Siyahıyaalınma ilə bağlı son durum - QAPILAR AÇILMIR

16:39 10.10.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, oktyabrın 1-dən ölkə ərazisində əhalinin siyahıyaalınmasına start verilib. Bu gun isə proses başa çatır. Bəs, görəsən, hazırda  proseslə bağlı son durum necədir?

Qeyd edək ki, bir çox vətəndaşlar siyahıyaalınma prosesi ilə bağlı onların yaşadıqları ünvanlara heç kimin gəlmədiyini söyləyirlər. Hansı ərazilərdə prosesin tam yekunlaşması, siyahıyaalma prosesinin vaxtının uzadılması ehtimalı ilə bağlı suallarımıza aydınlıq gətirən Dövlət Statistika Komitəsinin Siyahıyaalma qrupunun rəhbəri Azad Abassəliyev hafta.az-a açıqlamasında bildirib ki, hazırda  əhalinin siyahıyaalınması yüksək səviyyədə davam edir və siyahıyaalma prosesi bu gün yekunlaşacaq:  “Hələlik bizdə konkret məlumatlar yoxdur. Cünki proses yekunlaşmayıb. Amma onu deyim ki, siyahıyaalma yüksək səviyyədə gedir. Bu proseslə bağlı komitədə “Qaynar xətt” əlaqə mərkəzi yaradılıb. Burada vətəndaşları maraqlandıran suallar cavablandırılır. Eləcə də, yaranan çətinliklər operativ şəkildə aradan qaldırılır. Digər tərəfdən, əgər gedilən ünvanda heç kim yoxdursa, sayıcı qapıya bildiriş qoyur. Bundan başqa, bəzi hallarda vətəndaşlar tərəfindən sayıcıya öz vəzifəsini icra etmək üçün lazımi şərait yaradılmır, evdə olmalarına baxmayaraq, qapı açılmır. Yuxarıda qeyd olunan belə hallarda sayıcı tərəfindən həmin vətəndaşlara təkrar müraciət olunur. Eyni zamanda məlumatların keyfiyyətini təmin etmək üçün siyahiyaalınmadan sonrakı dövrdə, yəni oktyabrın 11-15-i tarixlərində təlimatçı-nəzarətçi və sayıcılar tərəfindən nəzarət gəzişləri həyata keçiriləcək, seçmə qaydada sayıcının işinin keyfiyyətinin yoxlanılması ilə yanaşı, evdə tapılmayan şəxslərin ünvanlarına bir daha baş çəkiləcək. Yəni, siyahıyaalma bu gun başa çatsa da, məlumatların emalı uzun prosesdir”.

Onun sözlərinə görə, proses başa çatdıqdan sonra hər bir bölgənin statistika idarəsindən materiallar siyahıyaalma qrupuna təhvil veriləcək: “Növbəti mərhələdə məlumatların xüsusi proqram təminatı vasitəsilə elektron məlumat sisteminə daxil edilməsi həyata keçiriləcək. Bu proses 2020-ci ili əhatə edəcək. Sonrakı dövrlərdə isə emalı və materialların istifadəçilərə çatdırılması təmin ediləcək. Bu proses isə təxminən 1,5 illik dövrü əhatə edəcək. Siyahıyaalma məlumatlarının istifadəçilərə çatdırılması 2021-ci ilin sonu 2022-ci ilin yarısına qədər nəzərdə tutlub”.

Qeyd edək ki, ölkəmizdə sonuncu dəfə siyahıyaalınma 2009-cu ildə keçirilib.

Bu il keçirilən siyahıyaalınma prosesində əhalinin sosial vəziyyəti ilə bağlı bütün məlumatların əldə olunması üçün vətəndaşlara 52 müxtəlif sual ünvanlanır.