Abbas İsrailin üzr istəməsini istəyir

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
İsrail Türkiyənin tələblərini yerinə yetirməli və bu ölkədən üzr istəməlidir, çünki bu, sülh danışıqlarında irəliləyişin əldə olunmasına yardım edəcək. Bunu Fələstin Milli Administrasiyasının rəhbəri (FMA) Mahmud Abbas deyib. Bu barədə “Sabah“ qəzeti xəbər verir. “Türkiyə-İsrail münasibətlərinin yaxşılaşması sülh danışıqlarının irəliləməsinə yardım edəcək“, - Abbas bildirib. Onun sözlərinə görə, əvvəllər İsraillə Suriya arasında münasibətlərdə vasitəçi rolu oynayan Türkiyə İsraillə Fələstin arasındakı sülh danışıqlarında uğurlu vasitəçi ola bilər. “Biz daima regional böhranların həllində Ankaranın vasitəçiliyini dəstəkləmişik“, - FMA rəhbəri bildirib. Üç il əvvəl Ankara Suriya ilə İsrail arasında birbaşa olmayan danışıqlarda beynəlxalq vasitəçi kimi çıxış edib. Həmin danışıqlar 2008-ci ilin dekabrında İsrail ordusunun Qəzza sektorunda genişmiqyaslı hərbi əməliyyatlara başlamasından sonra dayandırılıb. Hərbi və diplomatik sahədə son vaxtlaradək sıx əməkdaşlıq edən Türkiyə ilə İsrail arasındakı münasibətlərə ötən il mayın 31-də İsrail xüsusi təyinatlılarının Qəzza sektoruna humanitar yardım aparan gəmilərə hücum etməsindən sonra güclü zərbə dəyib.

Oxunma sayı 90