“Sənətə gec gəldiyim üçün muğam müsabiqəsinə qatıla bilmədim”- MÜSAHİBƏ  

18:30 19.09.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Gənc xanəndə  Ceyhun Qənbərov “Qarabağ şikəstəsi” ilə tədbir iştirakçılarınıн гялбини овсунлады.  Onun yanğılı  səsi bir anlıq bizi  ruhən ayırıb işğal altında olan torpaqlarımıza, dağılmış yurd yerlərimizə apardı. Bu, bir yanğı idi, Vətən harayı idi.

...Onunla tanış oldum. Dedi ki, Xalq artisti Mənsum İbrahimovun tələbəsidir. Elə yanındaca Mənsum müəllimə zəng edib dedim ki, Ceyhun Qənbərov sizin tələbənizdir. Çox gözəl, məlahətli səsi var, istəyirəm onun haqqında bir yazı yazım.  

Ceyhun Qənbərov Laçın rayonunda həkim ailəsində doğulub. Altı yaşında doğma el-obasını itirib. O da digər tay-tuşları kimi qaçqın-köçkün həyatını yaşamaqdadır.

– Ceyhun, necə oldu ki, xanəndəlik sənətini seçdiniz? Axı atanız məşhur həkim olub... 

– Baxmayaraq, atam həkim olub, amma məlahətli səsi vardı, gözəl muğam bilicisi idi. Atamın arxivində nə qədər təsnif, klassik xanəndələrin qrammofon valları  vardı, həmin valları indi də saxlayıram. Təsniflə bağlı bir kitab yazmışdı, amma çap olunmamışdır. Təəssüflər olsun ki, iki il bundan öncə atamın əlyazmasını itirdim. Söz düşmüşkən deyim ki, ulu babam Qənbər kişi görkəmli ilahiyyatçı olub. Quranı yanğılı avazla oxuyurmış. Bir sözlə, bizdə səs nəsillikcə olub. 

...Hələ uşaqlıq cağlarından səsimin olduğunu hiss edirdim. Evimizdə çoxlu sayda klassik xanəndələrin, Cabbarın, Seyidin, Xan əminin, Keçəçi  oğlu Məhəmmədin,  Mütəllim Mütəllimovun, Əbülfət Əliyevin, Arif Babayevin, Yaqub Məmmədovun, Dədə Süleymanın, Qədirin valları vardı. Mən onların qrammofon vallarına qulaq asardım və maraqla dinləyərdim. Hər dəfə onların səsini dinlədikcə içimdə, sanki qeyri-qüvvəllər baş qaldırırdı, məni daha da bu sənətə ruhlandırırdı. Xanəndələrin   ifa etdikləri muğamların sözlərini əzbərləyib dağa, bulaq başına çıxıb başlayırdım onları yamsılamağa. 

Şəhid Əmir Əsgərov adına Laçın rayon Ağbulaq kənd tam orta məktəbində təhsil almışam. Eyni zamanda, Şamkənd Uşaq Musiqi Məktəbində də səs sinfinə getmişəm. Musiqi məktəbində oxuduğum illərdə məni tədbirlərə aparardılar. İfalarım tədbir iştirakçılarının çox xoşuna gəlirdi.

 İki il hərbi xidmətdə oldum, atam vaxtsız dünyasını dəyişdi.  Ailəmizin bütün yükü çiyinlərimə düşdüyünə görə, bir  müddət bu sənətdən ayrılmaq məcburiyyətində qaldım. Qardaşım Şaiqə təhsil verdim. O artıq Türkiyədə həkim-uzman kimi tibb təhsilini davam etdirir. Aradan xeyli vaxt keçəndən sonra, Xalq artisti, muğam ustası Mənsum İbrahimovun yanına gedib səsimin olduğunu söylədim: “İstəyirəm, səsimə qulaq asıb mənə bir yol göstərəsiniz”. Mənsum müəllim etiraz etməyib, səsimi yoxlamaq üçün mənə “Mirzə  Hüseyn” segahını və “Qarabağ şikəstəsi”ni oxutdurdu. Səsim onun xoşuna gəldi və yumşaq tərzdə dedi ki, əsl xanəndə səsidir. Heç bir təmənna güdmədən  mənə muğamın sirlərini öyrətdi və xanəndə kimi yetişdirdi.

