Son  50 ilin müharibə və qırğınlarının baiskarları - ARAŞDIRMA

18:42 04.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ Konqresi Türkiyəyə qarşı bəzi hərbi sanksiyaları və qondarma erməni soyqırımını nəzərdə tutan qanun layihəsini qəbul edib. Bu layihələrin Senatda təsdiqlənib-təsdiqlənməyəcəyindən asılı olmayaraq, hər halda, Konqres kimi ali qanunverici orqanda bu qərarlar əksər səslə qəbul edilib və bununla da Amerikanın Türkiyə üzərində “ağalıq etmə” iddiasının olduğu aşkar şəkildə özünü göstərib. Axı ortalama 60 ildir ABŞ Türkiyə ilə NATO bayrağı altında müttəfiqdir, ikilikdə dünyanın çeşidli bölgələrində Amerikanın “düşmənlərinə” qarşı mübarizə aparıblar, qan töküb, şəhid veriblər...

Atalardan qalma bir yaxşı söz var: ilanın görünüşünə aldanıb quyruğunu tapdalama, sancar. İlan ilan olaraq qalır. ABŞ da belədir: Türkiyənin timsalında onillərdir, əl-ələ verib bir-birlərinin təhlükəsizliyini qorumalarına baxmayaraq, hər hansı marağına toxunan dostunu qeyd-şərtsiz öldürə bilən amansız qüvvədir. 

ABŞ üçün dost-müttəfiq anlayışı elə öz maraqlarıdır. Ona maraqlı deyil ki, Türkiyənin Yaxın Şərqdə marağı nədir, İranın, Səudiyyə Ərəbistanının, Misirin, Çinin və ya Yaponiyanın istəyi nədir - hamı Vaşinqtona xidmət etməlidir, vəssalam; məsələn: gəlirlərini artırmaq istədi, Çindən, Avropa ölkələrindən və sair alınan məhsullara əlavə və çox yüksək dəyər vergisi tətbiq elədi. Venesuelanın mövcud hakimiyyəti bir-iki müstəqil qərar qəbul edib, artıq düşməndir, İran, Şimali Koreya liderlərinin öz baxışları var, onlar dünyaya təhdiddirlər, Rusiya iqtisadiyyatını gücləndirirsə, deməli bu, Amerikaya təhlükədir və sair. ABŞ mövcud olduğu bütün dövrlərdə dünyaya bu prinsiplərlə yanaşıb. İlk gündən dünyanı təkqütblü görmək istəyib və özünü də o qütbün zirvəsində hiss edib.

Bu yerdə deyim ki, Donald Tramp iqtidara gələndən sonra, sələflərindən beşqat artığını eləməsinə baxmayaraq, özündən əvvəlki prezidentlərin elədiklərini üzə çıxarmaqdadır. Elə onun üzə çıxardıqlarından ilhamlanaraq, yuxarıda qeyd etdiyim kimi, ABŞ ordusunun bəhanələrə bürünərək başladıqları müharibələrdən söz açım.

 

Koreya müharibəsi

 

1950-1953-cü illərdə Koreyanın Şimalı və Cənubu arasında gedən vətəndaş müharibəsi, əslində,  ABŞ-la kommunist bloku arasında baş vermiş toqquşmadır. Koreya torpağı, sadəcə, bəhanəyə əsas verən meydan, koreyalılar isə maraqlar uğrunda mübarizənin qurbanlarıdır.

