Rus deputat Yeni ilin alkoqolsuz da qarşılana biləcəyini dedi – Günün təzadları

18:48 30.12.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rus həkimlər Rusiya vətəndaşlarını təkidlə Yeni ili alkoqolsuz bir məclislə qarşılamağa çağırdı. 

Hafta.az Moderator.az-a istinadla xəbər verir bu haqda "İnterfaks” məlumat yayıb. Dövlət Dumasının sağlamlığı qoruma komitəsinin üzvü psixiatr Boris Mendeleviçin sözlərinə görə, Yeni ilin girişi ilə yeni bir həyat qurmaq istəyənlər spirtli içki içməkdən imtina etməyi tələb edən sağlam bir həyat tərzi sürməlidir. Mütəxəssis bayramların  alkoqolsuz da şən qeyd edilə biləcəyini vurğulayaraq deyib:

 “Sadəcə,  ruhunuza uyğun başqa bir əyləncə tapmalısınız. Bu, küçədəki qış oyunları, ailə ilə stolüstü oyunlar, rəqslər və s. ola bilər. Eyni zamanda spirtli içki yalnız  sağlamlığa ziyan vurmur. Bu zərərli adət alkoqol içən valideynlərini seyr edən uşaqlara son dərəcə mənfi təsir göstərir və onlarda gələcəkdə də bayramları spirtli içkisiz keçirməyin mümkün olmaması kimi əcaib bir assosiasiya yaradır”. 

Sonda psixiatr alkoqollu bir ziyafətin infarkt kimi qəfləti  patoloji hallara yol aça biləcəyini, sərxoş bir insanın başqaları üçün xüsusən də avtomobil sürməyə qərar verəcəyi halda təhlükə yaradacağını xatırladıb.

 

Almaniyada azərbaycanlılar arasında kütləvi dava oldu

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində Almaniyanın Bavariya əyalətində yerləşən deportasiya mərkəzində azərbaycanlılar arasında baş verən davada bir nəfər xəsarət aldı. Hafta.az yazır ki, bu barədə “Report”un Avropa bürosuna Almaniyanın Federal Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, dekabrın 29-da saat 19:50 radələrində sığınacaq axtaranların deportasiyası üçün nəzərdə tutulan Deggendorfdakı qaçqın düşərgəsində 35 və 20 yaşlı azərbaycanlı arasında mübahisə yaranıb. 35 yaşlı azərbaycanlı qonşu otağa gedərək 20 yaşlı həmvətənini döyüb. Nəticədə sonuncu göz nahiyəsindən xəsarət alıb. Davaya daha iki azərbaycanlı da qoşulub. Hadisə yerinə gələn polis əməkdaşları onları saxlayıb. Xəsarət alan şəxs Deggendorfdakı hospitala aparılıb. Xəstəxanadan “Report”a bildirilib ki, yaralı azərbaycanlıya ilkin tibbi yardım göstərildikdən sonra təzədən düşərgəyə qaytarılıb. Deggendorf şəhər polisindən isə vurğulanıb ki, saxlanılan şəxslərin ilkin ifadələri alındıqdan sonra sərbəst buraxılıblar.

 

Ağdaşda Yeni il “yolkası” yanıb kül oldu

Ağdaşda Yeni il bayramı üçün quraşdırılan süni şam ağacı yandı.

Hafta.az xəbər verir ki, Trend-in məlumatına görə, hadisə ötən axşam saat 19 radələrində rayon mərkəzində qeydə alınıb. Yeni il üçün quraşdırılan 10 metrlik şam ağacı yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunublar və digər ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən təstiqlənib və yanğının səbəbləri araşdırılır.

 

Türmələr şəhəri” Maqadanda ilk məscid açıldı

Uzaq Şərqin adı çəkiləndə gözümüzün önünə sovet dövrünün repressiyaları, sürgünləri, “qanuni oğrular” gələn şaxtalı-sazaqlı, “türmələr şəhəri” sayılan Maqadan şəhərində ilk məscid açıldı.

Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki, ikimərtəbəli bina Rusiyanın Asiya hissəsi Müsəlmanları Ruhani İdarəsinin(RAMRİ) dəstəyi ilə şəhərin müsəlman icması  tərəfindən satın alınıb.  

Ötən cümə günü məbəddə 100-dən çox möminin toplandığı ilk cümə namazı qılınıb.  İcma hər həftə ziyarətçi sayının artacağını gözləyir. 

Bu yaxınlarda  RAMRİ-nin təşkilatları Uzaq Şərqin bir sıra şəhərlərində, o cümlədən Yakutiya və Kamçatkada namaz məkanları açıblar. Petropavlovsk-Kamçatskda da cümə namazı qılınması üçün böyük bir bina alınıb.

 

Zabratda sürücü həyat yoldaşının ölümünə səbəb oldu

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi. Hafta.az yazır ki, Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, hadisə dekabrın 29-da saat 14 radələrində Zabrat qəsəbəsi ərazisində qeydə alınıb.

Sabirabad rayon sakini O.Kərimovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini N.Məmmədovun idarə etdiyi “London Taxi” markalı avtomobillər toqquşub. Nəticədə O.Kərimovun sərnişini olan arvadı Gülxar Səməd qızı hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 43