Səhiyyənin tərəqqisi tibbi hüququn inkişafından keçir

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt

Həkim səhlənkarlığına görə cəzaların sərtləşdirilməsi təklif edilir

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda Azərbaycan dövlət müstəqilliyinin 20 illiyinə həsr olunan “İnsan sağlamlıq hüququ: səhiyyənin hüququ və etik məsələləri“ mövzusunda beynəlxalq elmi-konfrans keçirildi. Tədbirdə Milli Məclisin deputatları, Milli Elmlər Akademiyasının, Səhiyyə Nazirliyinin, ali məktəblərin nümayəndələri, hüquq və tibb sahəsinin mütəxəssisləri və KİV təmsilçiləri iştirak edirdilər.

Açılış nitqi ilə çıxış edən İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı sahəsində son illər Azərbaycan səhiyyəsində böyük nailiyyətlər əldə olunub: “Ölkə rəhbərliyi səhiyyə sahəsində aparılan islahatların qarşısına Azərbaycan vətəndaşlarının konstitusiya hüququ olan sağlamlıq hüququnun təmin olunması üçün tibbi yardımın və səhiyyə xidmətlərinin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi vəzifəsini qoyub“. İnstitutun direktoru onu da əlavə edib ki, son illər Azərbaycanda səhiyyə sisteminin yenidən qurulması istiqamətində ciddi addımlar atılır. Lakin səhiyyənin inkişafı tək infrastrukturun yaradılması ilə deyil, vətəndaşların maarifləndirilməsi və tibbi hüququn inkişafı ilə bağlıdır: “Səhiyyədə olan hüquq pozuntularının kütləvi müzakirəsi tibb işçilərinin öz vəzifələrinə səhlənkar yanaşması hallarının profilaktikası və səhiyyə xidmətlərinin yüksəldilməsi istiqamətində ən vacib addımlardan biridir.
Onu da əlavə edim ki, tibbi hüquq sahəsinin ekspert və alimlərinin fikrincə, səhiyyədə olan hüquq pozuntularının kütləvi müzakirəsi, bu sahədə normativ-hüquqi sənədlərin təkmilləşdirilməsi səhiyyə sisteminin təkmilləşdirilməsinin, tibb işçilərinin öz vəzifələrinə səthi və səhlənkar yanaşma halların və gələcək hüquq pozuntularının profilaktikası və nəticədə səhiyyə xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm vasitə olaraq qalır“.
Milli Məclisin deputatı Qənirə Paşayeva isə həkim səhlənkarlığının hüquqi və etik aspektləri, səhlənkarlıq və cəzasızlıq hallarında ictimai hallarda bunun nəticələri mövzusunda məruzə etdi: “Hazırda Azərbaycanda həkim səhlənkarlığı ilə ciddi şəkildə üzləşirik. Vətəndaşların bununla bağlı müraciətləri çoxdur. Bəzən isə elə hallar olur ki, həkimlərə heç cür bəraət qazandırmaq olmur“. Q.Paşayeva qeyd etdi ki, səhiyyənin hüquqi və etik aspektləri Azərbaycanda yeni sahə olduğundan həm qanunvericilikdə, həm də adi həyatda bununla bağlı kifayət qədər boşluqlar var: “Parlamentin payız sessiyası çərçivəsində müzakirə olunacaq ən önəmli qanunlardan biri “Pasiyentin hüquqları haqqında“ qanundur. Bu qanunun qəbulundan öncə ciddi ictimai müzakirəsinə ehtiyac var. Qanunun qəbulundan sonra onun tam gücü ilə işləməsi üçün bir sıra addımlar atmaq lazımdır. Ölkədə tibbi sığorta sistemi işləməsə, bu qanun vətəndaşların hüquqlarını tam qoruya bilməyəcək. Hazırda həkim səhlənkarlığına görə tətbiq edilən mexanizmlər effektli deyil. Mən nə qədər həkimin yol verdiyi pozuntulara görə cəzalandırılmasının statistikası ilə maraqlanmışam. Bu rəqəm çox cüzidir. Həkimlərin yol verdiyi nöqsanlara görə cərimə mexanizmləri daha da ciddiləşdirilməlidir“.