Deməli, həm Yaponiya, həm də Koreyanın cənubunda hərbi qüvvələri olan ABŞ bölgədə rahatca hegemonluq elədiyi bir vaxtda, SSRİ Çində kommunizmi bərqərar elədikdən sonra, Şərqi Asiya xalqlarını özünə çəkməyə başlayır. Hətta Moskva, ABŞ-ı Koreya yarımadasından, daha sonra da Yaponiya torpaqlarından çıxarma planları qurur. 1950-ci ilin iyunun 25-dən başlayaraq, Şimali Koreya ordusu Cənubi Koreya ilə sərhədə yeriyir. Vaşinqton bu ssenarinin Moskva və Pekində yazıldığını iddia edir və Cənubi Koreyanın kommunistlər tərəfindən tutulmasına əngəl olmaq məqsədilə müharibəyə başlayır. Pentaqondan əmr alan ABŞ-ın Yaponiyadakı ordusunun komandanı, general Duqlas MakArtur Koreya yarımadasına ordu çıxarır. Vaşinqton, eyni zamanda, BMT Təhlükəsizlik Şurasına müraciət edərək, Koreyada başlayan müharibədə özünə dəstək istəyir. O zamankı TŞ-da Yuqoslaviyanın əleyhinə səs verməsinə, Misir və Hindistanın bitərəf qalmasına baxmayaraq, 9 ölkənin “hə” deməsi müqabilində ABŞ Koreyada genişmiqyaslı müharibəyə başlamaq üçün mandat alır.

Qeyd edək ki, Çin səsverməyə qatılmayıb və buna etiraz edən SSRİ də səsvermədə iştirak edib deyə, avtomatik veto hüququndan istifadə edə bilməyib.

Beləliklə, ABŞ, Türkiyə, İngiltərə, Yeni Zelandiya, Belçika, Filippin, Kanada, Lüksemburq, Yunanıstan, Efiopiya, o vaxtkı Cənubi Afrika Birliyi, Niderland və Kolumbiya əsgərlərini BMT bayrağı altına toplayaraq əməliyyata başlayır.

ABŞ Cənubi Koreyanın 603 minlik ordusuna dəstək məqsədilə yarımadaya 324 min əsgər gətirir. Şimali Koreyanın 267 minlik ordusuna isə, Çin 1 milyon 350 min, SSRİ də 26 min əsgərlə dəstək göndərir.

Döyüşlər tam şiddəti ilə davam edir, ordular Koreya yarımadasını ikiyə bölən indiki sərhəddə (38-ci en dairəsi) dayanır. Maraqlısı budur ki, amerikalı general Douqlas MakArtur, prezident Trumanın əmrini qulaqardına vuraraq, orduya Çin sərhədlərinə doğru irəliləmək barədə əmr verir. Üstəlik, o, bir qədər də azğınlaşaraq Çinin Koreya yarımadasına həmsərhəd olan Mancuriya bölgəsinin iri şəhərlərinə atom bombası atmaq barədə təklif səsləndirir. Odur ki, Ağ Ev onu öz xoşu ilə istefa verib təqaüdə çıxmağa məcbur edir.

Qəribədir, cəmi 6 il əvvəl, ABŞ bəşər tarixində ilk dəfə atom silahından istifadə edərək Yaponiyanın iki böyük şəhərində kütləvi qırğın töprətmişdi. General MakArturun simasında, amerikalı hərbçilər atom bombası partlatmaqla törədilən kütləvi qırğınları artıq qələbəyə aparan ən asan yol kimi görməyə başlamışdılar. Sadəcə, bu istəklərin qarşısında SSRİ-nin cavab tədbirləri görəcəyi əndişəsi dayanırdı… Beləliklə, üç il sürən müharibə 1953-cü ilin iyulunda Panmunjom müqaviləsi imzalanmaqla başa çatır.

Müharibədə dəyəri-hesabı on milyardlarla dollara çatan dağıntılar yaranır, ümumilikdə 3 milyon insan həlak olur. O cümlədən, ABŞ 56 min, Cənubi Koreya 600 min, Çin 500 min əsgər itirir. Üstəlik, Çin və Şimali Koreya tərəfindən döyüşlərə könüllü qatılan 1,5 milyon kommunist ölür.

Bu arada qeyd edək ki, məhz Amerika üçün müharibəyə 5,1 min hərbçisi ilə qatılan qardaş Türkiyə 721 şəhid verir. Hansı ki, bu gün ABŞ-dan artıqlaması ilə “sağ ol”unu almaqdadır.

