Şirməmməd Hüseynovla vida mərasimi - REPORTAJ

15:13 25.06.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

İyunun 24-də dünyasını dəyişən görkəmli alim və mətbuat tədqiqatçısı, jurnalist-pedaqoq Şirməmməd Hüseynovla ona hər zaman doğma yer olan Bakı Dövlət Universitetində vida mərasimi keçirildi.

Vida mərasimində böyük alimin dərs dediyi tələbələrlə yanaşı, rəsmi şəxslər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezidentin köməkçisi Əli Həsənov, millət vəkili Fazil Mustafa, yazıçı Sabir Rüstəmxanlı, Nəriman Həsənzadə, DİM rəhbəri Məleykə Abbaszadə, ADU-nun rektoru Kamal Abdulla, yazıçı Anar, Fikrət Qoca, Ombudsman Elmira Süleymanova, Gənclər və İdman nazirinin I müavini Fərhad Hacıyev, Səhiyyə Naziri Oktay Şirəliyev, BDU-nun rektoru Elçin Babayev, həmçinin müəllim və tələbə heyəti, Ş.Hüseynovun ailə üzvləri və dostları, media nümayəndələri var idi.

Vida mərasimdə ilk çıxış edən BDU-nun rektoru Elçin Babayev dedi ki, bu gün böyük bir şəxsiyyətlə elm, təhsil fədaisi, milli jurnalistikanın əsas simalarından biri olan Şirməmməd müəllim Hüseynovla vidalaşırıq: "Şirməmməd müəllim milli mətbuatın əksi idi. Yüzlərlə jurnalistin ustadı idi. O, gənclərə xüsusi diqqət yetirirdi. Onun xarakterində xüsusi inadkarlıq var idi. Bu inadkarlıq onu yüksəklərə gətirib çıxara bilmişdi. Universitetdə hər zaman dövlətin, millətin, xalqın böyüklüyünü xüsusi diqqətlə təbliğ edirdi. O, Azərbaycan və azərbaycançılıq ideologiyasının tədqiqatçısı idi. Milli təəssübkeşlik, vətəndaşlıq dəyərlərini təbliğ edirdi. Tənqidçilik, obyektivliyin davamlılığında, inkişafında böyük əmək sərf edib. Şirməmməd Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını öz məqalələrində, monoqrafiyalarında qürurla təbliğ edirdi. Dövlətimiz də onun əməyinə hər zaman yüksək qiymətləndirib. Şirməmməd müəllim 2005-ci ildən Prezident Təqaüdçüsü idi. 2014-cü ildə isə "Şöhrət" ordeninə layiq görülmüşdü. Şirməmməd müəllim, tədqiqatçı idi. Ona görə də onun xatirəsi hər kəsin ürəyində əbədi yaşayacaq".

Xalq şairi Sabir Rüstəmxanlı da öz müəllimi haqqında xatirələrini dilə gətirdi:

“Şirməmməd müəllim sözün əsl mənasında böyük müəllim və müəllimlər müəllimi idi. 95 illik ömrünün böyük hissəsini Bakı Dövlət Universitetində çalışmışdır. Mən universitetdə oxuduğum müddətdə dekan müavini idi. Bütün tələbələrlə dost idi. O cümlədən mən özüm də tələbə olmağıma baxmayaraq, Şirməmməd müəllimlə dost idik. O dostluğumuz ömrünün axırına qədər davam elədi. 20-ci əsr Azərbaycan jurnalistikasının yəni müstəqil dövlətimizin mətbuat tarixinin ən bacarıqlı, vicdanlı araşdırıcısı idi. O, hələ Sovet dövründə Məmməd Əmin Rəsulzadənin adı yasaq olanda onun yaradıcıllığını araşdırırdı.

