Sehirli kitab

19:29 06.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanda başqa sahələrdə: sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyyatda olduğu kimi, xalq maarifi sahəsində də ciddi inkişaf dövrü başlanmış, təhsilin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənmişdir. Ölkənin qabaqcıl ziyalı dəstəsini təmsil edən maarifpərvər ziyalıların regionda ictimai-mədəni mühitin inkişafına, xüsusən təhsilə həmişə diqqət yetirməyə və qayğı göstərməyə sövq etmişdir.   

Bu baxımdan tanınmış yazıçı Zaur Ustacın “Gülünün şeirləri” adlı sinifdən xaric əlavə tədris vəsaiti maraq doğurur, elmi-nəzəri və praktik dəyərliliyi ilə diqqəti cəlb edir.

Elmi məsləhətçiləri Azərbaycan Respublikasının əməkdar müəllimi Afət Xəlilova, Əzizə Abdullayeva və Gözəl Quliyeva olan vəsaitdə hərf və rəqəmlər haqqında əyləncəli şeir və tapmacalar verilmişdir.

Qeyd edək ki, vəsait əsasən ümumi təhsil müəssisələrinin I sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Vəsaitdə Azərbaycan əlifbasının hər bir hərfi üçün tək-tək əyləncəli, uşaqların asan əzbərləyə biləcəyi dili asan, olduqca axıcı və yüngül hecalı şeirlər verilmişdir. Kitabda həmçinin hərflərlə yanaşı kiçik məktəb yaşlı uşaqlarda riyazi bacarıqların inkişaf etdirilməsi üçün rəqəmlər haqqında da şeirlər yazılmışdır.

Həmçinin bu vəsait dərnəklərdə və bədii qiraət kulublarında kiçik yaşlı uşaqlara şeir öyrədən müəllimlər üçün də əlavə bir köməkçi vəsaitdir. Ona görə ki, az yaşlı uşaqlar hərfləri yaxşı tanıya bilmir, şeirləri oxuyub əzbərləməkdə çətinlik çəkirlər. Zaur Ustacın yazdığı bu şeirlər isə o, qədər asan və yadda qalandır ki, hər hansı hərfə və rəqəmə aid olan bir şeiri uşağa yalnız bir neçə dəfə təkrar etdirməklə əzbərlətmək olar.

Xüsusi ilə qeyd etmək istəyirəm ki, kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulmuş bu vəsait, eyni zamanda məktəbəqədər və ümumi təhsil müəssisələrində dərs deyən müəllimlər üçün də əvəzedilməzdir. İbtidai siniflərdə dərs deyən müəllimlər şagirdlərə əlifbanın hər hansı bir hərfini öyrədərkən, bu vəsaitdən həmin hərf haqqında yazılmış şeiri də uşaqlara asan əzbərlədə bilərlər. Məsələn, müəllifin A hərfi ilə bağlı vəsaitin 4 səhifəsində yazdığı aşağıdakı şeirə diqqət yetirək:

                   A ilə Ana deyə,

                   Aləmə səs salırıq.

                   Azərbaycan sözünü,

A ilə başlayırıq.

         Bu şeir vasitəsi ilə müəllim uşaqlara həm A hərfini öyrədə, həmdə ki, onlarda vətənpərvərlik hissi aşılaya bilər.

         Təqdirə layiq haldır ki, Zaur Ustac həmçinin vəsaitdə hərflərlə yanaşı rəqəmlər haqqında da şeirlər yazmışdır. Həmin şeirlərdən 1 rəqəmi ilə bağlı yazılmış şeirə nəzər yetirək:

                   Asan bir sual verim,

                   İnan, yoxdur beləsi.

                   Üçdən iki çıxanda

                   Söylə qalır, nəşəsi?

         Qeyd edək ki, müəllif bu şeir vasitəsilə uşaqlarda 1 rəqəmi və sadə riyazi əməllər (toplama və çıxma) ilə bağlı təsəvürlər və bacarıqlar formalaşdırmışdır.

         Onu da qeyd edək ki, bu vəsait məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlarda məntiqi təfəkkürün və yaradıcılıq qabiliyyətinin formalaşmasına, həmçinin uşaqların asudə vaxtlarının səmərəli keçirmələrinə də köməklik edəcəkdir.

“Gülüşün şeirləri” kitabı həm məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlar, həm də onların təhsili, təlim-tərbiyəsi ilə məşğul olanlar üçün çox qiymətli vəsaitdir, eləcə də böyük dəyərə malik mütaliə materialıdır. Xatırlatmaq yerinə düşər ki, ümummilli liderimiz­­ Heydər Əliyev mütaliəyə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı və vasitəsi kimi baxmamış, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin son dərəcə vacib əhəmiyyət daşıdığını önə çəkərək ­demişdir:­­­­­­ “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı hazır­lamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazır­lamaqdır”.

Ulu öndər ölkənin və xalqın gələcəyinin yeni nəsilləri necə və hansı ruhda savada yiyələndirməkdən, tərbiyə etməkdən asılılığını məxsusi vurğulayırdı: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı оlacaqdır”.

Yenicə çapdan çıxmış bu vəsait məhz böyüməkdə olan nəsillərin layiqli vətəndaş kimi formalaşmasına xidmət göstərən materialları özündə cəmləşdirməklə yanaşı geniş elmi-pedaqoji və didaktik imkanlara malikdir.

Uşaqlara təlim-tərbiyə vermək və onları maarifləndirmək baxımından navator yazıçı Zaur Ustacın “Gülüşün şeirləri” kitabı dəyərli bir vəsaitdir.

Onu da qeyd edək ki, vəsaitdə toplanılan şeirlər və tapmacalar müasir əhəmiyyətinə görə də qiymətlidir. Vəsait hər bir məktəbəqədər və kiçik məktəb yaşlı uşaqların bacarıqlı, yaradıcı və savadlı şəxsiyyət kimi inkişafına və gələcəkdə vətənpərvər bir gənc kimi, formalaşmasına xidmət edəcəkdir.

Ümid edirik ki, gələcəkdə bu vəsait daha da təkmilləşdiriləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq şurasından keçərək sinifdən xaric tədris vəsaiti kimi, ölkənin bütün ümumi təhsil müəssisələrində tədris olunan fənlərin siyahısına daxil ediləcəkdir.

Taleh  Xəlilov,

pedaqogika üzrə fəlsəfə doktoru,

Azərbaycan Respublikası Təhsil Şurasının üzvü