Mənsum müəllim mənə atalıq qayğısı göstərdi. 2014-cü ildə Mənsum İbrahimovun məsləhəti ilə musiqi təhsilimi davam etdirmək üçün  sənədlərimi Asəf Zeynallı adına Musiqi Kollecinə verdim və muğam şöbəsinə qəbul olundum. Ustadım Mənsum müəllimin sinfində yer olmadığına görə, Xalq aristi Nəzakət Teymurovanın sinfində təhsil aldım.

Bir il Nəzakət xanım mənə muğamdan dərs dedi, sağ olsun. “Rast”,”Qatar”, “Rahab”,”Bayatı-Kürd”  muğamlarını mənə öyrətdi. Eyni zamanda, Mənsum İbrahimovun da sinfinə gedirdim. İkinci ili məni Mənsum müəllimin sinfinə qaytardılar. Ustadımdan muğamları öyrəndim. Hər iki sənətkara –“əsrimizin Məcnunu” – Mənsum müəllimə və “Leylisi” olan Nəzakət xanıma minnətdarlığımı bildirirəm. Hazırda ustadımın koməkliyi sayəsində Milli Konsevatoriyada  qiyabi formada təhsilimi davam etdirirəm.

– Məlahətli səsiniz olduğu halda, nə əcəəb “Muğam” müsabiqəsinə qatılmadınız?  

– Sənətə gec gəlmişdim, artıq 27 yaşım vardı. Ustadım Mənsum müəllim də çox çalışdı ki, müsabiqədə iştirak edim. Təəssüf ki, alınmadı. Yaşımın çox olduğuna görə müsabiqəyə qatıla bilmədim. Düzü, Mənsum müəllim çox pis oldu, amma ruhdan düşmədim.  Hal-hazırda ali musiqi təhsili almaqla yanaşı, Gənclərin Respublika Bədii Yaradıcılıq Evində muğam dərnəyinin rəhbəri vəzifəsində çalışıram. Həm də uşaqlara bir pedaqoq, müəllim kimi muğam dərsini tədris edirəm.

Kifayət qədər istedadlı yetirmələrim var. Özümüzlə barabər onları da televiziyaya çıxarır və dövlət tədbirlərinə aparırıq. Yeri gəlmişkən, deyim ki, əsl xanəndə həm də el şənliklərində, toylarda, məclislərdə xalq sevgisi qazana-qazana yetişir.

– Hər bir xanəndə bir muğamla yadda qalır; məsələn: Yaqub Məmmədov “Mənsuriyyə”, Arif Babayev “Segah”, “Şur”, Şahmalı Kürdoğlu “Rast”, Çəkili Ələsgər “Rahab” muğamlarının  möhürünü vurub. Bəs siz hansı muğamı daha gözəl ifa edirsiniz? 

– Mənim üçün hər bir muğam əzizdir. Hamısını da eyni oxuyuram. İfa elədiyim “Segah” muğamı onlardan daha çox seçilir. Bu muğamı  ifa edəndə hiss edirəm ki,  tamaşaçıların daha çox xoşua gəlir. Bu gün birinci vitse-prezident, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya hər birimiz minnətdar olmalıyıq. Biz xanəndələr, musiqiçilər üçün əlçatmaz şərait yaradıb. Dünyanın heç yerində belə Muğam Mərkəzi, dövlət qayğısı yoxdur. Biz ondan səmərəli istifadə etməyi bacarmalıyıq, yəni əsl xanəndə kimi yetişməliyik, xalqımıza öz töhfəmizi verməliyik.

