Separatçıların 100 milyonluq layihəsi bizə hansı fəsadları yaşada bilər? – Ekspertlər danışır

17:09 09.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Ermənilər işğal etdikləri Dağlıq Qarabağda 100 milyon dollarlıq layihəyə başlayıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bu işğal olunmuş ərazilərdə indiyə qədər separatçıların həyata keçirdiyi ən böyük layihədir. Ən böyük iqtisadi layihələrdən biri sayılır. Layihənin məqsədi Sərsəng su anbarından başlayaraq üzü Ağdərə və ətraf istiqamətlərdə yeni su kanalının çəkilişini nəzərdə tutur.

Məlumat üçün deyək ki, burada iki hidroelektirk stansiyası və iki kanal inşa olunacaq. Növbəti mərhələdə isə daha üç hidroelektrik stansiyanın inşası planlaşdırılır. Bütün bu su elektrik stansiyaları 200 milyon kilavat saat elektrik enerjisi istehsal etmək gücünə malik olacaq. Bu kanallar vasitəsi ilə ermənilərin işğalı altındakı 10 min hektardan çox ərazinin sulanması və əkinə “yararlı hala gətirilməsi” planlaşdırılır. Layihənin ümumi dəyəri 100 milyon dollardır.

Ermənistan mətbuatının məlumatına görə layihə 2,5 il ərzində həyata keçiriləcək. Bundan sonra istifadəsiz torpaqların əkinə cəlb olunmasına başlanacaq. Qeyd edək ki, bundan əvvəl “DQR”-in keçmiş “baş naziri” Araik Arutyunyan Azərbaycana Sərsəng su anbarının su resurslarından birgə istifadəni təklif etmişdi.  

Bu arada onu qeyd edək ki, onsuz da Azərbaycan şirin su ehtiyatlarının qıtlığını yaşayan ölkələr siyahısında orta sıralardadır.

Bəs Sərsəng su anbarından başlayaraq üzü Ağdərə və ətraf istiqamətlərdə yeni su kanalının çəkilişi Azərbaycan üçün hansı təhlükələrdən xəbər verir?

Ekologiya üzrə Texniki Komitənin  (TK 09-red.)üzvü, ekoloq Müslüm Qurbanov hafta.az-a açıqlamasında bildirib ki, işğal olunmuş ərazilərdə infrostrukturun işğalçı dövlət tərəfindən dəyişdirilməsinin özü bir cinayətdir: “Yəqin ki, bu məsələ əlaqədar strukturlar tərəfindən təşkilatlar qarşısında qaldırılacaq. Əgər belə bir layihəyə artıq başlanılıbsa, Xarici İşlər Nazirliyi, eləcə də əlaqədar qurumlar bu işə müdaxilə etməlidir. Bu problemi aradan qaldırmağa qadir olan bizim dövlət orqanlarımız var”.

Ekspert bildirib ki, Sərsəng su anbarından başlayaraq üzü Ağdərə və ətraf istiqamətlərdə yeni su kanalının çəkilişi ekologiyamıza çox güclü mənfi təsir göstərəcək. Onun sözlərinə görə, su tutan, Tərtərçaydan və ətraf su hövzələrindən su götürən torpaqlarımızın səhralaşmasına səbəb ola bilər: “Kənd Təsərrüfatının inkişafına maneə törədər. Bu cür layihə nəinki ekoloji aləmə, eləcə də ətrafda yaşayan əhalimizin iqtisadi-sosial vəziyyətinə çox mənfi təsir göstərəcək. Təbii ki, əgər belə bir şey reallaşarsa. Amma mən bu layihənin reallaşacağına inanmıram. Çünki dövlətimiz buna icazə verməz”.

Bəs bunun qarşısını necə almalıyıq?

Müslüm Qurbanov bildirib ki, BMT-nin təhlükəsizlik Şurasının məşhur qərarları var. Həmin qərarlarda işğalçı ölkədən tələb olunur ki, zəbt etdikləri əraziləri qeyd-şərtsiz boşaltmalıdır. Ermənistan buna məhəl qoymur. Ekspert deyib ki, nüfuz dairəsi BMT-dən daha zəif olan beynəlxalq təşkilatlar da var. Amma bunun həlli dövlət səviyyəsində olmalıdır. Bütün təsir rıçaqları işə salınaraq belə bir layihənin reallaşmasının qarşısı alınmalıdır.

Ekoloq İslam Mustafayev bildirdi ki, belə bir layihə reallaşarsa, nəinki ekologiyamıza, hətta iqtisadiyyatımıza da böyük təsir göstərəcək: “Yəni, Sərsəngdən üzü Tərtər, Bərdə istiqamətinə gələn su ehtiyatları birbaşa ermənilər tərəfindən idarə olunmağa başlanacaq. Bu həm miqdarca, həm də keyfiyyətcə onların fəaliyyətindən asılı olacaq. Bizim kənd təsərrüfatımız kifayət dərəcədə keyfiyyətli su almaq imkanlarından məhrum ola bilər. Ümumiyyətlə, su anbarlarının ətraf mühit məsələlərində ciddi təsiri var. Su sızması kimi hallar baş verə bilər. Bu da ətraf mühitə ziyanlıdır. Balıqların, canlı orqanizmlərin aşağıdan yuxarı qalxması məhdudlaşacaq. Su biomüxtəlifliyinin saxlanması imkanlarını azaldacaq”.

Ekspertin fikrincə Azərbaycan bütün təsir imkanlarından istifadə edib Sərsəng su anbarından başlayaraq üzü Ağdərə və ətraf istiqamətlərdə yeni su kanalının çəkilişini dayandırmalıdır: “Mənim bu layihədən xəbərim var. EKSPO Konvensiyasına görə onlar bu layihə üçün qonşu ölkələrdən icazə almalıdırlar. Bu layihənin icrasını Qarabağdakı separatçıların, yoxsa Ermənistanın aparması da önəmlidir. Təbii ki, Qarabağ ayrıca bir subyekt kimi tanına bilməz. Əgər Ermənistanın bu işdə rəsmi olaraq iştirakı sübut olunsa, Azərbaycan bu kanalların tikintisinə imkan verməyəcək. Çünki bunun üçün bir çox imkanlar var. Azərbaycan beynəlxalq təşkilatlara müraciət edəcək. Ekoloji konvensiyaların şərtlərinin pozulmasını əsas gətirəcək”.

Siyasət rubrikasından digər xəbərlər