“Sadval“ın təhlükəsi hələ qalmaqdadır

15:15 19.05.2007
Yazını böyüt
Yazını kiçilt
Separatçı “sadval“çıların 1994-cü il martın 19-da Bakı metrosunun “20 Yanvar“, daha sonra isə iyulun 3-də “Gənclik“ və “28 May“ stansiyalarında törətdikləri terror hadisələrindən 13 il keçir. Hadisələrdə ümumilikdə 30-a yaxın dinc vətəndaş həlak olub, 100-ə yaxını isə xəsarət alıb. Terror aktının Ermənistan xüsusi kəşfiyyat orqanları ilə birgə hazırlandığı elə o vaxt sübuta yetirildi. Plana əsasən terror aktları davam etdiriləcək... Məqsədimiz 13 il öncə baş verən məlum hadisələrə qısa eksurs etməklə yanaşı, 1994-cü ildən bu günədək separatçı “sadval“çıların hələ də Azərbaycan üçün təhlükə mənbəyi olaraq qalmasının səbəblərinə aydınlıq gətirməkdir. Eyni zamanda separatçıları dəstəkləyən bəzi QHT rəhbərlərinin dövlətə zidd mövqelərini ictimaiyyətə çatdırmaqdır. Onu da bildirək ki, məlum terror aktları törədilməzdən iki il öncə, yəni 1992-ci ilin aprel-may aylarında “Sadval“ın (“Vahid“) 17 üzvü Ermənistanın Nairi rayonunun Lusaker və Azin qəsəbələrində təlim keçdikdən sonra Bakıya göndəriliblər. Planın elə Ermənistanda hazırlandığı istisna edilmir. Terakt 1994-cü ildə ermənilərin əsir götürdüyü, milliyyətcə ləzgi olan Azərbaycan Silahlı Qüvvələrinin sabiq zabiti Azər Aslanov tərəfindən həyata keçirilmişdi.
Ermənilərin “Noev kovçeq“ qəzetinin 2004-cü ildə yazdığına görə, həqiqətən də “Sadval“ın bir neçə üzvü Ermənistanda olub.
Xatırladaq ki, “Sadval“ təşkilatı 1960-cı illərdə Dağıstanda bir qrup tələbə tərəfindən yaradılıb. SSRİ-nin süqutundan sonra geniş fəaliyyətə başlayıb. 1993-cü ilin 9 iyulunda Dağıstanın Ədliyyə Nazirliyi qurumu qeydiyyata alıb və 1995-ci ildə Rusiya Ədliyyə Nazirliyinin Dağıstan İdarəsi tərəfindən təsdiqlənib. Təşkilatın məqsədi “Ləzgilərin vətəni uğrunda“ şüarı ilə ləzgilərin hüquqlarını qorumaqla yanaşı, onların muxtariyyətinə nail olmaqdır. “Sadval“ın ilk sədri general-mayor Muhuddin Qahrimanov (hazırda təşkilatın şurasının rəhbərliyində təmsil olunur) olub. Təşkilatın rəhbərliyi yalnız Dağıstan ləzgilərindən ibarətdir. “Sadval“ aktiv fəaliyyətə 1989-90-cı illərdən başlayıb. Təşkilatın 1991-ci il sentyabrın 28-də keçirilən III qurultayında “Ləzgilərin dövlətçiliyinin bərpası haqqında“ deklarasiya qəbul olunub. Separatçıların ermənilərlə əlaqəsi də danılmır. Bir çox ləzgi müəlliflər 1990-cı illərdə Qafqaz Albaniyasının erməni mədəniyyəti ilə sıx əlaqədə olduğu barədə fikirlər söyləmişlər.
Ermənilərin rəğbətini qazanan separatçı “sadval“çılar onların köməkliyi ilə 1994-cü ildən Azərbaycana təsir etməyə başladılar. Separatçılar Dağıstan Milli Məclisinin deputatı Ruslan Aşuraliyev tərəfindən dəstəklənir. Təşkilatın VII qurultayında R.Aşuraliyevin yerini tutan Rusiya ordusunun keçmiş zabiti, hazırda Dağıstanın Məhərrəmkənd rayonunda bizneslə məşğul olan Niyaz Primov və 1992-93-cü illərdə gürcü - abxaz müharibəsində abxaz ordusunun zabiti, milliyyətcə lak olan Əli Əliyev ləzgilərə muxtariyyətin verilməsini məqbul hesab ediblər.
