Sabah 1-ci Azərbaycan Budo Festivalına start veriləcək

10:54 04.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sabah - oktyabrın 5-də Bakı İdman Zalında (Neftçilər prospekti 26 A, keçmiş Əl Oyunları Sarayı) Azərbaycanda ilk dəfə bir çox yapon döyüş idman sənətlərini bir araya gətirəcək “1-ci Azərbaycan Budo- yapon döyüş sənətləri Festivalı” təşkil olunacaq.

Hafta.az yazır ki, tədbir Yaponiya səfirliyi və bır sıra federasiyaların birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin əməkdaşlığı, JTI Azərbaycan, Toyota Bakı Mərkəzi, YAR Energy və TravelAze şirkətlərinin dəstəyi ilə keçirilir.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən yapon döyüş növlərini təmsil edən federasiyalardan təxminən 90 idmançı çıxış edəcək. Festivalda karate, cüdo, aikido, kendo, ciu-citsu, sumo kimi yapon döyüş sənətləri üzrə nümunəvi çıxışlar, yapon mədəniyyəti və idman növləri ilə bağlı stendlər nümayiş olunacaq. Tədbirin açılışında Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, Gənclər və idman nazirinin müavini Fərhad Ağayev və digər yüksək rütbəli şəxslərin iştirakı nəzərdə tutulub.

Saat 12-də başlayacaq festival iki hissədən ibarət olacaq. Birinci hissədə açılış nitqləri, Federasiya rəhbərlərinin xüsusi sertifikatla təltif olunması, Yapon rəqsinin nümayişi (yapon.az təşkilatı), Kendo nümayişi (Azərbaycan Kendo Təşkilatı), Karate nümayişi (Azərbaycan Karate Federasiyaları Assosiasiyası), “Art Of Movement” tərəfindən parkur nümayişi, Cüdo nümayişi (Azərbaycan Cüdo Federasiyası), Paracüdo nümayişi (Azərbaycan Paralimpiya Komitəsi), Aykido nümayişi (Azərbaycan Aykido Federasiyası), Musiqili nömrə (Azərbaycan mahnısı), Ciu-Cutsu nümayişi (Azərbaycan Ciu-Cutsu Federasiyası), Sumo nümayişi (Azərbaycan Sumo Federasiyası), Yapon rəqsinin nümayişi (yapon.az təşkilatı), İdman növlərinin II çıxışları (eyni ardıcıllıqla) nəzərdə tutulub.

İkinci hissədə yapon mədəniyyəti nümunələri və federasiya stendləri, praktik məşğələlər təqdim ediləcək.

Oxunma sayı 83