SAM-ın ekspertləri Brüsselə gediblər

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt
Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin ekspert qrupu oktyabrın 6-8-də Brüsseldə keçirilən beynəlxalq konfransda iştirak edəcək. “Qara Dəniz regionunun gələcəyinə baxış və perspektivlər“ adlı tədbirin təşkilatçıları ABŞ-ın Marşal Fondu, Almaniyanın Robert Boş Stiftunq Fondu, Bolqarıstanın Regional və Beynəlxalq Tədqiqatlar Mərkəzi və Almaniyanın Münhen Universiteti nəzdindəki Tətbiqi Siyasət Tədqiqatları Mərkəzidir. “Qara Dəniz Regionunun Gənc İslahatçıları“ proqramı çərçivəsində keçirilən konfransda Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin Qara Dəniz regionu və təhlükəsizlik məsələləri üzrə eksperti Zaur Şiriyevin iştirakı ilə bir qrup ekspert tərəfindən hazırlanan təqdimatın keçirilməsi nəzərdə tutulub. Zaur Şiriyevin “Qara Dəniz Regionu 2020-ci ildə: Avropa İttifaqının yeri nədir?“ başlıqlı təqdimatı regiondakı gələcək siyasi inkişaf ssenariləri ətrafında qurulub. Tədbirdə Qara Dəniz regionunun təhlükəsizlik məsələləri, mövcud iqtisadi durum, mövcud problemlər və gələcək inkişaf perspektivləri kimi məsələlər əsas müzakirə mövzuları olacaq. Proqram çərçivəsində Avropa İttifaqının yüksək rütbəli rəsmiləri, beynəlxalq ekspertlərlə görüş nəzərdə tutulub.
Əli
Oxunma sayı 81