İctimai Palata yürüşə hazırlaşır

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
İctimai Palata 18 oktyabr Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyi ilə bağlı bayram yürüşünə hazırlaşır. İP-dən verilən məlumata görə, bayram yürüşü oktyabrın 16-da deyil, 18-də keçiriləcək. “Bir neçə gündür ki, mediada İctimai Palatanın bayram yürüşünün vaxtının oktyabrın 16-na dəyişildiyi barədə yanlış informasiya yayılır. İctimai Palata tədbirin vaxtını dəyişməyib. Bayram yürüşünün bayram günü - oktyabrın 18-də saat 15-dən 17-dən keçirilməsi nəzərdə tutulub. Bayram yürüşünə şərait yaradılması üçün oktyabrın 7-də Bakı Şəhər İcra Hakimiyyətinə göndərilən rəsmi məktuba, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Ədalət Yusibov və digərləri imza atıb. Həmin rəsmi məktubda bayram yürüşünün oktyabrın 18-də saat 15-dən 17-dək keçiriləcəyi qeyd olunub. Məktubda bayram yürüşü üçün 4 marşrutdan birinin ayrılması istənilir: “Metronun “28 May“ stansiyasının qarşısından Azadlıq meydanına (Puşkin küçəsi ilə hərəkət etməklə); Təbriz küçəsinin başlanğıcından “Nərimanov“ kinoteatrına (Təbriz küçəsi ilə hərəkət etməklə); Bəhramgurun heykəlinin qarşısından Bayraq meydanına; metronun “20 Yanvar“ stansiyasının yanından “Qələbə“ kinoteatrının qarşısından keçməklə keçmiş Musabəyov parkına (H.Zərdabi küçəsi və Mətbuat prospektini keçməklə). Məktuba hələ cavab verilməyib“. Bayram yürüşündən əvvəl saat 12:00-da Şəhidlər Xiyabanı və Fəxri Xiyabanda milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin məzarı ziyarət ediləcək.
Əli