Onu da bildirək ki, Dağıstanda separatçıların ideologiyasına xidmət edən “Çernovik“ qəzeti “Mitk“ Ermənistan Analitik Mərkəzi tərəfindən maliyyələşdirilir. Yerli agentliklərdən birinin yaydığı məlumata görə, “Mitk“ hər ay qəzetin redaktoru Rəsul Qabullayev və müxbiri Marko Şahbanova xeyli miqdarda pul ayırır ki, antiazərbaycan təbliğatı aparsınlar. Bundan başqa, hər yazıya görə M.Şabanov ermənilərdən 500 dollar əlavə qonorar alır. Hansı ki onun yazısı böyük rezonans doğurur. Buna etiraz olaraq Markulazul Məhəmməd adlı biri açıq məktubunda bəzi qaranlıq qalan məqamlara aydınlıq gətirib ki, onların da arxasında özü bilmədən Azərbaycan dövlətçiliyinə qarşı destruktiv mövqelərin dayandığı hiss olunur.
Məlum terror aktlarından sonra həbs edilən “sadval“çıların müdafiəsinə qalxanlar arasında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusla İnsan Hüquqları Mərkəzinin rəhbəri Eldar Zeynalov bu gün də xüsusi fəallıq göstərir. Avropa Şurasına göndərilən “siyasi məhbus“ siyahısına onların da adları salınmışdı. E.Zeynalov separatçıların öz hüquqları uğrunda apardıqları hər hansı bir mübarizəni dəstəklədiyini bildirib.
Onu da vurğulayaq ki, separatçılar Azərbaycanın Qusar rayonu daxil olmaqla “Böyük Ləzgistan“ dövlətini yaratmaq ideyasında da olublar ki, bu təhlükə də hələ yaşanmaqdadır. “Samur“ Ləzgi Mədəniyyət Mərkəzinin rəhbəri, İnşaat Mühəndisləri Universitetinin dosenti Muradağa Muradağayev bildirib ki, 2002-ci ildə ona “sadval“çılar tərəfindən belə bir xəritə təqdim edilmişdi: “Biz onların niyyətini puça çıxara bildik. İndi “Sadval“ın Azərbaycanda təsiri yoxdur“. Onu da bildirək ki, “Sadval“la yanaşı, Azərbaycanda ləzgilərin daha bir təşkilatı - Azərbaycan Milli Bərabərlik Partiyası da mövcud olub. 1992-ci ilin avqustunda təsis edilən partiya İmran Rzayev, Fəxrəddin Aydayev, Firuzə Bədəlova və başqa ləzgilər tərəfindən təsis olunmuşdu. Partiyanın əvvəlcə adı Ləzgi Demokrat Partiyası idi. Lakin qeydiyyat məsələsi ilə bağlı ad dəyişdirildi. Partiyanın proqramında ləzgilərin hüquqlarının Azərbaycan Konstitusiyası çərçivəsində qorunması göstərilmişdi. Hazırda partiya fəaliyyət göstərmir və onun liderləri də siyasətdən kənarda qalıblar.
Separatçıların Rusiyadan da himayə olunması istisna edilmir. Bakıda bir sıra terror aktlarını planlaşdıran və ermənilərin də daxil olduğu separatçı “sadval“çılara rəhbərlik edən N.S.Ramazanovun Rusiyanın baş prokurorunun müraciəti ilə bu ölkəyə təhvil verildikdən sonra azadlığa büraxılması bunu deməyə əsas verir. Ermənistan tərəfindən silahlandırılan Rusiya vətəndaşları Sokrat Məhəmmədov, Şaban Hafizov, Osman Qəmbərov, Seyid Fəttahovun da Rusiya tərəfindən himayə olunduğu sonradan aydınlaşdı. 1992-ci ildə Xaçmaz rayonunda 12 “sadval“çının həbsini pisləyən rəsmi Moskvanın da mövqeyini başa düşmək o qədər çətin deyildi.
Azərbaycanın şimal bölgələrində bir sıra pir və məscidlərin partladılması, Zaqatala və Balakəndə baş verən məlum hadisələr, Dağıstanın Azərbaycanla olan sərhədində atışma və digər xoşagəlməz hadisələrdə separatçıların əlinin olması faktdır. Bütün bu hərəkətlər Azərbaycanın əleyhinə hesablanıb ki, bu təhlükələr hələ də qalmaqdadır. Azərbaycan ərazisində “Böyük Ermənistan“, “Böyük Ləzgistan“, “Qırmızı Kürdüstan“, “Talış Muğan Respublikası“ ideyasını gerçəkləşdirməyə çalışan separatçı erməni, ləzgi, kürd və talışların başlıca məqsədi ölkəni parçalamaqdır.

Elnur
Oxunma sayı