Sabunçu rayon 11 saylı şəhər poliklinikasında tibb aparatları köhnədir - REPORTAJ  

18:41 02.12.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Ölkəmizdə digər sahələrə olduğu kimi, səhiyyəyə də  diqqət və qayğı artıb. Elə bu qayğının nəticəsidir ki, paytaxtda, eləcə də bölgələrdə tibb müəssisələri günün tələbləri səviyyəsində əsaslı təmir edilib. Yeni xəstəxana və poliklinika binaları tikilərək sakinlərin istifadəsinə verilib.

Bununıa belə, paytaxtda elə tibb müəssisələri var ki, dövlət qayğısından kənarda qalıb. Belə tibb müəssisəsindən biri də Sabunçi rayonu Bakıxanov qəsəbəsində fəaliyyət göstərən 11 saylı şəhər poliklinikasıdır. Sözügedən poliklinika 3 mərtəbəli binada yerləşməklə, müvafiq ərazidə yaşayan 67 000 insanı daimi qeydiyyatda olan və  6 650 müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünə ixtisaslaşmış tibbi yardım göstərir. Poliklinikanın binası 1976-cı ildə istifadəyə verilib. Poliklinikada 30 terapevtik sahəni özünə birləşdirən 3 terapiya şöbəsi, laboratoriya, rentgenoloji və flüoqrafik müayinə şöbəsi, travmatoloji və cərrah şöbəsi, fizioterapiya, stomatoloji, onkoloji, otolorinqoloq, dəri-zöhrəvi, endokrinoloq, oftamoloq və imkansız xəstələrin pulsuz dərmanlarla təmin edilməsi üçün aptek fəaliyyət göstərir. Təəssüflər olsun ki, sözügedən tibb müəssisəsinin bugünkü durumu heç də ürəkaçan deyil. Ona görə ki, poliklinikanın binasında əsaslı təmir işləri aparılmayıb.  

“Həftə içi”nin əməkdaşı olaraq həmin ünvana üz tutduq. Binada sadə təmir işləri aparılsa da, həkimlərin otaqlarında stol, stullar, şkaflar sovet dönəmindən qalma, köhnədir. Elə terapevt həkim otağı var ki, dolabın qapıları sınıqdır. Deyilənə görə, həkimlər öz vəsaitləri hesabına otaqlarını təmir etdiriblər.

Poliklinikada ÜZİ aparatlarından biri təzə, o birisi isə köhnədir.  EKO, qastroskapiya, mədəni yoxlamaq üçün rentgen  yoxdur. EKQ sovet dövründən qalma köhnə aparatdır, rentgen aparatı da köhnədir. Həkimlərin və xəstələrin dediklərinə görə, paytaxtda bütün poliklinikaların binası müasir tələblərə uyğun əsaslı təmir edilib. Poliklinika yeni mebel dəsti, stol-stullarla, bir sıra müasir tibbi avadanlıqlarla təchiz olunub, ancaq sözügedən tibb müəssisəsində həkimlərin fəaliyyəti üçün normal şərait yoxdur.

Həkim və tibb bacıları söylədilər ki, poliklinikada şərait olmadığından, xəstələr buraya gəlmir: “Laboratoriyamız bərbad vəziyyətdədir.  Mədə iki üsulla müayinə olunur,  bari, mel içməklə,  rentgenlə baxırlar. Bizdə isə baxmırlar, ona görə ki, melimiz yoxdur, rentgen göstərmir, aparat xarabdır. Rentgen aparatı çox köhnədir, tez-tez şüa buraxır, adamlar girib-çıxanda onları şüa tutur. Bu haqda, yəni təzə rentgen aparatı alınması üçün  baş həkim Səhiyyə Nazirliyinə də müraciət edib. Mədəni digər üsulla yoxlamaq üçün poliklinikada qastroskopiya aparatı yoxdur –  yəni şlanq udmaqla yoxlamaq. Füloqrafiya  aparatımız çox köhnədir, cavablar bir-iki günə hazır olur. Xüsusilə də böyrək, qaraciyər sınaqları, hormonların analizləri aparılmadığından, məcbur olub xəstələrii Sabunçu qəsəbəsində yerləşən 3 saylı Şəhər Xəstəxanasına göndərirlər. Xəstələr də orada əziyyət çəkirlər. Analizin cavabı, ən azı, bir həftə çəkir. Yaxşı olardı ki, biokimyəvi analizləri, eləcə də mədə-bağırsaq analizləri poliklinikanın özündə aparılsın. Xəstələr başqa xəstəxanalara, özəl klinikalara üz tutmasınlar. EKQ aparatı çox kiçik olduğundan, tələblərə cavan vermir. Kompüter yoxdur. Poliklinika kompüterləşməyib”.

İnanırıq ki, 11 saylı Şəhər Poliklinikasına Səhiyyə Nazirliyi tərəfindən qayğı artacaq, müasir tibbi avadanlıq və aparatlarla təmin ediləcək.