Sentyabr ayı ərzində müxtəlif növ balıq körpələri su hövzələrinə buraxılacaq

10:35 10.09.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Mütəxəssislər hesab edirlər ki, bu təşəbbüsün reallaşdırılması ekosistemin qorunması baxımından olduqca vacibdir  

Ölkənin təbii su hövzələrində balıq populyasiyasının artırılması, o cümlədən Xəzər dənizinin su bioresurslarının dayanıqlı inkişafının təmin olunması və balıq ehtiyatlarının qorunmasının vacibliyinin təşviqi məqsədilə sentyabr ayı ərzində müxtəlif növ balıq körpələri təbii su hövzələrinə buraxılacaq. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədovanın sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqartırma müəssisələrində yetişdirilən nərə, uzunburun, forel, çəki, qalınalın, ağ Amur körpələrinin Kür çayına, Göygöl, Maralgöl, Nohurqışlaq göllərinə, Kiçik Qızılağac körfəzinə, Mingəçevir, Şəmkir və Yenikənd su anbarlarına buraxılması planlaşdırılır.

Qurum rəsmisi vurğulayıb ki, balıq körpələrinin artırılaraq su hövzələrinə buraxılması ekosistemin qorunması baxımından olduqca vacibdir: “Bu işlər tərəfimizdən hər il yerinə yetirilir. Su hövzələrinə buraxılan körpələrin böyüyüb balıq ehtiyatlarının artımına şərait yaratması üçün onların qorunması da vacibdir. Bu baxımdan sənaye balıq ovu ilə məşğul olan hüquqi və fiziki şəxslərin üzərinə böyük məsuliyyət düşür. Onlar xırda balıqları ovlamasalar, qadağan olunmuş vaxtlarda və qadağan edilmiş vasitələrlə ov etməsələr, yaxın illərdə ölkənin su hövzələrində balıq ehtiyatlarının artımına nail olmaq mümkündür".

A.Səmədova ölkədə fəaliyyət göstərən balıqyetişdirmə müəssisələrini də nazirlik tərəfindən təşkil olunan bu aksiyalara dəvət edib: "Biz bütün balıq yetişdirən müəssisələri balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına bizimlə birgə töhfə verməyə çağırırıq. İştirak etmək istəyən balıqyetişdirmə müəssisələri [email protected] , [email protected]  poçt ünvanlarına müraciət edə bilərlər”.

Qeyd edək ki, “Balıqçılıq haqqında” qanuna görə, Azərbaycanda balıq və digər su bioresursları dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər. Sənəddə göstərilib ki, dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində yaşayan balıq və digər su bioresursları Azərbaycan Respublikasına mənsubdur. Bələdiyyə mülkiyyətində olan balıqçılıq su obyektlərində yaşayan balıq və digər su bioresursları bələdiyyə mülkiyyətindədir.

Balıqçılıq sahəsində dövlət siyasətinin əsas prinsiplərinə gəlincə, bu məsələ balıq və digər su bioresurslarının istifadəsi və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsinin hövzəçilik prinsipi əsasında idarə edilməsi, balıq və digər su bioresurslarının və onların məskunlaşdığı mühitin mühafizəsi, balıq və digər su bioresurslarından istifadənin tənzimlənməsini kimi məqamları özündə ehtiva edir.

Balıq və digər su bioresurslarının artırılması və bərpası isə balıqçılıq su obyektlərində onların növlərinin təbii ehtiyatlarının qorunub saxlanması və akvakulturanın inkişafının təmin edilməsi məqsədilə aparılır. Eyni zamanda, qanunvericiliyə görə, balıq və digər su bioresurslarının artırılması və bərpası ixtisaslaşdırılmış dövlət balıqartırma müəssisələri və bu işlərin aparılması üçün müvafiq texniki imkanları olan hüquqi və fiziki şəxslər tərəfindən, bioloji və texnoloji əsaslandırma əsasında həyata keçirilir. Dövlət sifarişi ilə akvakultura təsərrüfatlarında balıq və digər su bioresurslarının artırılması və bərpası müvafiq icra hakimiyyəti orqanı ilə bağlanan müqavilə əsasında aparılır. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş, habelə nərə cinsli və digər qiymətli balıq növlərinin artırılması və bərpası müvafiq elmi-tədqiqat müəssisələrinin alimlərinin və yüksək ixtisaslı mütəxəssislərin nəzarəti altında, məqsədli dövlət proqramları əsasında həyata keçirilir. Balıq və digər su bioresurslarının məhsuldarlığının artırılması məqsədilə balıqçılıq su obyektlərində balıqçılıq təsərrüfatı meliorasiyası, balıq və digər su bioresurslarının iqlimləşdirilməsi həyata keçirilir.