Daha sonra AMEA İnsan Hüquqları İnstitutunun elmi işlər üzrə direktor müavini Vüqar Məmmədov “Azərbaycan tibbi hüququn inkişafı müasir çağırışlara cavab kimi“ mövzusunda çıxış etdi: “Dünyanın əksər inkişaf etmiş ölkələrində pasiyentlərin hüquqları qanunvericiliklə qorunur və həkimlərin səhlənkarlığı ucbatından pasiyentə dəyən ziyan məhkəmə qaydasında müəyyən edilərək ödənilir. Məsələn, Qərb dövlətlərində həkimlərin peşə səhlənkarlığı “Malpraktis“ termini ilə ifadə edilir. Bu ölkələrdə öz peşəkar fəaliyyətində səhlənkarlığa yol verən həkimlər təzminat ödəyir, həkim kimi fəaliyyət göstərmək hüququndan məhrum edilir, hətta həbs olunur. Ölkəmizdə isə həkimlərin səhlənkarlığını Səhiyyə Nazirliyində mövcud olan xüsusi komissiya araşdırır“. Professor onu da qeyd etdi ki, səhiyyə sahəsində hüquqi maarifləndirmənin aparılmasına daha çox ehtiyac var: “Səhiyyənin inkişafı təkcə yeni avadanlıqların, aparatların alınması, yeni binaların tikilməsi ilə yekunlaşmamalıdır. Bu sahənin inkişafı həm də hüquqi bazanın mövcudluğu, insanların öz hüquqlarından doğru-düzgun istifadə etməsindən keçir. Əhali bilməlidir ki, pasiyent olaraq onların hüquqları və ondan istifadə etmək haqları var. Buna xaricdə tibbi hüquq deyilir və bu sahədə mütəxəssislər əhaliyə yardım göstərir. Ancaq bizdə belə mütəxəssislər yoxdur. Onu da deyim ki, YUNESKO-nun bioetika və tibbi hüququn bütün ölkələrdə tədris olunmsı üçün prioritet sahələrdən biridir. Düşünürəm ki, pasiyentlərin hüquqları mükəmməl olmalıdır və biz də xarici ölkələrdə olduğu kimi, qanunvericilikdə bu məsələyə diqqət yetirməliyik. Eləcə də tibb işçiləri özlərinə aid olan hüquq və vəzifələr barədə məlumatlı olmalıdırlar ki, onlara aid olmayan hər hansı əməllərinə görə məsuliyyət daşımasınlar. Məqsədimiz vətəndaş olaraq hər birimizin səhiyyəmizin inkişaf konsepsiyasının araya-ərsəyə gətirilməsinə yardımçı olmaq və bunu öz həyatımızda görməkdir. Hesab edirəm ki, maddi tərəfdən bazası olan bütün sahələrdə hüquqi baza da qaydasında olmalıdır. İnsanların hüquqi maarifləndirilməsi, hüquqi cəhətdən biliklərinin çoxluğu cəmiyyətin inkişafı deməkdir“.
Sonda isə Ümumdünya Tibbi Hüquq Assosiasiyasının üzvü Din Xarris səhiyyə sahəsində müxtəlif professional hüquq pozuntularının ümumi təsnifatını təqdim edərək, səhiyyə sisteminin bu cür hüquq pozuntularına reaksiya verməli olduğu səbəbləri açıladı, eyni zamanda müxtəlif ölkələrdə bu məsələlərin nizamlanması yollarından nümunələr gətirdi: “Həkim səhlənkarlığına diqqət yetirilməməsi və cəzasızlıq şəraiti tibbi yardımın dinamik inkişaf səviyyəsinin və keyfiyyətinin aşağı düşməsinə, əhalinin səhiyyə sisteminə inamının azalmasına, vətəndaşların xarici ölkələrdə müalicəyə üstünlük verməsinə gətirib-çıxarır“. Onu da əlavə edək ki, D.Xarris Azərbaycanın hazırkı mütərəqqi qanunvericiliyini yüksək qiymətləndirərək müzakirələrin səviyyəsindən razı qaldığını bildirdi.
Sevda Zahidqızı
Oxunma sayı 44