Rumıniya Dili və Mədəniyyəti Mərkəzi online formada yubiley tədbiri keçirib

17:42 23.06.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Rumıniya Dili və Mədəniyyəti Mərkəzinin yaradılmasının üç illiyi ilə əlaqədar videokonfrans keçirilib. Yubiley tədbirinin təşkilatçısı Rumıniya Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Jozefina Blazsani-Batto olub.

Hafta.az yazır ki, yubiley konfransı Covid-19 pandemiyası səbəbilə məhdudiyyətlər fonunda – online formada baş tutub. Ona görə də dəvət olunan qonaqlar tədbirə olduqları məkandan online formada qatılıblar. Bildirilib ki, Rumıniya Dili və Mədəniyyəti Mərkəzi açıldığı 2017-ci ildən bəri Rumıniya Dillər İnstitutu və səfirliyin aktiv dəstəyi ilə xeyli inkişaf edib. Mərkəzin əsas məqsədi rumın dili və mədəniyyətini Azərbaycanda tanıtmaq, təbliğ etməkdir.

Tədbirdə Rumıniya mədəniyyətinə, incəsənətinə nəzər salınıb, məşhur rumın şairləri Ruxandra Kesereanu, Mircea Petean, Emilia İvanku və Liviu Mațaoanunun yaradıcılığı izləyiciləri heyran edib, tələbə Gülşən Atakişiyeva tərəfindən Ana Blandiananın poeziyasından seçmələr səsləndirilib. Təsviri sənət incəsənət sahəsində teatr aktyorları və rejissorlar (Aleksandra Tarke, Miriam Kuybus, Kluj-Napoka Milli Teatrından Andreea Yakob) tərəfindən səsləndirilən fikirlər maraqla qarşılanıb. Musiqi sahəsində fikirləri isə dünya şöhrətli Rumıniya caz ustası Virgil Mihayu paylaşıb. O, Rumıniya cazı ilə yanaşı Azərbaycan muğamından da söz açıb və bu iki sənət sahəsi arasında bağlantıları qeyd edib.

Tədbir çərçivəsində Jalə İsmayılın "Romani-Azerbaidjan: două kulturi" (Rumıniya və Azərbaycan: iki mədəniyyət, hüdudsuz fürsətlər) kitabının təqdimatı da baş tutub.

Oxunma sayı 7517