Şəmkir və Samux sərhəddində ciddi karantin: Hər gün 100-ə qədər avtomobil geri qaytarılır

15:40 31.03.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Samux və Göygöl rayonlarının yaşayış məntəqələri ilə həmsərhəd olan Şəmkirin Ağlavaşlı kəndində ciddi karantin rejimi tətbiq edilir. Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, kəndin Gəncə, Göygöl və Samux rayonları ərazisinə giriş və çıxışı məhdudlaşdırılıb.

Ağlavaşlının cənub girişində post quraşdırılıb. Polislərin bildirdiyinə görə, ciddi karantin rejimi martın 24-dən tətbiq edilir.

Post komandiri olan polis mayoru onu da əlavə etdi ki, gün ərzində qonşu rayonlara keçmək istəyən 100-ə qədər avtomobil geri qaytarılır. Yalnız xüsusi bildirişi olan şəxslərin və ərzaq maşınlarının hər iki tərəfə giriş-çıxışı sərbəstdir.

Sakinlər ərzaq almaq üçün 18 km məsafədə olan Gəncə şəhərinə deyil, 35 kilometr aralıdakı Şəmkir şəhərinə üz tuturlar. Hətta qonşu kəndlərə yas mərasimlərinə getməyə də sakinlərə icazə verilmir.

Əldə etdiyimiz məlumata görə, polis postu martın 29-dan karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq daha ciddi rejimə keçib və 24 saat fəaliyyət göstərir.

Yalnız ciddi içməli su problemi yaşayan Samux rayonunun Alabaşlı kənd sakinləri gündə bir dəfə qonşu Ağlavaşlı kəndinə keçə bilirlər.

Polislər bu barədə onlara xüsusi göstərişin verildiyini vurğuladılar.

Onu da əlavə edək ki,Ağlavaşlı kəndində hazırda ictimai iaşə obyektləri fəaliyyət göstərmir. Çayaxnalar, bərbərxanalar fəaliyyətini dayandırıb. Yalnız ərzaq mağazaları fəaliyyətdədir. Küçələr bomboşdur.

Yaşı 65-dən yuxarı olan vətəndaşlar evdən bayıra çıxmırlar. Yalnız ərzaq mağazaları önündə təkəmseyrək insanları görmək olar. Apteklərdə isə tibbi spirt, tibbi maska və əlcək tapılmır. Sakinlər bu kimi ləvazimatları ancaq Şəmkir şəhərindəki apteklərdən əldə edə bilirlər.

Oxunma sayı 581