Rus müğənni toyda Azərbaycan mahnısı oxudu- Günün təzadları

18:44 16.12.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bakıda dəbdəbəli toy mərasimində maraqlı olaylar baş  verdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, "Buta Palace"da baş tutan toyda Rusiyanın populyar müğənniləri Leonid Aqutin, Anjelika Varum, sirk ustaları, həmçinin, Xalq artistləri Röya Ayxan, Aygün Kazımova, Miri Yusif çıxış edib.  Gecənin aparıcısı Xəyyam Nisanov olub. Məclisdə diqqət çəkən məqamlardan biri  rusiyalı müğənni Leonid Aqutin ilə Xəyyamın duet oxuması olub.  Aqutin Xəyyamla birlikdə Azərbaycan mahnısı ifa edib.

 

Paytaxtda sərnişin dayanacaqda dünyasını dəyişdi

Bakıda ölüm hadisəsi baş verdi.  Hafta.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Səməd Vurğun parkı yaxınlığında qeydə alınıb. Ərazidəki dayanacaqda avtobus gözləyən ortayaşlı kişi qəfildən yıxılaraq canını tapşırıb. Hadisə yerinə polis və təcili tibbi yardım çağırılıb. İlkin məlumata görə, sərnişin ürək çatışmazlığından vəfat edib. Ölümün dəqiq səbəblərini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib. Faktla bağlı araşdırma aparılır.

 

Polis maşınını mollaya “dualadıb” kəmərsiz gəzdi

Sükan arxasında   kəmər bağlamaması səbəbindən  yol polisi tərəfindən saxlanılan bir sahə müvəkkili bunu maşınının “molla tərəfindən dualanması ilə” izah etdi. Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki, Tatarıstanda baş vermiş bu əndrəbadi olay haqqında Rusiyanın “Polis ombudsmanı” teleqram-kanalı məlumat yayıb.   Sahə müvəkkili rəhbərliyə yazdığı izahatda avtomobilinin “molla tərəfindən dualandığı üçün”  kəmərsiz gəzdiyini bildirib. Onun sözlərinə görə, “Vaz-2107” markalı avtomobilin kraş-testindən bəlli olub ki,  bu maşında qəza zamanı sürücünün sağqalma, şansı demək olar ki, yoxdur. Odur ki,  polis öz maşınını məşhur mollalardan birinə “dualadıb”. Və indi hesab edir ki, mollanın duası kəmərdən daha etibarlıdır. Sahə müvəkkilinin bu davranışı sosial şəbəkələrdə gülüşlə qarşılanıb.

 

Lerikdə ruhi xəstə maşın qaçırdı

Lerik rayonunda ruhi xəstə avtomobil qaçırdı. Hafta.az yazır ki, bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Lerik Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 15-də Divağac kəndi ərazisindən kənd sakini C.Ağayevin “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Şonayçola kənd sakini, ruhi xəstə E.Məhərrəmov saxlanılıb. Lerik RPŞ tərəfindən araşdırma aparılır.

 

Lökbatan Uşaq Yaradıcılıq Mərkəzində partlayış oldu

Lökbatanda yerləşən Uşaq Yaradıcılıq Mərkəzində bazar ertəsi səhər saatlarında partlayış baş verdi. Hafta.az-ın verdiyi xəbərə görə,  Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, Təcili Tibbi Yardıma saat 10:14-də məlumat daxil olub. Hadisə yerinə 3 Təcili Yardım briqadası çıxıb. Həkimlər mərkəzdən 50 yaşlı qadın müəllimi götürüblər. Sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllim 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb. Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib.

Oxunma sayı