Ekspertlər Putin haqqında nə düşünürlər

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt
Putinin növbəti dəfə prezidentliyə namizədliyini irəli sürəcəyi açıqlandıqdan sonra bu məsələ ABŞ-da yenidən geniş müzakirə obyektinə çevrilib. “Rusiyanın avtoritarizmə yaxın özünə məxsus idarə üslubu var“. Bu sözləri Ponars Avrasiya İnstitutunun Corc Vaşinqton Universitetində keçirdiyi tədbirdə universitetin politologiya üzrə professoru Henri Heyl bildirib. Heyl Rusiyanın Çin, Özbəkistan və digər avtoritar rejimlərdən bir qədər fərqli xarakterizə edib. Onun sözlərinə görə, Rusiya rejimində SSRİ sistemindən qalmış cizgilər var. O, bunları əsas 3 hissəyə bölür. Professorun fikrincə, ilk məsələ regional siyasi mexanizmlərin, rəhbərliklərin formalaşmasıdır. Daha sonra o, ikinci faktor kimi oliqarxlararası geniş əlaqələri göstərib. Henri Heyl 1990-ci illərdən ölkədə geniş özəlləşdirmə başladığını, bununla da ölkə iqtisadiyyatının oliqarxların əlində cəmləşdiyini bildirdi.
Onun sözlərinə görə, üçüncü məsələ isə prezidentliklə bağlıdır: “1990-cı illərin əvvəllərində müstəqil Rusiyanın prezident olsa da, ölkədə ali orqan deputatlardan ibarət Konqres idi. Buna 1993-cü ildə Boris Yeltsinin Referendumdan sonra güclü prezidentlik strukturu qurması ilə son qoyuldu“.
Henri Heylin sözlərinə görə, Vladimir Putin isə 1999-cu ildə populyarlaşmağa başladı. O zaman elitalar arasında bölünmə başlamışdı. “Putin bu bölünmənin qarşısını almaqla və Çeçenistanda qoşun yerləşdirməklə populyarlaşdı. Elitaları nəzarəti əldə saxlamaq və dövlətçiliyi gücləndirmək üçün onlar vahid partiyanın yaradılmasının mühüm olduğunu anladırlar və “Birlik“ blokunu yaratdılar“ - deyə o bildirdi. Putin-Medvedyev idarəçiliyindən də söhbət açan professorun sözlərinə görə, Rusiyada prezidentin qərarlarına qarşı öz mövqeyini ortaya qoyacaq yeganə vəzifə baş nazirlikdi. Ona görə də Putin özünü baş nazir etməklə, həm bu şansa malik olmaq, həm də onun siyasətindən kənara çıxanları cəzalandırmaq üçün əlindən imkanın olduğunu göstərmək istədi. Henri Heylin sözlərinə görə, faktiki olaraq Medvedyevin prezidentliyi dövrü davam edən proses göstərdi ki, Putin və Medvedyev birlikdə işləməyi bacardılar.
Volqoqrad Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Regionşünaslıq departamentinin rəhbəri İvan Kurilla isə Rusiyada cəmiyyətlə dövlət arasında vəhdətdən söhbət açıb. Onun sözlərinə görə, 1999-cu ilədək ölkədə dövlət nəzarəti o qədər də gözə dəymirdi. Çoxsaylı QHT-lər fəaliyyət göstərir, mafiyalar baş alıb gedirdi. Ancaq Vladimir Putini hakimiyyətə gəlməsi ilə mafiyaların gücünün zəiflədiyini dilə gətirən professor Rusiyada önəmli QHT-lərin də fəaliyyətinin dayandırıldığını bildirdi: “Dünyanın ən məşhur QHT-lərindən olan Corc Soros Fondunun fəaliyyəti dayandırıldı və müvəqqəti olaraq onu Mixail Xodorkovskinin Açıq Cəmiyyət Fondu əvəzlədi. Bu fondun bağlanması ilə isə demək olar ki, bütün QHT-lərə nəzarət əldə olundu“. Onun sözlərinə görə, hətta siyasi fəaliyyətlə məşğul olmayan və heç bir fərqli fikirlilik daşımayan QHT-lərində fəaliyyətinə son qoyuldu.
Gələn il Rusiya prezidenti Dmitri Medvedyev baş nazir Vladimir Putinlə vəzifələri dəyişəcək.
Siyasi ekspertlər Vladimir Putinin gələnilki seçkilərdə namizəd olacağını bəyan etməsindən təəccüblənmədiklərini deyirlər. Robert Leqvold Kolumbiya Universitetində Rusiya üzrə ekspertdir. “İnsanlar bir müddət bu haqda fikirləşirdilər. Çoxları bilirdi ki, əvvəl-axır məsələ onların ikisi arasında həll olunacaq“, - deyə o söyləyir. Bir çox analitiklər hesab edir ki, Medvedyevlə Putin arasındakı yerdəyişmə gələn martda keçiriləcək seçkiləri şouya çevirir. Amma Karnegi Sülh Fondunda Rusiya üzrə ekspert qismində çalışan Metyu Royanski məsələyə başqa bucaqdan baxır: “Düşünmürəm ki, belə olmasaydı, bu seçkilər şou olmayacaqdı. Problem Putin və ya Medvedyevin namizəd olmasında deyil. Problem ondadır ki, cəmiyyətdə siyasi qüvvələrin rəqabət aparması üçün şərait yoxdur“. Son illər ərzində Rusiya rəhbərliyi media üzərində nəzarəti gücləndirmiş və siyasi müxalifəti susdurmuşdur. Ona görə də ekspertlər Putinin seçkiləri udacağını və sonrakı səsvermədən yenidən qalib çıxaraq 2024-cü ilədək hakimiyyətdə qalacağını proqnozlaşdırırlar: “Onun formal ofis olmadan hakimiyyəti idarə etməsi Stalindən bəri mövcud olmayıb. Putinin ətrafında şəxsiyyətə pərəstiş kultu yaranıb və o, bu kultdan yararlanır“, - deyə Royanski bildirir. Bir çox təhlilçilər Putinin Rusiyada xeyli populyar olduğunu deyirlər. Amma Robert Leqvold eyni sözlərin Rusiya hökumətinə şamil olunmadığını deyir: “Zənnimcə o, istəyir ki, şəxsi populyarlığından rejimə ictimai dəstək toplamaq məqsədilə istifadə etsin. Çünki rusların Putinə münasibətilə hökumətə münasibətləri arasında ciddi fərq var“.
Azad Əliyev