Bundan başqa, balıqçılıq təsərrüfatı meliorasiyası işləri ixtisaslaşdırılmış dövlət balıqartırma müəssisələri və bu işlərin aparılması üçün müvafiq texniki imkanları olan hüquqi və fiziki şəxslər tərəfindən bioloji və texnoloji əsaslandırmaya uyğun olaraq həyata keçirilir. Balıqçılıq təsərrüfatı meliorasiyası balıqçılıq su obyektlərinin hidroloji və hidrokimyəvi rejimlərinin optimallaşdırılması, süni kürüləmə yerlərinin salınması və qurulması, ötürücü kanalların və balıq buraxılışı qurğularının tikilməsi, əhəmiyyətsiz növlərin sayının azaldılması, eləcə də balıq və digər su bioresurslarının xammal bazasının formalaşdırılması üçün əlverişli şəraiti təmin edən digər tədbirlər sayəsində aparılır.

Yeri gəlmişkən, Azərbaycanda adambaşına düşən orta illik balıq istehlakı 2009-cu ilədək cəmi 2 kiloqram olub. Son illər artaraq bu rəqəm ildə, təxminən, 7 kiloqrama çatıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının (FAO) statistik məlumatına əsasən, dünya üzrə adambaşına düşən balıq istehlakının orta illik göstəricisi isə 18 kiloqramdır. Ən yüksək orta göstəricilər 60 kiloqramdan çoxdur ki, bu da Cənub-Şərqi Asiya ölkələrinin payına düşür. Yaponiya, Çin Xalq Respublikası, Vyetnam və Tailandda isə bu rəqəm 104 kiloqramdan çox qeydə alınıb. Türkiyədə bu göstərici 18 kiloqram təşkil edir.

Onu da bildirək ki, Azərbaycanda balıqçılığın inkişafı əsasən 1970-1980-ci illərdə zirvə nöqtəsində olub. Bu dövrdə ölkədə orta illik 60 min ton balıq ovlanırdı və 40 min tondan çox ərzaq balıq məhsulu istehsal olunurdu. 1988-ci ildən 2005-ci ilə qədər su bioloji resurslarının ovlanmasının ümumi həcmi 55 min tondan 9 min tona düşmüşdü. Hazırda isə balıq ehtiyatlarının azalması nəticəsində respublikanın su hövzələrindən hər il ovlanan balığın həcmi 1 min tondan artıq deyil.

Hazırda nərəcinsli balıqların populyasiyalarının mövcudluğu və artması balıqartırma zavodlarının hesabına mümkündür. Keçən əsrin ortalarında Xəzərin əsas çayları (Volqa, Kür) üzərində bəndlərin tikilməsi nəticəsində nərə cinsli balıqların təbii çoxalması və kürü tökməsi daha mümkün deyil.

Buna görə də Xəzəryanı ölkələrdə hələ ötən əsrin 50-ci illərində nərəcinsli balıqların ehtiyatının azalmasının qarşısının alınması üçün ölkələrdə nərə balıqartırma zavodları tikilmişdir. Bu gün Xəzər dənizində nərə populyasiyalarının mövcudluğu demək olar ki, 99 faizihəmin zavodların fəaliyyəti hesabınadır.

2011-ci ildən başlayaraq Xəzəryanı ölkələr nərə balıqlarının kommersiya ovunu həyata keçirmir. Balıq ovu, ancaq balıqartırma zavodlarında süni çoxaltma və elmi tədqiqatlar üçün həyata keçirilir.

Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna dövlətlərarası moratoriumu haqqında ümumiəhatəli beştərəfli Sazişin qəbuluna qədər, Xəzəryanı ölkələr ayrı-ayrılıqda nərə balıqlarının ovu üzrə texniki moratoriumu saxlayırdılar. Lakin bütün bu tədbirlərə baxmayaraq, son illərdə nərə balıqlarının ehtiyatının kəskin azalması nəticəsində, hətta onların süni çoxaldılması məqsədləri üçün ana-törədici balıqların çatışmaması ilə bağlı çətinliklər yaranmışdır. Buna görə də son 10-15 il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində nərə balıq ehtiyatlarının artırılması ilə məşğul olan 3 nərə balıqartırma müəssisələrində süni üsulla alınmış və yetkin yaşadək böyüdülmüş ana-törədici balıq fondları yaradılıb. Nərə balıq ehtiyatlarının qorunub saxlanılmasına yönəldilmiş tədbirlər çərçivəsində bu nərə balıqartırma zavodları tərəfindən Kür çayının Xəzər dənizinə düşən aşağı axarına hər il nərə cinsli balıq körpələri buraxılır.

Yeri gəlmişkən, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il ölkədə vətəgə sahələrində balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 2268,3 min manat vəsait sərf olunub. Həmin vəsaitin 89,7 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 10,3 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib. 2018-ci ildə isə ölkədə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 2922,7 min manat vəsait sərf olunmuşdu. Həmin vəsaitin 91,0 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 9,0 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.

Qurumdan verilən məlumatda həmçinin bildirilib ki, ötən il balıqartırma müəssisələri tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 131,7 milyon balıq körpəsinin 127,8 milyonu bitki ilə qidalanan balıq körpələrinin, 3,4 milyonu çəkikimi balıq körpələrinin, 0,3 milyonu nərəkimi balıq körpələrinin və 0,2 milyonu qızılbalıq körpələrinin payına düşüb.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 8179