“Zirvədəki şəxsiyyətlər Səməd Vurğun - 105“

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt
Oktyabr ayının 31-də Xalq şairi Səməd Vurğunun 105 illik yubileyi münasibətilə anım mərasimi keçiriləcək. “Zirvədəki şəxsiyyətlər Səməd Vurğun - 105“ adlı tədbir Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Səməd Vurğunun ev - muzeyi və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir“ məclisi tərəfindən birgə həyata keçirəcək.

Bu haqda “Həftə-içi“nə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən Husniyye Mursaquliyeva məlumat verib. Məlumatda bildirilir ki, öncə tədbir iştirakçıları Səməd Vurğunun Fəxri Xiyabandakı məzarını ziyarət edəcək, ədibin xatirəsini bir dəqiqəlik sükutla yad edəcək, məzarı üzərinə güllər qoyacaqlar. Tədbirdə ədibin nəvəsi, Səməd Vurğun Fondunun və ev-muzeyinin rəhbəri Aygün Vəkilovanın çıxış edəcəyi də bildirilir: “Daha sonra mərasim iştirakçıları Səməd Vurğun bağında ucaldılmış şairin heykəli önündə ədibi yad edəcəklər. Burada filologiya üzrə fəlsəfə doktoru, Vurğunşünas Aslan Salmansoy çıxış edəcək, muzeyin elmi işçisi Mələk Musayeva Vaqif Səmədoğlunun “Atamın məktublarına cavab“ şeirindən bir parça səsləndirəcək“.
Tədbirin davamının şairin ev-muzeyində olacağını bildirən H.Mursaquliyeva onu da bildirdi ki, tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olacaq və ədəbi-bədii proqrama uyğun çıxışları izləyəcəklər: “Tədbirdə həmçinin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Respublikanın Əməkdar Artist Mübariz Həmidov, muzeyin direktoru Aygün Vəkilova, Respublikanın Əməkdar Mədəniyyət işçisi, “Bura Vətəndir“ məclisinin sədri Səriyyə İsmayılova, filologiya elmləri doktoru Adilxan Bayramov, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədli və başqaları çıxış edəcəklər“.
Verilən məlumatda tədbirdə S.Vurğunun şeirlərindən nümunələr səsləndiriləcəyi də bildirilir: “Respublikanın Xalq Artisti Ağaxan Salmanlı, aktyorlar Elşən Rüstəmov, Elşən Şıxəliyev, Eyvaz İbrahimov Səməd Vurğunun “Vaqif“ poemasından bir parça göstərəcəklər. Şairin poeziyasından nümunələri Gənc Tamaşaçılar Teatrının aktyoru, Respublikanın Əməkdar Artisti Vahid Əliyev və aktrisa Xalidə Şərifova səsləndirəcəklər. Bundan başqa, tədbirdə teatrın aktyoru İlham Əsədov musiqi parçası ilə çıxış edəcək“.
Onu da qeyd edək ki, mərasimdə həmçinin, İtaliyada gənc ifaçılar arasında keçirilən Beynəlxalq müsabiqədə birincilik qazanan şairin nəticəsi Vurğun Vəkilov və İtaliyada vokal üzrə uşaqlar arasında keçirilən Beynəlxalq müsabiqədə birinci yerə layiq görülən Emin Xəzər musiqi parçası ifa edəcəklər.
Pərvin İsmayılova
Oxunma sayı 130