 

Vyetnam müharibəsi

 

Bu müharibənin baiskarı keçmiş ABŞ prezidenti Riçard Niksondur. O, müharibədən əvvəl bəyan eləmişdi ki, “müharibə Kambocanın (o vaxt ərazi Kamboca adlandırılırdı) işğalı üçün aparılmır. “Düşmən birlikləri sığınacaqlardan təmizləndikdən sonra” sülh yaranacaq.

Müharibəyə səbəb nədir? 1954-cü ildə bağlanan Cenevrə sazişinə görə, Şimali və Cənubi Vyetnam dövlətləri qurulub. Nəzərdə tutulur ki, 1965-ci ildə keçiriləcək seçkilərdən sonra iki dövlət birləşsin. Cənubi Vyetnam Amerikanın təzyiqi ilə seçkiyə qatılmamaq qərarına gəlir. Odur ki, münasibətləri kəskinləşdiyi üçün 1957-ci ildə iki tərəf arasında hərbi toqquşma başlayır. Təbii ki, ssenari üzrə ABŞ Cənubi Vyetnamı “qorumaq” adı ilə müharibəyə qatılır.

ABŞ Cənubi Vyetnamın köməyinə özü ilə bərabər Cənubi Koreyanı, Tailandı, Avstraliyanı, Yeni Zelandiyanı, Kambocanı, Laosu, Filippini canlı qüvvə, Tayvan, Kanada, Qərbi Almaniya, İngiltərə, İran, İspaniya və Malayziyanı isə ərzaq, maliyyə və digər vasitələrlə yardım etməsi üçün səfərbər eləyir. Şimali Vyetnam tərəfində isə Çin, Şimali Koreya ilə yanaşı ABŞ-ı dəstəkləyən bölgə ölkələrində fəaliyyət göstərən Sovetyönümlü Qırmızı Kmerlər, Viet Konq, Pafet Lao kimi üsyançı kommunistlər savaşır, SSRİ, Kuba, Çexoslvakiya, Bolqarıstan, Şərqi Almaniya, Polşa, Macarıstan, İsveç və Rumıniya tərəfindən isə hər cür dəstəklənir.

ABŞ bu savaşda yeni silahını – “Napalm” bombasını sınaqdan çıxarır və bu, dünya birliyi tərəfindən sərt qarşılanır. Ondan sonra onun istifadəsi yasaqlanır.

Tam 21 il sürən müharibə 1975-ci ildə başa çatır və 5 milyondan artıq insanın ölümü ilə nəticələnir. Bu müharibədə ABŞ ordusu 58 min canlı qüvvə itirir, üstəlik, müharibədən sonra Amerikaya qayıdan əlavə yüzlərlə veteran da intihar edir. Bütün bunlara rəğmən ABŞ Vyetnamı bölə bilmir, əksinə dolayısıyla birləşməsinə səbəb olur.

Cənubi Vyetnam cəbhəsində - Cənubi Vyetnam ortalama 316 min ölü, 1 milyon 170 min yaralı, ABŞ 58,3 min ölü, 304 min yaralı, 1700 itkin, Cənubi Koreya 5,1 min ölü, 11 min yaralı, Avstraliya 521 ölü, 3 min yaralı, Yeni Zelandiya 37 ölü, 187 yaralı, Tailand 1351 ölü, Laos 30 min ölü verib. Şimali Vyetnam isə 1 milyon 170 min nəfər itirib, 600 min nəfər yaralanıb, Çin 1500-dək əsgər itirib, 4,2 min əsgəri yaralanıb, SSRİ-nin isə müharibədə 16 hərbçisi həlak olub. Ümumilikdə, Cənubi Vyetnam cəbhəsində 400 mindən artıq insan ölüb, yaralıların sayı isə 1,5 milyon nəfərə yaxın olub. Şimali Vyetnam tərəfində isə ümumilikdə 1 milyon 177 min hərbçi həlak olub, 604 mindən çox adam yaralanıb.