Qeyri-adi yaddaşı var idi. 1930-1940 ci illərdə xalqın həyatında baş verən bütün hadisləri o bilirdi. Xüsusən də represiyya illərinə aid çoxlu araşdırmaları yazmışdı. Azərbaycanın ilk müstəqil qəzeti olan “Azərbaycan” qəzetini buraxanda ardıcıl yazıları orada çap olunurdu. Şirməmməd müəllimin pedeqoji fəaliyyəti isə bir ayrı mövzudur. Həm də o, şox ədalətli, prinsipial müəllim idi. Bəziləri alim olur və sakit bir kənarda çəkilib susurlar. Şirməmməd müəllim isə ömrünün axırına qədər arxivləri araşdırdı. Onun görüşdüyü insanlardan biri Bəxtiyar Vahabzadə idi. Onlar çox yaxın dost və məsləkdaş idilər. Ömrünü belə mənalı işlərə sərf edən insanlar əslində ölmürlər”.

Sabir Rüstəmxanlının fikirlərini öyrənib onunla eyni sırada əyləşən 525-ci qəzetin baş redaktoru Rəşad Məcidə yaxınlaşırıq. Rəşad müəllim də çox üzüldüyünü dilə gətirir. Deyir ki, ustad müəllimimizi - Şirməmməd Hüseynovu itirdik, həyatımızda dərin bir boşluq yarandı:

“Tələbəlikdən üzü bəri, hələ şəxsən yaxın olmadığımız vaxtlardan ona əfsanə kimi baxırdıq. Düzlüyü, saflığı, ədaləti, prinsipiallığı və xarizmasıyla. Sonra “525”də yollarımız kəsişdi. Tez-tez görüşdük. Dəyərlərə dəyişməz sadiqliyi, gördüyü işə sonsuz inamı və zövq alması, yorulmazlığı, əzmkarlığı, təmizliyi, saflığı, gözütoxluğu, müdrikliyi, ləyaqəti, mülayimliyi və hökmü ilə bizə nümunə oldu. Belə yaşamaq mümkündür nümunəsini göstərdi.

Keçən həftə yay tətilinə görə hər şənbə “525”də dərc olunan yazılarına iki aylıq fasilə verdiyini söylədi və dünən bizi tərk etdi. Amma əminik ki, sentyabr gələcək, Şirməmməd müəllim yenə yazacaq, yenə qəzetdə tariximizi araşdıran yazıları, tələbələrinə örnək olan həyatıyla, müdrik söhbətləriylə bizimlə birgə olacaq. Allah rəhmət eləsin! Bütün xalqımıza, media ictimaiyyətinə, çoxsaylı tələbələrinə, fədakar, əziz Ülkər xanıma, Fərəh və Lalə xanımlara, nəvələrinə, doğmalarına dərin hüznlə başsağlığımı çatdırıram!”.

Bu səs-küydə, qəmgin anlarda hamıya kövrəkcəsinə baxan Azərbaycanın tanınmış jurnalisti, BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədliyə yaxınlaşıb onun da öz müəllimi haqqında fikirlərini dilə gətirməsini istədik. Cahangir müəllim kövrələ-kövrələ dedi ki, bu gün Azərbaycan jurnalistikası böyük bir insanı itirdi:

“Şirməmməd müəllimin itkisini mən bütün jurnalistikanın itkisi hesab edirəm. Çünki o, Azərbaycan jurnalistlərinin hamısının ustadı hesab edilir. Mən Şirməmməd müəllimlə 50 il bir yerdə işləmişik. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin ləyaqətli yaşaması onun adı ilə bağlıdır. Şirməmməd müəllim biz jurnalistikayla yanaşı, ləyaqət öyrətdi. Həmçinin Azərbaycan mətbuatını necə dəqiq tədqiq etməyi, jurnalistikanın bütün sirrlərini öyrətdi. Onun araşdırdıqları, yazdıqları bundan da sonra jurnalistlər üçün böyük bir dərs kimi külliyyatdır. Klassik ənənələrini öyrətməklə, özü də klassik bir məktəb yaratdı. Bir tədqiqatçı kimi mən də o, böyük alimin tələbəsiyəm. Şirməmməd müəllimin məktəbinin bütün nümayəndələri onu ömrünün hər bir anında xatırlayacaq. Allah onu rəhmət eləsin!”.