– Bir xanəndə kimi müsabiqə iştirakçılarının sonrakı taleyini necə dəyərləndirirsiniz?

– Yəqin ki, siz “Muğam” müsabiqəsindən söz açırsınız. Müsabiqə, təxminən, 6 ay davam edir.  Bu vaxt ərzində  Dövlət Televiziyasının canlı yayım vasitəsilə səni dünyaya tanıtdırır; artıq məşhurlaşırşan. Həmin gənclər ustadlarının və münsiflər heyətinin, eyni zamanda,  onlara rəğbət göstərən xalqın, dövlətin  etimadını doğrultmalıdır.  Ona görə də öz üzərlərində çalışmalıdırlar. Əfsuslar olsun, onlar öz üzərlərində daha çox çalışmaq əvəzinə, arxayançılığa meyil göstərirlər, sanki özlərindən razı qalaraq yuxarıdan-aşağıya baxırlar. Elə sanırlar ki, artıq muğamın biliciləridir.

Onların arasında ustadlarına sadiq qalan, sənətə uğur gətirən xanəndələrimiz də var. Onlar irəli getdikcə, muğamın dərinliklərinə  baş vurduqca, daha da sadələşir və püxtələşirlər.

– Artıq kifayət qədər təcrübəsi olan bir xanəndə kimi özünüz  muğamı necə dərk edirsiniz?

– Hamı söyləyir ki, muğamana laylasıdır. Mən bu fikirlə qismən razılaşıram. Muğam, mənim fikrimcə, Qarabağ deməkdir.

– Niyə?

– Elə götürək “Azərbaycan” sözünü. Bu sözün içində Qarabağ rayonlarının adları var. Əsl səs də Qarabağda yetişib. Ustadım Mənsum İbrahimovun təbirincə desək, səs Ağdamda, Qarabağda qaldı.

–  Zil və yanğılı səsiniz var. Nə əcəb, Opera və Balet Teatrında gedib çalışmırsınız. Təklif etsələr, operada hansı rolu seçərdiniz?

– Düzü, çox utancaq adamam. Bir dəfə də olsun, bu haqda ustadıma deməmişəm. Təbii ki, əgər seçim olsa, məmnuniyyətlə Məcnun rolunu oynayardım. Səs tembrim Məcnun roluna daha çox yaxındır. Məcnunu boğaz və yanğılı səsi olan məşhur xanəndələrimiz oxuyub. Çalışacağam, Məcnun rolunu oynayım.  

Xatırladım ki, M. Füzulinin  yubileyində 30 dəqiqəlik səhnəcikdə Məcnunu ifa etdim. İfam tədbir iştirakçılarının  xoşuna gəldi. Hətta bir tamaşaçı  ağlaya-ağlaya göz yaşları içində gəlib, məni bərk-bərk qucaqlayıb dedi ki, “Siz qarabağlısınız, Mənsum İbrahimovun tələbəsi deyilsiniz?”. Dedim, “Bəli”. Təşəkkürünü bildirərək sözünə davam edib söylədi ki, “Ustadınız sizin kimi sənətkarlar yetişdirib. Sağ olsun! Sənin ifan ruhən məni Qarabağa apardı”.

– Əgər sizə Məcnun rolunu versələr, tərəf-müqabili kimi seçərdiniz?

– Bunu ustadım bilər. Söz düşmüşkən qeyd edim ki, “tryo”, üçlük  yaratmışıq. Tarda Mənsun İbrahimovun qardaşı oğlu Elnur İbrahimov, kamançada isə Rəcəb Əhmədov müşaiyət edir. Ansamblımız kifayət qədər tanınır. Ansablımız təkcə məni deyil, eləcə də tanınmış sənətçiləri də müşaiyət edir. Xarici ölkələrə qastrollara getməyi də planlaşdırmışıq.  Nə vaxt gedəcəyimizi hələ açıqlamaq istəmirəm.