Şəmkirdə aprel şəhidinin xatirəsi əbədiləşdirildi - FOTO

11:53 29.07.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Şəmkir rayonunda aprel şəhidi Nurlan Qasımovun xatirəsi əbədiləşdirilib.

Bu barədə hafta.az-a millət vəkili Sona Əliyeva məlumat verib. Millət vəkili bildirib ki, şəhidin doğulduğu Tatarlı yaşayış məntəqəsi ucqar dağ kəndidir. Rayon mərkəzindən 25-30 km uzaqlıqda yerləşir. Ötən gün şəhidin doğulduğu kənddə Şəhidlər küçəsində şəhidin barelyefi vurulub.

Xatirə lövhəsinin açılışında rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, şəhid Nurlan Qasımovun ailə üzvləri, eləcə də millət vəkili Sona Əliyeva iştirak edib.

Tədbirdə seçiciləri qarşısında çıxış edən millət vəkili bildirib ki, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olan hər bir Vətən övladı xalqımız üçün əzizdir: “Tatarlı kəndi qəhrəman kənddir. Mənfur düşmənlərimiz ərazi bütövlüyümüzə qarşı təxribatlar törədəndə, yaşayış məntəqələrimiz işğal olunanda bu kəndin qəhrəman övladları da silaha sarıldı. 11 şəhid verdi. Nurlan Qasımov da 2016-cı ilin aprel döyüşlərində xüsusi rəşadəti ilə seçildi. Son damla qanına qədər döyüşdü və şəhid oldu. Şəhidlər unudulmur. Çünki onlar öz Vətəni, xalqı uğrunda canından keçiblər. Nurlan Qasımovun xatirəsinin əbədiləşdirilməsi bizim, xalqımızın, Azərbaycan dövlətinin  şəhidlərimizə olan sonsuz sayğısının, ehtiramının göstəricisidir”.

Sona Əliyeva bildirib ki, xatirə lövhəsini hazırlayan şəxslər də lövhənin hazırlanması üçün pul almayıblar. Sadəcə mərmər lövhənin maya dəyəri ödənilib. O, bunu da şəhidə ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Millət vəkili daha sonra şəhid ailəsinin evinə baş çəkib.

Sonra millət vəkili seçicilərlə görüşüb. Onları maraqlandıran məsələləri diqqətə götürüb. Bir sıra məsələlər elə yerindəcə həllini tapıb.