“Rusdillilərin özünü Azərbaycanın elitası sayması təhlükəli haldır...” – Müsahibə

12:37 24.09.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Başladım bir-bir idarələrdən rusdilli, xalqımıza üstdən aşağı baxan yad millət nümayəndələrinin ad-soyadlarını öyrənib toplamağa... Ad-soyadlara fikir verin: Reytabel İziya,  Sukerman Laza, Yelena Kodak, Şevtsov, Vısoçenko, İqonin və s.

Son dövrdə Azərbaycanda rus dilinin tədrisinin miqyası, rusdilli məktəblərin  qalıb-qalmaması müzakirəsi də aktual məsələlərdəndir.

Mövzu ilə bağlı suallarımızı sovet dövründə də orqanlarda o zaman çoxluq təşkil edən “rusdilli” adlanan ermənilərin və digər millət nümayəndələrinin  əhatəsində  çalışmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, polkovnik Mehman Mehmanov cavablandırıb.

 

-Mehman müəllim, sovet dövründə Azərbaycanın hüquq-mühafizə orqanlarında çalışmısınız. Eyni zamanda DİN-in orqanı olan “Mübariz keşikdə” qəzetində jurnalist kimi işləmisiniz. O dövrün bəzi Azərbaycan türklərini belə, milli köklərdən uzaqlaşdırmış rusdilli mühiti ilə indiki arasında hansı fərqlər var?..

- Bəli, sovet dövründə Azərbaycanda, xüsusən Bakıda həddən artıq ruslaşmış, kosmopolitləşmiş bir mühit fəaliyyət göstərirdi.  O zaman şəhərdə ruslardan əlavə, ermənilər də çox idi ki, onlar da rusdilli auranın formalaşmasında böyük rol oynayırdı... Amma təəssüf ki,  bu gün müstəqil dövlət olduğumuz, rusların bir hissəsinin, ermənilərin də çoxunun paytaxtımızdan köçüb getməsinə rəğmən yenə də azərbaycanlılar arasında rusca ünsiyyət qurmağa meyillilik çox güclənib və o dövrdə olduğu kimi, indi də rusdilli kütlənin müəyyən hissəsi doğma Azərbaycan dilində danışan əksəriyyətə üstdən aşağı, təkəbbürlə, hətta bəzən ikrah hissi ilə baxırlar... Sanki onlar özlərini ölkənin elitası kimi görürlər...

Qətiyyən rus dilinin öyrənilməsinin əleyhinə deyiləm. Rus dili zəngin dildir... Amma Azərbaycanlı olub, Azərbaycanda yaşayan türk, kürd, ləzgi, talış, avar və s. olub bu dili bilməni bir üstünlük, alilik kimi təqdim etmək, özün öz  doğma dilini unudaraq rus dilini bilməyənləri aşağılamağa çalışmaq çox yaramaz bir haldır və xalqın öz soykökündən uzaqlaşmasına xidmət edən bir amildir...

Bilirsiniz ki, ruslar özü hələ XVIII-XIX əsrlərdə fransız dilini öyrənmək eşqinə düşmüşdü. Onlar Fransadan gələn gəmiləri gözləyirdilər... Gələnlərin çoxu da fransız dəlləklər, hamamçılar, dəmirçilər və s. olurdu. Onlar guya ruslara fransız dilini öyrətməyə məşğul olurdurlar. Bu minvalla fransızca yarı-yarımçıq bir neçə kəlmə qırıldadan ruslar özlərini “elita” hesab etməyə başlayırdılar...

1920-ci illərdə isə səhv etmirəmsə,  bolşevik inqilabçı Qəzənfər Musabəyovun bir anormal şüarı qəzetlərin manşetinə çıxarılmışdı: “Mı Rossii neft kaçay, Rossiya nam kultura kaçay!..” Yəni “biz Rusiyaya neft verək, Rusiya da bizə mədəniyyət versin...” Rusiya qədim bir mədəniyyətə malik, “Avesta”ya, “Dədə Qorqud”a, Nizamiyə, Füzuliyə və s. sahib bir xalqa hansı mədəniyyəti öyrətməli idi ki? Biz öz mədəni nailiyyətlərimizi, öz gözəl dilimizdə yazılan şeirləri, dastanları nədən kənara atıb yalnız özgə ədəbiyyat və mədəniyyətləri üstün sayaraq onları əxz etməliyik?.. Təəssüf ki, bir əsr keçsə də, kosmos, yüksək texnologiya, süni intellekt əsrində yaşasaq da, bəzi soydaşlarımızın öz xalqına, dilinə, mədəniyyətinə baxışı dəyişməyib....

- Buna əsas səbəb nədir, sizcə?

-Sovet dövründə mən şahidi oldum ki, Azərbaycanda rusdillilərin sayının artmasında ən böyük rol oynayan amillərdən  biri bəzi yüksək vəzifədə olanların ruslara, Moskvaya yarınması və öz xalqımıza üstdən aşağı baxması idi... Təxminən 1989-cu ildə qulağımla eşitdim ki, adını çəkmək istəmədiyim, sonradan nazir müavini olmuş bir vəzifəli şəxs rəhbəri olduğu şöbəyə kadr axtararkən  başqa birinə deyir ki, ya rus olsun,  ya yəhudi olsun, nəsə azərbaycanlı olmasın... Məhz  belələrinin sayəsində özümün çalşdığım DİN-də də yad millət nümayəndələrinin sayı artmağa başlayırdı... Belə olayları müşahidə etdikcə Vətənini, xalqını sevən bir cavan zabit,  həm də jurnalist kimi qərara gəldim ki, bu məsələyə bir əncam çəkmək lazımdır...