Millət vəkili Fazil Mustafa da vida mərasiminə qatılanlar arasında idi. O, da xatirələrini bizimlə bölüşdü:

“Şirməmməd müəllim Azərbaycanın 20-ci və 21-ci əsrdə ən böyük dəyərlərindən biri olan şəxsiyyət idi. Onun gördüyü işlər təkcə bir insan üçün yox, xalq üçün zaman-zaman gərəklidir. 90 yaşında və zəkası aydın olan, yazıb, araşdırmaq eşqi ilə yaşayan bir şəxsiyyət idi. Bu cür şəxsiyyətlər Azərbaycan tarixində nadir hallarda olur. Onun qoyduğu irs, örnək yaşam tərzi, üslubu, vicdan, obiyektivlik meyarları cəmiyyət üçün uzun müddət etalon olaraq qalacaqdır. Mən çox az sayda ziyalı ilə Şirməmməd müəllimi müqayisə edə bilərəm. Azərbaycanda gəlib, getmiş bütün parametrlərlə aydın olan bir kimlik idi. Onun kimliyi, qoyduğu irs hər zaman yaşacaq. Məmməd Əmin Rəsulzadə irsinin araşdırması kimi elə bir fədakarlıq edib ki, inanmıram daha onu kimsə təkrar edə bilər. İnanıram ki, Azərbaycan Şirməmməd müəllimin arzuladığı bir xalqa çevriləcək. Onun arzuladığı xalqa çevrilməyimiz isə bütün problemlərin həll olunması deməkdir”.

Qızı Fərəh Əliyeva də atası haqqında xatirə nitqini söylədi. Kövrək səsi ilə atası haqqında yalnız bunları dilə gətirə bildi: "Bu səhnədə dayanmaq mənim üçün çox ağırdır. Gəldiyiniz üçün hamlınıza təşəkkür edirəm. Acılı günümüzdə bizimlə birlikdə oldunuz. Atam çox şərəfli və ləyaqətli ömür yaşayıb. Bizə böyük miras qoyub. Elmi irsi, şərəfi bizim mirazımızdır. Atam BDU-nu birinci evi hesab edirdi. 60 il buraya gəlib getdi. Ən böyük arzusu isə Azərbaycanı müstəqil görmək idi. Atam cümhuriyyətin 100 illiyində öz övladının xoş günü kimi qeyd etdi. Uzun illər dövlət başçısının, birinci xanımın qayğısını görüb. Onda heç vaxt nəyinsə təmənnası olmayıb. Hər şeyi ürəkdən deyirdi və arzu edirdi. Mən inanıram ki, atamın ruhu uzun illər bu divarlarda olacaq, Azərbaycanda yaşayacaq".

Vida mərasimi başa çatdıqdan sonra, dəfn mərasiminə yollanarkən yenicə xalq şairi adını almış Ramiz Rövşənlə üz-üzə gəldik. Xalq şairi Şirməmməd müəllim haqqında fikirlərini elə çıxışda bizimlə bölüşdü:

“Mən elə bilirəm ki, bu itki mətbuatımız üçün ən ağır bir itkidir. Həm ölkəmiz, həm ölkəmizin insanları üçün kədərli bir gündür. Şirməmməd müəllim ölməz bir şəxsiyyətdir. O, Azərbaycan tarixi ilə yanaşı, cəmiyyət üçün böyük əziyyətləri olub. Ömrünmün ən yaxşı vaxtlarını araşdırmaçılığa sərf edib. Cümhuriyyət tariximiz, Məmməd Əmin Rəsulzadə irsi haqqında cild-cild araşdırmaları elə bu xalq üçün qoyub getdiyi ən böyük əmanətlərdən biridir. Şirməmməd müəllim gördüyü işlərlə yanaşı bütöv, əxlaqı-mənəvi mənada gözəl olan bir şəxsiyyət idi. Ruhu şad olsun!”.

 Allah rəhmət eləsin, ruhu şad olsun!