Sərxoş qız avtomobillə polis şlaqbaumunu qırıb-keçdi - GÜNÜN TƏZADLARI  

18:18 25.10.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 24-də axşam saatlarında yol polisi yol hərəkəti qaydalarını pozanlara qarşı mübarizə çərçivəsində sürücülərin sənədlərini yoxlamaq üçün Təl-Əvivin mərkəzində bir neçə maneə -şlaqbaum quraşdırdı. Hafta.az Moderator.az-a istinadən xəbər verir ki, belə bir maneə ölkə paytaxtının Kibutz Qaluyot küçəsində də quraşdırılıb. Axşamçağı polis yüksək sürətlə gələn bir avtomobili görüb. Avtomobilin sürücüsü polisin göstərişlərinə tabe olmayaraq sürəti artırıb və hərəkətə davam edib. Maşın şlaqbauma çırpılıb onu aşıraraq polislərin yanından ötüb-keçib. Polis təqibə başlayıb. Və yalnız Bat Yamın rayonu ərazisində asayiş keçikçiləri işıqforun qırmızı işığına əhəmiyyət verməyərək yüksək sürətlə hərəkət edən  avtomobili dayandırmağı bacarıblar. Maşının sükanı arxasında qanında spirtin səviyyəsi icazə verildiyindən ikiqat yüksək olduğu müəyyən edilmiş  gənc qız aşkar edilib. Onun sürücülük vəsiqəsi əlindən alınıb və qız məhkəmə qarşısında cavab verməli olacaq. Əyyaş zərif cins nümayəndəsinin avtomobili isə cərimə meydançasına aparılıb.

 

Narkokuryer pişik tutuldu 

Tatarıstanda xaltasında narkotik maddə olan həşiş daşıyan pişik tutuldu. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, Tatarıstanın Mendeleyev rayonunda yerləşən 10 saylı islah müəssisəsinin əməkdaşları narkokuryer pişik tutulublar. Şübhəli görünən pişik əməkdaşların diqqətini çəkib. Pişiyin xaltasında həşişə oxşar maddə tapılıb. Pişiyi üstündəki maddə ilə birlikdə ekspertizaya göndəriblər. Pişiyin tutulma anı nəzarət kameralarına düşüb.

 

Şəmkirdə kişi bacısı ilə keçmiş arvadını döydü

Şəmkirdə bir qadının iki nəfər tərəfindən döyülmə faktı qeydə alındı. Hafta.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumtına görə, hadisə rayonun Alabaşlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1966-cı il təvəllüdlü Bürcəliyeva Gülnarə Binnət qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Qadının sözlərinə görə o, boşanan əri və onun bacısı tərəfindən döyülüb. Bacısının onun boşandığı ərində gözü olub.Elə hadisə də tərəflər arasında bu səbəbdən baş verib.Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

 

Bakı-Ələt yolunda maşın divara dırmandı

Bakı-Ələt yolunda yol qəzası baş verdi. Hafta.az-ın yazdığına görə, “BAKU.WS” xəbər verir ki, hadisə anı digər avtomobilin videoregistratoru vasitəsi ilə qeydə alınıb. Yolun sağ zolağı ilə hərəkət edən "VAZ 2104" markalı avtomobil qəfil yoldan çıxır. Yolun kənarındakı drenaj quyusuna düşən avtomobilin sürücüsü rulu sola buraraq baş verə biləcək dəhşətli qəzadan son anda xilas olub. Kadrlardan da göründüyü kimi, avtomobil divara doğru irəliləyir və son anda sürücü manevr edir.

 

Gəncədə universitetin kompüterləri oğurlandı

Gəncədə oğurluq hadisəsi baş verdi. Hafta.az yazır ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə Azərbaycan Dövlət Aqrar Universitetində qeydə alınıb. Universitetdən 15 ədəd komputeri oğurlanıb. Hadisə ilə bağlı polisə məlumat verilib. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.