-Konkret nəsə etdinizmi?

-Bəli, dediyim kimi,  həmin illər müşahidə edirdim ki, bir sıra hökumət strukturlarında, o cümlədən DİN-də günəbaxan günəşə baxan kimi daim Şimala, Moskvaya baxan əməkdaşlar xeylidir. Və bunların hamısının rütbəsi, vaxtlı-vaxtında artırılır, pillə-pillə vəzifələrə irəli çəkilirlər... Özü də elə bir vaxtda ki, bizim milislər könüllü cəbhəyə, qanlı döyüşlərə yollanır, bunlar isə burada kef çəkə-çəkə  kürsülərə yiyələnirlər... Başladım bir-bir idarələrdən rusdilli, xalqımıza üstdən aşağı baxan yad millət nümayəndələrinin ad-soyadlarını öyrənib toplamağa... Ad-soyadlara fikir verin: Reytabel İziya,  Sukerman Laza, Yelena Kodak, Şevtsov, Vısoçenko, İqonin və s. Həmin siyahını makinada yazdırıb verdim “Azadlıq” qəzetinə.  Məqalədə vurğulanırdı ki, xalqımıza təkəbbürlə baxan, dinimizə, dilimizə tamamilə yad adamlara DİN-də xüsusi qayğı göstərilir. Əsas işləri görən, cinayətkarlıqla real mübarizə aparan, səngərlərdə düşmənlə savaşan əsl azərbaycanlılar isə ən arxa cərgələrə atılır. Həmin yazı o dövrdə bomba kimi partlayıb sensasiya yaratdı... O vaxt milli hissləri coşmuş xalq o məqalədə adları çəkilənlərin evlərinə hücum etmək istəyirdi... Həmin yad kadrların arasında ermənilər də çox idi... Təsəvvür edirsizmi, 1991-ci ilədək Azərbaycan SSR DIN-in Kadrlar İdarəsində komplektləşdirmə şöbəsinin, yəni bütün əməkdaşların təyinatında əsas rol oynayan şöbənin rəisi erməni qadın Amaliya Kasparova Qaykovna idi…DİN-in Baş Cinayət Axtarış İdarəsində bölmə rəisi Mandulyan idi…  1985-1986-cı illərdə DİN-in nəzdində Mühafizə idarəsinin rəis müavini Artyom Xaçaturoviç Poqosyan olmuşdu... Aşağı vəzifələrdə də, vaxtyor işində belə, ermənilər çalışırdı…

O vaxt çoxları məndən şübhələnməyə, adları çəkilənlər mənə çəpəki baxmağa başladı. Bunu özümün etməyim haqda təkcə  müstəqillik illərində nazir müavini olmuş rəhmətlik Zahid Dünyamalıyevə danışdım. O zaman o, əməliyyat-statistika idarəsinin rəisi işləyirdi. Kabinetinə daxil olub dedim ki, Zahid müəllim belə bir iş etmişəm... O da mat-məəttəl baxdı mənə, ancaq başı ilə işarə etdi ki, yaxşı etmisən...

Mən ermənilərdən savayı, digər millətlərin Azərbaycanda yaşamasının, işləməsinin əleyhinə deyiləm. Ancaq məsələ ondadır ki, aşına-aşına ocaq başına gəlmək kimi olmamalı, belələri xüsusi bir  təbəqə kimi bəslənməməlidir... Halbuki, o illərdə kadrlar üzrə nazir müavini mütləq qaydada rus olmalı idi. Məsələn,  Şevtsov, İqonin kimilər. Nazirin birinci müavini Vısoçenko idi... Məhz rəhbər orqanlardakı belə hallar  rusdilli mühitin bu gün də güclü qalmasına gətirib çıxarıb... Bu gün də rusdillilərin özünü Azərbaycanın elitası sayması təhlükəli haldır... Bu, Qarabağın azadlığı məsələsində də bizə əngəl ola bilər...

-Bəs rusdilli orta məktəblərin bağlanıb-bağlanmamasına münasibətiniz necədir?

-Hesab edirəm ki, rusdilli məktəblər konkret olaraq bağlanmalıdır... Çünki həmin məktəbləri bitirən Azərbaycan övladları da yalnız rusca danışmır, həm də rusca düşünürlər... Bizim üçün ən qorxulusu, Rusiyanın imperiyapərəst dairələrinə isə çox sərf edən məhz bu haldır... Eyni zamanda rusdilli məktəblərin bağlanması ingilisdilli məktəblərin də göbələk kimi çoxalmasına gətirib çıxarmamalıdır...  Məgər Rusiyada, yaxud Britaniyada Azərbaycan dilində çoxsaylı məktəblər açılırmı?..  

 Bir sözlə, xalq olaraq ilk növbədə özümüz öz dilimizə, mədəniyyətimizə və s. hörmətlə yanaşmalıyıq ki, başqalarından da hörmət umaq...

Oxunma sayı 1098