Şərt ağac əkmək yox, ona qulluq etməkdir… - REPORTAJ 

12:56 25.06.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Paytaxtda dövlər səviyyəsində tikinti, abadlıq işləri ilə yanaşı, yaşıllığa da xüsusi qayğı göstərilir. Hər il iməcilik yolu ilə paytaxt ərazisinə çoxlu sayda ağac tingləri əkilir. Bəs anomal keşən isti yay günlərində yaşıllıqlara necə qulluq göstərilir? Bununla bağlı may ayının 25-də Suraxanı rayonu Qaraçuxur qəsəbəsində olduq.

Dövlət tərəfindən təzə təmir edilmiş “ Qaraçuxur-Suraxanı” yolunun hər iki tərəfində bu il təzə ağaclar əkilmiş və yaşıllıqlar salınmışdır. Hətta sakinlərin dediklərinə görə, Qaraçuxur qəsəbəsində Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da ağacəkmə kampaniyasında iştirak etmişlər. Xatırladaq ki, şəhər tərəfdən gələndə “LUKoyl” Yanacaqdoldurma Məntəqəsinə qədər yolun hər iki tərəfində əkilmiş ağac və qazonlara Qaraçuxur Bələdiyyəsinin işçiləri tərəfindən xidmət göstərildiyindən və vaxtlı-vaxtında suvarıldığından, ağacların, demək olar ki, 95 faizindən çoxu bitib. Və yolkənarı yaşıl ot isə qorunub saxlanılır. Hətta ağacların dibinə su xəttinə kimi çəkilib. Ağacların hər gün mütəmadi olaraq suvarılmasında Bələdiyyə sədri şəxsən özü iştirak edir. Bunun bir neçə dəfə şahidi olmuşuq.

Amma Neft Şirkətinin ərazisində əkilmiş ağaclar isə susuzluqdan fəryad qoparırdı. Yanacaqdoldurma Məntəqəsindən Öküz heykəlinə gedən ərazidə əkilmiş ağaclar isə quruyaraq tələf olurdu. Bununla bağlı “Həftə içi” qəzetinin 22. 05.2019-cu il tarixdə ”Yeni əkilmiş” yüzlərlə ağac tələf olmaq təhlükəsi ilə üz-üzə” başlıqlı məqalə də dərc olunub. Həmin yazıya münasibət bildirilib. “Suraxanı oyl Opereyşn Kompani S. A.” Şirkətinin icraçı direktoru Arzu Sarıbalayevin imzası ilə 504/ AS saylı 10.06. 2019-cu il tarixli məktubla Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəçad Hacıyevə məktub ünvanlanıb və həmin məktubun bir surəti də “Həftə içi”nə göndərilib.
Məktubda yazılır ki, “Suraxanı oyl Opereyşn Kompani S.A.” şirkəti Sizin 27. 05.2019-cu ol tarixli 281 saylı məktuba cavab olaraq, “Həftə içi” gündəlik ictimai-siyasi qəzetin 22 may 2019-cu il tarixli nəşrində “Yeni əkilmiş yüzlərlə ağac tələf olmaq təhlükəsi ilə üz-üzə” başlığı altında dərc edilmiş məqalədə şirkətin ərazisində əvvəllər qeyri-qanuni fəaliyyət döstərən, yaxın keçmişdə yığışdırılan “Daş bazarı”nın ətrafında və yaxın ərazilərdə əkilmiş çoxsaylı ağacların quruması, onların suvarılmasında problemlərin olması barədə verilən məlumat və tərəfimizdən bu istiqamətdə görülən işlər aidiyyəti şəxslərlə birlikdə müzakirə olunmuşdur. Belə ki, yuxarıda qeyd olunan sahədə, ilk növbədə, ağacların suvarılması üçün su xətti çəkilmiş, ağacların müvafiq qaydada suvarılması isə nəzarətə götürülmüşdür. Bundan başqa, quruyan tinglər çıxarılaraq, onların əvəzinə bura yaxın başqa sahədə yolkənarına 170 ədəd zeytun ağacı tingi əkilmişdir.


Adıçəkilən qurumun görülən işlərlə bağlı redaksiyaya göndərdiyi məktubu əsas tutaraq, təkrarən həmin ünvanda olduq. Bu dəfə başqa bir mənzərənin şahidi olduq. Şəhərdən gələndə yolun sağ tərəfində, təxminən, 50-yə yaxın zeytun ağacı susuzluqdan tələf olub. Eləcə də sökülmüş daş bazarı ərazisində əklmiş kipariz və şam ağaclarının ərazidə təkəm-seyrək qaldığını gördük. Demək olar ki, əkilmiş çoxsaylı ağaclar suvarılmadığından və baxımsız qaldığından tələf olub. Yolkənarı ərazidə isə ancaq ağacların çalaları nişanə kimi qalıb. Hətta asfalt yolun kənarında ağacların ərazisi ekskavator dayanacağına çevrilib. Doğrudur, yolun hər iki tərəfi ilə təzə su xətti çəkilsə, az miqdarda zeytundan başqa qalan ağaclar bu günə kimi suvarılmadığından tələf olub. Hətta həmin ərazidən şəkillər də çəkmişik. Qurum rəhbərliyinin nəzərinə çatdırmaq istərdik ki, budaqları saralmış və tam qurumamış kipariz ağaclarını qoparıb atmaq yox, onu suvarmaq lazım idi. Əgər həmin ağaclar suvarılsaydı, əksəriyyəti bitəcək idi. Cünki kipariz ağacının tərkibində efir yağı çox olduğuna görə, susuzluğa davamlıdır. Suvarılmadıqda isə saralır və bir müddət sonra tələf olurlar. Ərazidə xeyli miqdarda zeytun ağacı qalıb ki, yaşıldır. Amma yerdə qalan ağaclar da bu yayın istisində suvarılmasa, quruya bilər. Yaşıllıq sağlamlıq deməkdir. Gəlin sağlamlığımızı qoruyaq. Sağlamlığımızı qorumaqla özümüzü qorumuş oluruq. Şərt ağacı əkmək deyil, əsas ona xidmət etmək, onu böyütməkdir.

 
 
Qələndər Xaçınçaylı