Sahibkarlar mallarını sığorta etdirmək istəmir - Problem niyə aradan qalxmır?

15:34 14.08.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bu il qısa zaman kəsiyində - 2-3 ay içində ardıcıl bir neçə ticarət mərkəzinin yandığının şahidi olduq. “Diqlas”, “X-Lady”, “Sədərək”, “Binə” TM yandı, yanğınsöndürənlər söndürdü, bir gün ölkə mətbuatında gündəm oldu və məsələnin üzərindən yan keçildi. Bəs ortaya sual çıxır ki, bu kimi nəhəng TM yandıqdan sonra sahibkarlar sığorta məsələsini həll etdilərmi, yoxsa gələcəkdə bir də baş versə, satıcılar dövlətin yardım etməsi üçün küçələrdə aksiya keçirəcəklər?

Mövzu ilə bağlı  hafta.az-a danışan sığorta bazarı üzrə ekspert Aqşin Əlizadə dedi ki, sığorta haqqında Azərbaycan Respublikasının qanuna görə, müvafiq icra hakimiyyəti orqanı xüsusi əhəmiyyətli sığorta üzrə vahid sığorta qaydaları hazırlayır. Bütün sığortaçılar o qaydalara əsasən fəaliyyət göstərirlər. Bu gün əmlakın icbari sığortası artıq vardır. Dövlət sığortası deyilən sığorta növü vardır. Dövlət sığortası Azərbaycanda populyar sığorta növü deyil. Vahid qaydalar hazırlanıb camaata verilsə, bu gün bu kimi problemlər yaranmaz. Vahid sığorta qaydaları hazırlanmalı idi. İkincisi reklam xarakterli işlər çox azdır. Reklam xarakterli bir video-çarx çəkildi. Amma bu maarifləndirmə işində çox zəif idi. Ticarət mərkəzlərində çalışanların sığorta ilə bağlı probleminin həll yolu maarifləndirmədən keçir. Maarifləndirməni öz üzərinə götürməli olan şəxslər sığortaçılar və sığorta vasitəçiləridir. Amma bu gün onların özlərinin də maariflənməsinə ehtiyac var. Maliyyə Bazarlarına Nəzarət Palatası da bu istiqamətdə müəyyən tədbirlər görməkdədir və ümid edirəm maarifləndirmə işlərini daha da genişləndirəcəklər".

İqtisad elmləri doktoru, keçmiş maliyyə  naziri Fikrət Yusifov isə hesab edir ki, bu gün əmlakın sığortalanması, xüsusi ilə sahibkarların əmlakının sığortalanması məsələsində çox ciddi problemlər var: "Ticarət sektorlarında bu problem daha kəskin şəkildə özünü göstərir. Dünyanın hər yerində hər şey sığortalanır. Əgər bir kəndli əkdiyi məhsulu sığortalamırsa, hansısa təbii bir amil onun məhsulunu məhv etməyəcəyini düşünürsə bu riskli addımdır. İqtisadiyyatın bütün siferalarında sığorta məsələsi önə çəkilməlidir. Hazırda Azərbaycanda avtomobillərin sığortalanması prosesi çox yaxşı aparılır. Vaxtı ilə bu da indiki qədər inkişaf etdirilməmişdi. Sığorta elə bir səviyyə çatıb ki, avtomobili olan hər kəs sığortalatdırmaq istəyir. Bu digər sahələrdə də belə tətbiq olunmalıdır.  Adını çəkdiyiniz yanğınlardan sonra sahibkarlar gördülər ki, nə qədər aci bir durumda qaldılar. Elə dövlət də bu kimi forsmajor hallarda aciz vəziyyətə düşə bilər. Niyə görə dövlət büdcəddən vəsait ayırmalıdır". 

F. Yusifov sığorta işinin düzgün tətbiq edilməsi, sahibkarların öz əmlakını sığorta etdirmələri üçün maarifləndirmə işlərininin necə qurulması məsələsinə də toxundu. Eksperin fikrincə qanunvercilik bazasını gücləndirmək lazımdır: “Tələbləri artırmaq lazımdır. Eyni zamanda münbit mühitin yaranması üçün addımlar atılmalıdır. Həm sığorta edənlər, həm də sığorta olunanların maraq göstərməsi üçün belə münbit şərait lazımdır. Dünyanın hər yerində bu sığorta işi möhkəm qurulub. Yəni 30 kvadrat metrlik bir icarəyə götürdüyü obiyektində 1000 manatlıq məhsula görə 5-10 manat sığorta haqqı ödəməklə baş verə biləcək hadisələrdə öz malını sığortalamış olur. Təbliğat işi lazımdır. Dünyada iş adamlarının fəaliyyəti, müəssisələri, məhsulları sığortalanır. Ona görə sığorta sahəsində bizdə boşluqlar var. Belə problem çıxanda sahibkar pis vəziyyətdə qalır. Bizim dövlət humanizm göstərib zərərin qarşılayır. Amma buna borclu deyil. ABŞ-da böyük ticarət mərkəzlərini terror təşkilatları dağıtdı. Sığortaçılar özləri iflasa uğrasa da dəymiş ziyanı qarşıladı. Bu kimi praktikalar bizdə də tətbiq edilməlidir”.