Yaşar Nurinin 60 illik yubileyi qeyd edildi

15:15 18.10.2011
Yazını böyüt
Yazını kiçilt
Dünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli komediya aktyoru, psixoloji və dramatik rolların məharətli ifaçısı, Xalq Artisti, Dövlət mükafatı laureatı, prezident təqaüdçüsü Yaşar Nurinin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Teatrın foyesində görkəmli sənətkarın həyat və yaradıcılığından bəhs edən fotosərgi açılıb.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubilyarın Azərbaycan teatrının inkişafı, təbliği istiqamətində gördüyü əvəzsiz işlərdən danışıb. Yaşar Nurinin həm kino sahəsində, həm də teatr səhnəsində yaratdığı bir-birindən bənzərsiz obrazlardan söz açan nazir vurğulayıb ki, o, daim istedadı, zəhməti ilə böyük tamaşaçı alqışı qazanıb. Bu isə hər sənətkara nəsib olmur. Sənət adamlarına göstərilən dövlət qayğısından danışan Ə.Qarayev deyib ki, prezident İlham Əliyevin 2011-ci il 1 sentyabr tarixli sərəncamı ilə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə Yaşar Nuriyev “Şöhrət“ ordeni ilə təltif edilib. Sonra nazir “Şöhrət“ ordenini yubilyara təqdim edib. Tədbirdə Y.Nurinin həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilib. Yubiley mərasimində çıxış edənlər Y.Nurinin bənzərsiz bir sənətkar olmasından, onun hələ gənclik illərindən başlayaraq qazandığı uğurlardan söz açıblar. Bildirilmişdir ki, Yaşar Nuri Milli Dram Teatrında işlədiyi gündən indiyədək repertuarda olan bir çox tamaşalarda rol almış və oynadığı obrazlara tamaşaçı sevgisi qazandıra bilib. Görkəmli sənətkar həm də kino ustasıdır. Onun böyük populyarlıq qazanmış çoxlu ekran obrazı var. Əlliyə yaxın bədii filmə çəkilmiş, “Azərbaycan Televiziya və Radio Verilişləri“ Qapalı Səhmdar Cəmiyyətində hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Yaşar Nurinin obrazlar kolleksiyasından söz açdıqda onun “Yaramaz“dakı Maşallahını, “Lətifə“dəki Məmmədini, “Qətl günü“ndəki Mahmud doktorunu, “Nə gözəldir bu dünyag“dakı Asim Əliyeviçi, “Hər şey yaxşılığa doğru“, “Nakəs“, “Fransız“, “Yoxlama“ filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq xatırlamalıyıq. Bu rolları tamaşaçılara sevdirən də məhz aktyorun böyük sənətkarlıq istedadı və çəkdiyi sonsuz zəhmətdir. Aktyor özünü həm kinoda, həm də teatrda rejissor kimi də sınayıb. Teatrda İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz“ əsərinə quruluş vermiş, “Spasibo“ filmini çəkib. Yubilyar haqqında ən xoş sözlərini söyləyən natiqlər ona uzun ömür, cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.
Nigar