”a aid “Airbus A 320” tipli təyyarə havalandıqdan az sonra qaz sürüsünə çırpılır. Təyyarənin hər iki motorunda ard-arda partlayışlar baş verir və yanğın çıxır. Pilotlar təxminən 3 min fut yüksəklikdə olan təyyarəni ən yaxın hava limanına belə çatdıra bilməyəcəklərini görüb Hudzon çayına endirirlər. Təyyarə xeyli müddət suda batmadığı üçün sərnişinlər maksimum sürətlə hava yastıqları geyindirilərək təxliyyə edilir. 146 sərnişin və 5 ekipaj üzvünün hamııs xilas edilir və onlar təyyarənin suyun dərinliklərinə necə batdığını gəmilərdən izləyirlər. ABŞ Hərbi Hava Qüvvələrində F-4 pilotu olaraq çalışan və təqaüdə çıxdıqdan sonra mülki təyyarə sürən plot kapitan Sullenberger Amerikada qəhrəman elan edilir və ona senator vəzifəsi təklif olunur.

Ümumiyyətlə, Amerika araşdırma quruluşlarından FAA bildirir ki, yalnız Birləşmiş Ştatların aviasiya tarixində quşların ölkəyə vurduğu ziyan 600 milyon dollardır.

Təkcə 2003-cü ildə ABŞ Hərbi Hava Qüvvələri 4300, mülki aviasiya isə 5900 quş çarpmasının heabatını verib. Məlum olub ki, quş çarpmalarıın 40 faizi təyyarə havaya qalxarkən, 10 faizi yenicə qalxdığı ərəfədə, 13 faizi uçuşu tamamladığı zaman, 35 faizi isə enərkən baş verib. Yəni məlum qəzaların 75 faizi eniş-qalxış zamanı yaşanıb. FAA-nın araşdırmasına görə, 1989-1991-ci illər arasında 1556 təyyarənin həyata keçirdiyi 3163000 uçuş əməliyyatı nəticəsində sadəcə 644 motora quş girməsi hadisəsi təsbit edilib. Bu da hər 10 min uçuşda 2,04 hadisə deməkdir.

Onu da bildirək ki, quş sürüləri çox böyük olanda radarda görünür və bu zaman təyyarə səmtini yana dəyişə bilir. Amma təəssüf ki, bu əksər vaxt olmur. Təyyarələrin gövdə, motor və şüşələri quş çarpmalarına qarşı dayanıqlı hazırlansa da, təəssüf ki, sürət öz sözünü deyir və hətta 6 sm qalınlıqda koplit şüşələr bələ quşun zərbəsinə dözməyərək sınır.

Açıqlamaya görə, indiyədək təyyarələrin quşla qarşılaşması hadisəsi ən yüksək olaraq 39 min futda baş verib. Bu hadisəni törədən quşların qaz, durna və ya qartal olduğu ehtimal olunur. Çünki qaz və durnaların köç edərkən Himalay silsiləsinin üstündən də uçduğu bəllidir. Adi qaydada isə quşlar köç edərkən yaşanan toqquşmaların arealı 10-20 min futdur.

2008-ci il sentyabrın 13-də axşam saat 20:20-də Adana hava limanına enmək istəyən TK 471 səfər saylı “Boeing-738” tipli sərnişin təyyarəsi quşla çarpışmışdı. Bu zaman təyyarədə futbol topu böyüklüyündə deşik açılmışdı. Amma pilotların sayıqlığı nəticəsində təyyarə sağ-salamat yerə endirilib.

Bənzər hadisə İstanbul Hava limanında da yaşanmışdı. 2009-cu il yanvarın 26-da Kopenhagenə uçmaq üzrə havaya qalxan təyyarə qısa vaxt sonra qağayı sürüsü ilə qarşılaşıb. Zədə yarandığını görən pilot təyyarəni bir motoru işlətməklə hava limanına endirib.

Elə bu yaxınlarda Ural hava yollarına aid, 226 sərnişin daşıyan “Airbus A321” təyyarəsinin Moskva yaxınlığında quş sürüsünə tuş gəldiyini xatırlayaq. Sadəcə azərbaycanlı pilot-kapitan Yusup Dəmirovun məharəti sayəsində təyyarəni qarğıdalı sahəsinə endirmək mümkün olmuşdu və təbii ki, sərnişinlər sağ-salamat qurtulmuşdu.

Ümumiyyətlə, quş çarpmalarının 80 faizdən çoxu min metrdən aşağıda, daha çoxu isə 0-500 metr arasında baş verir.

