ITGI Azərbaycan qazını Avropaya daşımağa hazırdır

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
Azərbaycan qazını Avropaya ixrac etmək üçün təklif olunan ITGI (Interconnector Turkey-Greece-İtaly) sistemi işə düşməyə hazırdır və Azərbaycan qazını mümkün olan ən qısa zamanda Avropaya çatdıra bilər. Bu barədə Brüsseldə keçirilən “Platts“ 5 illik Avropa Qaz Təchizatı İnfrastrukturu konfransındakı çıxışında Yunanıstanın DEPA Qaz Korporasiyasının beynəlxalq layihələr şöbəsinin rəhbəri Konstantinos Karayannakos bildirib. “ITGI sistemi ən qabaqcıl layihə olmaqla “Cənub dəhlizi“nin mümkün qədər tez açılmasını təmin edir. Yunanıstanı Bolqarıstanla birləşdirən İGB (Interconnector Greece-Bulgaria) layihəsi 2013-cü ildə, İtaliya ilə birləşdirən İGİ (Interconnector Greece-Italy) layihəsi isə 2017-ci ildə fəaliyyətə başlaya bilər. Bununla da ITGI “Şahdəniz-2“ layihəsinin tam işlənmə qrafikinə uyğun olan yeganə boru kəməridir“, - deyə K.Karayannakos qeyd edib. DEPA-nın nümayəndəsi bildirib ki, ITGI-nin boru kəməri planlaşdırılmasında yeni metodu nəinki Avropaya diversifikasiya olunmuş qaz təchizatını tezliklə həyata keçirəcək, həmçinin Avropanın enerji təhlükəsizliyinə əbədi olaraq imkan yaradacaq infrastruktur mirasını təmin edəcək. ITGI-nin “Cənub dəhlizi“ndə texniki cəhətdən ən inkişaf etmiş layihə olduğunu bildirən K.Karayannakos deyib ki, bu kəmərin illik buraxılış qabiliyyəti əlavə olaraq 24 mlrd. kubmetrə qədər artırıla bilər: “Bu, “Cənub dəhlizi“nin açılmasına mərhələli yanaşmada ilk ideal addımdır. Bundan əlavə, təklif olunan bütün boru kəmərlərindən fərqli olaraq, ITGI artıq bütün ətraf mühit lisenziyalarını əldə edib. ITGI sistemi Xəzər regionundan və Şimali Afrikadan qazı İtaliyaya, oradan da Şimali, Mərkəzi və Şərqi Avropaya nəql etməklə Avropa enerji təhlükəsizliyini təmin edə biləcək yeganə variantdır“.
Vüsal