Ruhaninin evinə dronla hücum edildi - Günün təzadları

19:13 09.12.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İraq ruhanisi Moqtəda əl-Sədrin evini şənbə silahlı dron hədəf aldı.  Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə,  bu, onun tərəfdarları olan 17 etirazçının ölümü ilə nəticələnən hücuma cavab olaraq Bağdada getməsindən bir neçə saat sonraya təsadüf edib. Bu hadisə İraqda oktyabr ayından bəri davam edən hökumət əleyhinə etirazlarda narahatedici dönüş nöqtəsidir. Paytaxtın  Təhrir Meydanında toplaşan əsasən gənclərdən ibarət etirazçılar uzun müddətdir vəziyyətin xaosa çevriləcəyindən narahat idilər. Cümə günü isə onların narahatlıqlarının əbəs olmadığı ortaya çıxdı. Gecə düşəndən sonra silahlılar etirazçıların paytaxtın Əl-Sinek körpüsü yaxınlığında həftələrdir qaldığı binaya hücum edib. Şahidlər deyir ki, hücumçular etirazçıları atəş açaraq binadan qovarkən körpüdə yerləşdirilən təhlükəsizlik qüvvələri müdaxilə etməyib. Tibb işçiləri “AFP”yə bildirib ki, azı 17 nəfər öldürülüb, onlarla insan yaralanıb. Təcili tibbi yardım maşınları güllə və bıçaq yarası alan yeniyetmələri yaxınlıqdakı xəstəxanalara çatdırıb. Nümayişçilər küçələrə axın edib və sosial media vasitəsilə insanları onların əsas toplaşdığı məkan olan Təhrir Meydanına gəlməyə çağırıb. Şənbə səhəri meydana yüzlərlə insan toplaşıb.

 

Şagirdləri Atatürkə səcdəyə vadar edən direktorlar işdən qovuldu

Türkiyədə Atatürkün növbəti anım günündə  bəzi məktəblərdə icra edilmiş və siyasi bütpərəstlik anlamına gələn ifrat bayağı tədbirlər qalmaqala səbəb oldub.  Hafta.az Moderator.az-a istinadla  xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, İstanbuldakı Hasan Özaydın, Fatma Şensoy ibtidai məktəblərində  və digər bir neçə təhsil ocağında Türkiyə Respublikası qurucusunun 10 noyabr anım günündə məktəb rəhbərliyi və müəllimlər şagirdləri Atatürkün təsvirləri qarşısında nəinki baş əyməyə, başlarını yerə qoyub səcdə etməyə vadar ediblər. Bu barədəki xəbərlər Türkiyənin istər əksər  siyasi, istərsə də dini kəsimi tərəfindən hiddətlə qarşılanıb.  “TRTHaber”in verdiyi son məlumata görə, ölkə Təhsil Nazirliyinin qərarı ilə bəhs edilən  məktəblərin direktorları vəzifələrindən azad edilib...

 

“İSRplaza”nın baş aşpazı narkotik alverçisi kimi tutuldu

Paytaxtda külli miqdarda narkotik əldə etməkdə və satmaqda ittiham edilən şəxs hakim qarşısına çıxarıldı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satmaqda ittiham edilən 1980-ci il təvəllüdlü Bahadur Axundovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Bahadur Axundov ilk dəfədir məhkumluq həyatı yaşayır. O, uzun illər Moskvada yaşadığını və orada qeyri-rəsmi münasibətdə olduğu xanımdan iki azyaşlı övladının olduğunu deyib. Axundov Moskvada məşhur restoranlarda aşpaz işlədiyini, bir müddət əvvəl isə Bakıya qayıtdığını söyləyib. O, Bakıdakı məşhur "ISR plaza"da da baş aşpaz işlədiyini deyib. Qeyd edək ki, B.Axundov Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə və satma) maddəsi ilə ittiham edilərək həbs edilib.

 

Bakıda bağırsaqları çöldə doğulmuş körpə xilas edildi

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında daha bir ağırlaşmış hamiləlik anamnezinden doğulmuş körpənin müalicəsi uğurla nəticələndi. Hafta.az xəbər verir ki, bu haqda Musavat.com-a ATU-nun mətbuat xidmətindən bildirilib.  Klinikanın neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı bildirib ki, uşaq qeyseriyyə yolu ilə vaxtından əvvəl – 32-33 həftəliyində 1,8 kq çəki ilə dünyaya gəlib. “Hamiləlik zamanı başqa klinikada dəfələrlə müayinələrdə olmasına baxmayaraq, dölün bətndaxili diaqnozu elə bizim TCK-da qoyulub. Belə ki, hamiləliyin 30-cu həftəsində qastroşizis diaqnozu qoyulub”. Qastroşizis - inkişaf qüsurudur. Qarının ön divarında, göbək ətrafında əzəlı qatı bətn daxilindən defektiv olduğundan, bağırsaqlar qarın boşluğunda deyil, xaricdə olur. A.Rüstəmxanlı bildirib ki, bu cərrahiyyə əməliyyatı çox mürəkkəbdir. Dölyanı suyun cox olması, dölün bətndaxili inkişafının zəifləməsi ilə yanaşı, ürək döyüntülərinin və hərəkətlərinin zəifləməsi müşahidə olunduğundan, körpənin sağ qalması ücün hamiləliyin 32-33-cü həftəsində sonlandırılması qərara alınıb. Cərrahi əməliyyatdan sonra balaca ATU TCK-nın neonatologiya şöbəsində müalicə alıb.  “Antibakterial, infuzion terapiya aparılmış, hissəvi parenteral qidalanma 9-cu günündən etibarən ana südü olmaqla tam enteral qidalanmaya keçirilib. Göründüyü kimi körpəmizdə gözlənilən heç bir fəsad olmayıb. Dekabrın 2-də körpə çəkisini artıraraq sağlam vəziyyətdə evə yazılıb”.

 

Bərdədə ruhi xəstə dükan sahiblərini hədələyib pul aldı

Ruhi xəstə mağaza sahiblərinə kəsici alətlə hədə-qorxu gələrək pul aldı. Hafta.az yazır ki, bu barədə "Report"a DİN Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, dekabrın 7-də Bərdə rayonunun Güloğlular kəndi ərazisində yerləşən bazardakı mağazalardan birinə gələn şəhər sakini, ruhi xəstə R.Abbasovun mağaza sahibini kəsici alətlə hədələyib 15 manat pulunu alması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülən tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən R.Abbasov saxlanılıb. Araşdırmalarla onun həmin gün qeyd edilən bazarda digər mağaza sahibini də eyni üsulla hədələyərək pul tələb etməsi də müəyyən edilib. Araşdırma aparılır.

Oxunma sayı 30