Aparılan araşdırmalara görə, quş sürülərinin müxtəlif istiqamətlərə köç etdiyi xüsusi yollar mövcuddur. Çünki bu qanadlı varlıqlar adətən dəniz üzərindən az hallarda uçarlar. Ona görə də, məsələn, Qara dənizin üstündən uçmamaq üçün quş sürüləri adətən ya İstanbul boğazı üzərindən sola burulub Bolqarıstan və Rumıniya üzərindən hərəkət edərlər, ya da sağ sahillər – Qafqaz səmasından keçməklə. Xüsusilə nəzərə alınsa ki, Qafqaz qərdən Qara dəniz, şərqdə isə Xəzər dənizi ilə əhatə olunur, bu zaman quş sürülərinin bu bölgədə hərəkətinin çox sıx olduğu aydınlaşır. Hətta o da məlumdur ki, Şərqi Avropa və Asiyanın 30 ölkəsini əhatə edən quş sürüləri 182 cinsi özündə cəmləyir. Hansı ki, bu quşlardan yalnız 29 cins təyyarələr üçün çox da təhlükəli sayılmır.

Yalnız 1960 – 2010-cu illər arasında qalan 50 il ərzində 160, 2001 – 2010-cu illər ərzində isə 49 mülki təyyarə quşlarla toqquşaraq istifadəolunmaz hala düşüb.

Bir maraqlı fakt da budur ki, çoxları balaca bir quşun təyyarəyə necə ciddi zərər verə biləcəyini düşünə bilmir. Amma qeyd edək ki, burada son sözü sürət deyir. Baxın: saatda 150 mil və ya 240 km sürətlə uçan təyyarəyə çırpılan 5 kiloqramlıq qaz 450 kiloqram zərbə effekti yaradır.

ABŞ Federal  Aviasiya Təşkilatı tərəfindən 2016-cı ilin noyabrında yayımlanan 22 saylı hesabatda göstərilib ki, yalnız Amerika təyyarələri 1990 – 2015-ci illər arasında ümumilikdə 24 min dəfədən artıq quşlarla qarşılaşıb. Təxminən 14287 çarpışmada təyyarələrə zərər dəyib. Bunlardan 3580 hadisə təyyarələr xarici ölkələrə uçarkən baş verib ki, bu olaylarda 358 təyyarə zədə alıb. Quşlarla toqquşma hallarının 1562-si gecə isə saatlarında baş verib.

Hesabatda o da qeyd olunur ki, hər ötən il ərzində quşlarla toqquşma halları artmaqdadır. Məsələn, 1990-cı ildə cəmi 1847 belə hal baş verdiyi halda, iki il əvvəl eyni hadisələrinin sayı 14 minə yüksəlib.

O da qeyd olunur ki, illər üzrə ən çox quşla çarpışma olayı 2015-ci ildə yaşanıb – 13795 dəfə. Ən çox ziyanla nəticələnən çarpışma isə 2000-ci ildə olub - 762 dəfə. Çarpışan təyyarələrdən 24610-u yerdən 500 metr məsafədə - eniş və ya qalxış zamanı toqquşub ki, bu ümumi qəzaların 31 faizi deməkdir. 500-1500 metr arasında 8810 hadisə qeydə alınıb və bu da ümumi oayların 11 faizinə bərabərdir. 1500-2500 metr arasında 4607 hadisə yaşanıb ki, bu da 6 faiz deməkdir. 2500-3500 metr yüksəkliklərdə olan qəzaların sayı isə 3361-ə bərabərdir - 4 faiz.

Araşdırmalar zamanı o da bəlli olub ki, quş çarpışmalaının 4 faizi səhər gün doğarkən, 62 faizi gündüz, 5 faizi axşamüstü, hava qaralanda, 30 faizi gecə və hətta yarasalarla toqquşmaların 81 faizi gecə baş verib. Yəni sadəcə gecələr quşla çarpışma nəticəsində 31 min təyyarə qəzası yaşanıb.  

ABŞ-da illik quş çarpışmalarının sayı 941-ə çatır ki, bu da ölkə xəzinəsinə ildə 191 milyon dollar zərər verir. Amerikada ən çox quşla çarpışma halı 2014-cü ildə yaşanıb – 1456 dəfə. Bu kimi halların Birləşmiş Ştatlar büdcəsinə ən çox ziyan vuran il isə 1995-ci ildir – 485 milyon dollar zərər.

Qısası, təyyarələrin quşlarla çarpışması və təbii ki, qəzaya uğraması gözləniləndir. Dünyanın hər yerində bu cür hallardan yayınmaq üçün uzun illərdir yollar aranır. Amma təəssüf ki, hələ də çıxış yolu sadəcə səbr etməkdir...