Saatlı rayon Qara Nuru kənd orta məktəbindən şikayət var

19:33 15.07.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Bölgələrdə kənd məktəblərində müəyyən problemlərin olduğu zaman-zaman mətbuatda işıqlandırılıb. Bu dəfə isə şikayət Saatlı rayon Qara Nuru kənd orta məktəbi ilə bağlıdır. Şikayəti ünvanlayan isə həmin kəndin dil-ədəbiyyat müəllimi Qabil Məhərrəm oğlu Aslanovdur. 

Onun sözlərinə görə, məktəb təlim-tərbiyə verən təhsil ocağıdır. Belə təşkilata rəhbər təyin olunanda həmin adamın şəxsi keyfiyyətləri, dərsə münasibəti, nüfuzu nəzərə alınmalıdır:

«Saatlı rayonu Qara Nuru kənd tam orta məktəbinə Tapdıq Məmmədov direktor təyin olunanda, bu göstəricilər nəzərə alınmayıb. Həmin məktəbin direktor vəzifəsi vakant göstərilmədiyi halda, bu adam məktəbə direktor təyin edilib. T.Məmmədov direktor təyin olunduğu gündən məktəbə şəxsi əmlakı, müəllimlərə nökər kimi baxır. Məktəbi Təhsil Nazirliyinin yox, öz qanunları ilə idarə edir. Direktor müəllimlərlə kobud rəftar edir və etika qaydalarını gözləmir. Qadın müəllimləri belə təhqir edir”.

Onun sözlərinə görə, təhsil ocağında problemlər tək bununla da yekunlaşmır. Belə ki, direktor T. Məmmədov diaqnostik qiymətləndirmədə həddindən artıq zəif nəticə göstərmiş müəllimlərə 34-35 saat dərs verir. Lakin bu qiymətləndirmədən yüksək bal toplayan müəllimlərin əksəriyyətinin dərs yükü azaldılır: «Mən dil-ədəbiyyat müəllimi kimi, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərdiyim halda, məktəbin rəhbərliyi 2018-2019 tədris ilində sentyabr ayının 17-də mənə dərs vermədi, dərs dediyim sinifləri əlimdən aldı. Amma məsələyə Rayon Təhsil Şobəsi münasibət bildirdikdən sonra, mənə 28 saat dərs  verilmişdir. İyun ayında maaşımı az alanda bilmişəm ki, həmin dərsin 6 saatı vakant imiş. Eləcə də may ayında bülletendə olan müəllimin dərslərini demək üçün kənardan müəllim gətirmişdir. Sual olunur: məktəbdə 4 ədəbiyyat müəllimi olduğu halda, kənardan niyə müəllim gətirir? Diaqnostik qiymətləndirmənin nəticəsi nəzərə alınmayacaqdısa, dövlət nəyə görə ona bu qədər xərc çəkir, biz müəllimləri ev-eşiyimizdən edib Şirvan şəhərinə imtahan verməyə göndərdilər?».

Qabil Aslanov bir faktı da qeyd edir ki, sözügedən təhsil müəssisəsində davamiyyat və təhsilin səviyyəsi aşağı olduğundan, şagirdlərin ali təhsil ocaqlarına qəbulu da çox aşağı səviyyədədir. Bu səbəbdən, imkanı olan valideyinlər övladlarını 9-cu sinifdən hazırlığa qoymaq məcburiyyətində qalırlar: «Hələ bir nəfər şagirdimiz belə ali məktəblərə qəbul test imtahanından yüksək bal toplaya bilməyiblər. Biz sadə kənd müəllimləri həyata nikbin baxırıq, dövlətimizi və onun rəhbərliyini həmişə dəstəkləmişik və indinin özündə də dövlətimizlə və onun rəhbərliyi ilə birlikdəyik. Təhsilimizin inkişafı və gələcək üçün savadlı və tərbiyəli gənclərin yetişdirilməsi üçün bir müəllim, pedaqoq kimi əlimizdən gələni əsirgəməyəcəyik. İnanırıq, Təhsil Nazirliyi haqq səsimizi eşidəcək, T.Məmmədov haqqında bir ölçü götürəcək”.

Qabil Məhərrəm oğlu Aslanovun şikayətinə aydınlıq gətirmək üçün Təhsil Nazirliyi 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Üzeyir Qasımova müraciət etdik. Üzeyir Qasımov ”Həftə içi”nə bildirdi ki, şikayətçi bizim idarədə olub. Onun şikayətinə baxılacaq və bu il dərs bölügüsünə nəzarət ediləcək, şikayətdə deyilən nöqsanlar araşdırılaraq, öz həllini tapacaq.