Serial gerçəkləşdi - 48 yaş böyük kişiyə ərə getdi - GÜNÜN TƏZADLARI

18:49 09.10.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

"Hayat devam ediyor" serialı ilə məşhurlaşan türkiyəli aktrisa Meltem Miraloğlu gizli ərə getdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, o, özündən 48 yaş böyük, 80 yaşlı amerikalı biznesmenlə nikah masasına oturub. O, əri yaşlı olduğu üçün evliliyini hər kəsdən gizlədib. Cütlüyün evliliyini eşidənlər aktrisanın serialda yaşadıqlarını bir daha gündəmə gətirib. Belə ki, aktrisa “Hayat devam ediyor” serialında uşaq yaşında qoca kişiyə zorla ərə verilən qızı canlandırıb.

 

Terrorçuların silah deposunu it aşkarladı

“PKK” terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı 13 sığınacaq və anbar məhv edilib, çox sayda sursat isə ələ keçirildi. Hafta.az-ın yazdığına görə, BAKU.WS xəbər verir ki, terrorçulara qarşı əməliyyatı Bingöl bölgəsində Türkiyə Silahlı Qüvvələri və Jandarma Komandanlığı birgə təşkil edib. Əməliyyat zamanı xüsusi itlərdən istifadə olunub ki, onlar da silah depolarının yerini aşkar ediblər. Anbarlardan xeyli sayda "Kalaşnikov" avtomatları, 17 ədəd əl bombası, 22 ədəd qumbaraatan, 1 ədəd tank əleyhinə raket qurğusu, 300 güllə, 240 elektrik detonator və başqa sursatlar müsadirə olunub.

 

Kral 5 nəvəsini ailə üzvlüyündən xaric etdi

İsveç Kralı daxili yerdəyişmə nəticəsində beş nəvəsini kral evinin üzvləri sırasından xaric etdi. Hafta.az-ın yazdığına görə, AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, şahzadə Aleksandr, şahzadə Qabriyel, şahzadə Leonor, şahzadə Nikolas və şahzadə Adriyenna daha əlahəzrət sayılmayacaqlar və rəsmi vəzifələr icra etməyəcəklər. Bununla belə, onlar hersoq və hersoginya titullarını saxlayacaqlar. Kral XVI Karl Qustavın adından açıqlanmış qısa bəyanatda deyilir ki, dəyişikliklər barədə qərar kral ailəsinin hansı üzvlərinin rəsmi vəzifələr icra edəcəklərini dəqiq göstərmək üçün razılaşdırılıb. Qeyd edək ki, şahzadə Estel və şahzadə Oskar vəliəhd şahzadə Viktoriyanın və şahzadə Daniilin övladları olduqları üçün öz kral titullarını saxlayıblar.

 

Polis mitinqi dağıtmaq üçün kəlbətin gətirdi

Berlin polisi icazəsiz mitinqin iştirakçılarının Potsdam meydanından sıxışdırılıb-çıxarılması əməliyyatını həyata keçirdi. Hafta.az-ın yazdığına görə,  AZƏRTAC hadisə yerindən xəbər verib ki, “Nəsli kəsilməyə qarşı üsyan” radikal hərəkatının bir neçə iştirakçısı özlərini zəncirlə hasarlara və bir-birinə bağlamaqla şou göstərmək qərarına gəlib. Asayiş keşikçiləri fövqəladə hallar xidmətlərini köməyə çağırmalı olublar. Fövqəladə halların əməkdaşları zəncirləri qırmaq üçün hadisə yerinə kəlbətinlə gəliblər. Hazırda bir qrup nümayişçi Tirqarten parkı rayonunda, Zəfər sütunlarının yanına toplaşaraq nəqliyyatın hərəkətini iflic vəziyyətinə salıb.

 

Lənkəran sakini öz evində döyüldü

Lənkəran şəhər sakini evində tanışı tərəfindən döyüldü. Hafta.az xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə polisə Lənkəran şəhəri, Vəssab küçəsi, ev 23-də yaşayan Şükürova Məhəbbət Höccət qızı məlumat verib. M.Şükürova yaşadığı evdə qardaşı İlqar Şükürovun Ruslan adlı şəxs tərəfindən döyüldüyünü bildirib. Məlumat əsasında polisin apardığı araşdırma nəticəsində müəyyən edilib ki, Səmədov Ruslan Vəliyyət oğlu Şükürov İlqar Höccət oğlunun yaşadığı evə gələrək onunla dava edib. Dava nəticəsində həmin şəxslər bir-birlərinə xəsarətlər yetiriblər. Məhkəmə tibb ekspertizasının rəyi nəticəsində məlum olub ki, hadisə nəticəsində İ.Şükürovda həyat üçün təhlükəli olan, ağır xəsarətlər aşkarlanıb. Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində cinayət işi başlayıb.