Səssizləşən, kimsəsizləşən Göyçay - REPORTAJ

17:10 13.04.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hər il bu vaxtlar Göyçay əsl cənnəti xatırladır. Bu il də hər yan yamyaşıl, ağaclar çiçəkli, yer-yurd yaşıl çəmən.

Havalar da gündən-günə qızaraq adamları açıq havada daha çox vaxt keçirməyə çağırır. Amma təxminən 4 aydır dünyanı xofa salmış koronavirus göyçaylıları bu təbii gözəllikləri duymaqdan məhrum etməkdədir.

Maşına həsrət küçələr

Avtomobil Göyçay şəhərinin avtovoğzalına tərəf şütüyür. Amma yol,tək-tük maşınlar istisna olmaqla, tamam boşdur. Son illərdə istifadəyə verilmiş avtovoğzalın qapıları da bağlıdır. Rayonun kəndlərinə, eləcə də rayonlararası marşrutlar üzrə işləyən avtobuslar isə yuyulub, dezinfeksiya edilərək cərgə ilə avtovoğzalın həyətində saxlanılıb. Başqa vaxtlar atovoğzalın ətrafında taksi əlindən gəzmək olmasa da, bu gün tam sakitlikdir – nə taksi var, nə də avtobuslara tələsən sərnişinlər.

Məmməd Əmin Rəsulzadə küçəsiylə şəhərin mərkəzinə - Heydər Əliyev prospektinə doğru qalxıram. Kilometrlərcə uzanan küçədə cəmi altı avtomobil gördüm. Güman ki, onlar da icazəli idilər. Şəhərin mərkəzində qərbdən şərq istiqamətinə uzanan Heydər parkında başqa vaxtlar adam əlindən tərpənmək olmasa da, indi heç kim gözə dəymirdi. Koronavirusa yaxalanmamaq üçün sakinlər “Evdə qal” çağırışına uyğun davranırdılar. Günün bütün saatlarında, heç kim zərurət olmadığı təqdirdə evdən bayıra çımır. Ara-sıra küçələrdə asta sürətlə hərəkət edən polis maşınlarından səsucaldanlarla sakinlər evdə qalmağa təşviq edilir.

Satıcıların gözü yolda

Göyçayda ərzaq satılan dükanlar istisna olmaqla, bir dənə də olsun qapısı açıq ticarət mərkəzi görmək olmaz. Hətta el arasında köhnə bazar yolu deyilən küçənin sağını-solunu saran dükanlardan bəzilərini xəlvəti açan olmasın deyə, qapılarının qarşısına dəmir dam örtüyü ilə bağlamışdılar.

Rayonda ən maraqlı yer təzə bazardır. Ucsuz-bucaqsız bazar ərazisinə avtomobillə daxil oldum. Hansı ki, karantindən əvvəl bu ərazidə piyada hərəkət eləmək olmazdı. Müasir, səliqəli görünüşlü bazarda piştaxtaların bir hissəsi boş idi. Güman ki, həm virusa yoluma təhlükəsindən, həm də alıcı qıtlığından bəzi satıcılar işə çıxmaq istəməmişdilər.

Bazardakıların hər on nəfərdən yeddisi satıcılar olsa da, qiymətlərdə endirim etmək heç kimin yadına düşmürdü. Pomidorun kiloqramı 2 – 2,5 manat, faraş xiyar 1-150 manat, soğan 1,20 - 1,5 manat, kartof 1 manat-1,30 manat, göyərtinin dəstəsi 20 qəpik. Meyvənin də qiyməti od saçırdı – ən keyfiyyətsiz sarı almanın kiloqramı 1,5 manatdan, nar 3 manatdan və sair başlayır. Bazarda ən ucuz satılan ağartı məhsulları – süd, qatıq, şordur. Qatığın-südün üç litrlik balonunu 2 manata almaq olur.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ancaq ərzaq dükanları işləyə bilər. Amma təəssüf ki, Göyçayın təzə bazarının darvazasından içəri girən kimi, bəlkə də ən çox alveri olan piştaxtada ərzaqdan başqa nə desən görmək mümkündür. Tamamilə təsərrüfat malları satılan həmin piştaxta bazarın lap girişində olsa da, çox qəribədir, onu qanunsuzluğun qarşısını almalı olan şəxslər ya görmürdü, ya da görmək istəmirdi.

Dana kəlləsi 50 manata…

Bahaçılıq sadəcə meyvə-tərəvəz bazarında diqqət çəkmir. Göyçay küçələrində hər addımbaşı rastlaşılan qəssabxanaların hamısı fəaliyyətdədir – axı ərzaq satılır. Satsınlar, söz yox, amma karantin rejiminin vacib qaydalarından biri də odur ki, satıcıların ağzında maska, əllərində də əlcək olmalıdır. Təəssüf ki, nə bazarda, nə saysız-hesabsız ərzaq dükanlarında, nə də bir-birinin ardıyla küçə kənarlarında sıralanmış qəssabxanalardan heç birində maska və əlcək görmədim. Belə demək mümkündürsə, Göyçayın hansısa qəssabı virusa yoluxsa, ət satdığı nə qədər insanı yoludurmuş olacaq. Bu hələ harasıdır, kəsilmiş dana və qoyunların baş-ayaqları bir qayda olaraq ət satılan dükanların qarşısında yerə qoyulur. Yan-yörədən gəlib-keçənlərin ayaqqabısının toz-torpağı da heyvan başlarının üstündə.

Hə, qiyməti də pis deyil – bazarda 50, köhnə bazar yolunun kənarında isə 45 manat. Kaş ki, bütün bunların qarşılığında, Göyçayın əlaqədar qurumları koronavirus epidemiyasının təhlükəliliyini nəzərə alaraq heyvan baş-ayaqlarının qəssabxanaların qarşısında yerə-yurda atılmasına son qoyaydılar. 

P.S. İnsafən, Göyçay rayonunda hüquq-mühafizə orqanları karantin şəraitində qaydaların pozulmamasına ciddi nəzarət edirlər.

Yeri gəlmişkən, bir neçə gün öncə xüsusi icazə alaraq, Ucardan rayonundan keçərək Ağdaşa getmişdim. Hava da çox yağışlı, soyuq idi. Göyçay və Ucar rayonları arasında postlar qurulub – biri Göyçay, digəri Ucar rayonunda. Göyçay tərəfdəki post müasir, qara və qalın şüşədən quraşdırılıb. Hansı ki, cəmi on addım qarşı tərəfdə - Ucarda qurulan post isə sadəcə iri çətirdən ibarətdir. Həm bütün günü qaydaları qoruyan polislər yazın dəyişkən havasından qorunur, həm də üzərlərinə düşən vəzifəni daha sağlam yerinə yetirirlər. Nə kimsənin Göyçaydan icazəsiz çıxmasına, nə də rayona daxil olmasına qətiyyən güzəşt edilmir. 

Oxunma sayı 874