Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

16:20 20.09.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib. Görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Tağı Tağıyev, icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edib.

Hafta.az yazır ki, 100-dən çox qəsəbə sakininin qatıldığı görüşü giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən, ölkə əhalisinin qaldırdıqları problemlər, sakinləri narahat edən sosial məsələlərin həlli daim diqqətdə saxlanılır, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rahatlığı və sosial vəziyyətin yaxşılaşdırılması dayanır.

Qəbula gələn sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərinin davam etdiyini, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə ölkə rəhbərinə öz təşəkkürlərini bildiriblər.

Daha sonra sakinləri narahat edən məsələlərlə bağlı verilən sualları cavablandıran Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, məcburi köçkünlərin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin Prezident İlham Əliyevin birbaşa nəzarətində olduğunu xüsusi vurğulayıb.

Sakinlər qəsəbə ərazisində görülən işlərə görə təşəkkürlərini bildiriblər. Sakinlərdən 10 nəfəri fərdi qaydada dinlənilib, həlli mümkün müraciətlər yerindəcə cavablandırılıb, həlli vaxt tələb edən müraciətlərin baxılması istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə tapşırıqlar verilib.

Görüşün yekununda İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, Qaradağ rayonunda əhali sürətlə artır və buna müvafiq olaraq müəyyən tələblər ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən də həmin tələbləri qarşılamaq, həm də problemlərin vaxtında həlli üçün lazımi addımlar atılır.

Daha sonra Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Tağı Tağıyev qəsəbə sakinlərinə Prezident İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində görüləcək işlər barədə məlumat verib.