2200 kq şokolad məhv edilib

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblıdan aldığımız məlumata görə, adıçəkilən qurumun ərazi dövlət nəzarəti idarələri 9 ay ərzində 483 müəssisədə istehsal olunan məhsullarda nöqsan müəyyən edib. Sözügedən idarələr istehlakçı hüquqlarının qorunmasına, normativ sənədlərin tələblərinə, metroloji qaydalara, istehsal və idxal olunan məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərinə nəzarət məqsədilə cari ilin yanvar-sentyabr aylarında 1175 dövlət nəzarəti tədbirləri həyata keçirib: “Həmin tədbirlər zamanı 692 təsərrüfat subyektində nöqsan aşkar edilməyərək müsbət akt tərtib edilib, 483 təsərrüfat subyektində isə müəyyən olunan qanun pozuntuları ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülüb, müəssisə rəhbərlərinə iradnamə və tələbnamə verilib, 32 təsərrüfat subyekti barədə ümumilikdə 98 000 manat cərimə qərarları qəbul edilib, 5 müəssisə barədə tərtib edilmiş sənədlər baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Dövlət nəzarəti tədbirləri nəticəsində uyğunluq sertifikatı olmadığına görə 2558 litr alkoqolsuz içki, 2500 litr alkoqollu içki, 1560 kq un və konditer məmulatları, 10516 ədəd müxtəlif adda konservlər, 783 kq süd məhsulları, 30 592 kq dənli bitkilər, 183 kq ət məhsullarının satışına icazə verilməyib. Bundan başqa, təhlükəsizlik və digər göstəricilərinə görə standartın tələblərinə uyğun olmayan 2200 kq şokolad və vafli, 82 kq şərq şirniyyatı və biskvitli kremli tort, 60 kq nabat şəkilli karamel, 5000 litr alkoqolsuz içki, 900 litr süd məhsulları, 4500 litr alkoqollu içki, 135 kq dondurma aktlaşdırılaraq məhv edilib“.
Təbriz Vəfalı
Oxunma sayı 85