“Sahədəki son vəziyyət masada da yeni prinsiplərin təklifini tələb edir” – Rəy

20:58 26.10.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Ermənilərin bundan sonra Azərbaycan ərazisində muxtariyyət qazanması məsələsi artıq öz əhəmiyyətini itirib və ümumiyyətlə, Şanlı Ordumuzun son uğurları fonunda bu tamamilə mümkünsüzdür”.

Bunu hafta.az-a Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlizahib Hüseynov  bildirb.

Partiya sədri bildirib ki, artıq status-kvo yoxdur. Prezidentimizin də qeyd etdiyi kimi status-kvonu və təmas xəttini biz məhv etmişik.

“Bir sıra ərazilərimiz işğaldan azad edilib. Deməli, artıq danışıqların predmeti və “Madrid prinsipləri” də öz əhəmiyyətini itirmiş, qüvvədən düşmüş sayılır. Ordumuz öz uğurlu əks-hücum əməliyyatları ilə münaqişə zonasında yeni reallıqlara zəmin yaratdığına görə, indi həmsədrlərin bizi yenidən sıfır nöqtəsinə qaytarmağa və özündə məğlubiyyət elementlərini daşıyan “Madrid prinsipləri”ni təzədən heç nə olmamış kimi bizə sırımağa ixtiyarları yoxdur”.

Ə.Hüseynov qeyd edib ki, hazırda döyüş meydanında bütün üstünlük bizim tərəfimizdədir. Yəni, biz qalib tərəf sayılırıq. Odur ki, qalib tərəfi məğlub ölkənin maraqlarına xidmət edən əvvəlki prinsiplər əsasında danışıqlara məcbur etmək absurddur.

“Sahədəki yeni vəziyyət masaya da yeni prinsiplərin təklif edilməsini tələb edir. Yeni prinsipləri də məhz biz təklif edə bilərik. Və bu yeni prinsiplərə görə, artıq ermənilərə Dağlıq Qarabağda maksimum muxtariyyət statusu verilməsi məsələsi də gündəmdən çıxır. İndi hər hansı bir muxtariyyətdən söhbət belə gedə bilməz. Hətta mədəni muxtariyyət də verilə bilməz”.

Partiya sədri Prezidentin çıxışına istinadla bildirib ki, əgər Azərbaycan həmin ermənilər üçün cazibəli və vazkeçilməz ölkədirsə, buyursunlar, onlar da bütün digər vətəndaşlarımız kimi bu ölkədə adi vətəndaş olaraq yaşasınlar.

“Onların digər vətəndaşlarımızdan heç bir üstünlükləri yoxdur. Biz gələcəkdə yenidən təkrar-təkrar erməni terroruna məruz qalmaq və növbəti işğallarla üzləşmək istəmiriksə, bu məsələni elə indi kökdən çözməliyik. Çünki bunu etmək üçün çox əlverişli, tarixi şans yaranıb. Həm də konstitusiyaya görə federativ yox, unitar dövlət olmağımız ölkəmizin daxilində hər hansı bir milli azlığa muxtariyyət hüququ verilməsini qadağan edir. Biz də hazırda məhz bu prinsipdən çıxış etməliyik”.

Oxunma sayı 734
Siyasət rubrikasından digər xəbərlər