Müharibədə ən böyük itkini mülki əhali verib. Müharibə illərində bütöv Vyetnam ərazisində 2 milyon, Kambocada 1 milyona yaxın, Laosda isə 50 min mülki insan həlak olub. 

 

Əfqanıstan müharibəsi

 

Əfqanıstan müharibəsinin baiskarı Corc Buşdur. Müharibəyə start veriləndə ABŞ bəhanə uydurmuşdu ki, “məzlum əfqan xalqını ağ günə çıxarmağa gedirlər, Talibanın, Əl-Qaidanın hədəflərini məhv edəcəklər, xalq demokratik yaşamını davam etdirəcək, təhsil alacaq, parkda-bulvarda rahat gəzişəcək və sair. Eyni zamanda, Nyu Yorkda terrorunda həlak olanların da qisası alınacaq.

Müharibəyə 2001-ci il oktyabrın 7-də start verilir. NATO bayrağı altında bu ölkənin torpaqlarına girən ABŞ və müttəfiqlərinin qərarı böyük faciələrə səbəb olur. Deməli, ABŞ  90 min, İngiltərə 9,5 min, İtaliya 3,8 min, Fransa 3,3 min, Polşa 2,6 min, Rumıniya 1,9 min, Avstraliya 1,6 min, İspaniya 1,5 min, Türkiyə 1,4 min əsgərlə, eləcə də Azərbaycan da daxil 40 ölkə savaşa toplam 437 min hərbçi ilə qatılıb.

Qarşı tərəfin cəbhəsində isə Taliban, Əl-Qaida, İslami Cihad və sair digər kiçik hərəkatlardan 100 min silahlı döyüşüb. 

Nəticəsi nə oldu? NATO-ya görə üsyançılar 40 min itki verib. NATO ölkələrinin itkisi isə aşağıdakı kimidir: Afqanıstan ordusu 10,3 min, ABŞ 1835, İngiltərə 395 (başqa rəqəmlərə görə 5,3 min), beynəlxalq təşkilatların əməkdaşları və sair də daxil olan qrup 981 nəfər itki verib. Ümumlikdə 14,1 min hərbçi həlak olub, 13 min nəfər yaralanıb. 

Müharibədə 41 mindən artıq mülki şəxs qətlə yetirilib ki, bu say günümüzdə də artmaqda davam edir. Təkcə ABŞ təyyarələrinin bombardmanı nəticəsində ölən mülkilərin sayı 5 minə yaxın olub.

 

İraq müharibəsi

 

Baiskar yenə də Corc Buşdur. Kimyəvi silah arsenalını yox etmək, demokratiya aparmaq və sair kimi adlar altında bəhanələr uyduran ABŞ  ordusunu İraq torpaqlarına yeridir. Səkkiz aydan sonra prezident Səddam Hüseyni gizləndiyi yerdən çıxararaq dar ağacından asır. Amma İraqa nə asayiş gəlir, nə də terror aktları səngiyir. Nəticədə 1 milyondan artıq insan həlak olur, ölkədə məzhəb qarşıdurması şiddətlənir, 2003-cü ildən bəri 2,2 minədək intihar hücumu reallaşdırılır, 5 milyon uşaq yetim, 1 milyondan artıq qadın dul qalır, 6 milyondan çox insan ev-eşiyindən didərgin düşür...

 

Liviya müharibəsi

 

Baiskar Barak Obamadır. 2011-ci ildə NATO-nu Liviya səhralarına sürükləyən Obama, liviyalılara yeni sabahlar vəd edir. Amma yaratdığı zülmət sabahları açılmağa qoymur. Müharibə bu ölkəni defakto üç yerə bölür. 

NATO bayrağı altında ABŞ, İngiltərə, Kanada, Fransa, Türkiyə, İsveç, Belçika, Yunanıstan, Danimarka, İspaniya və Norveç (ərəb ölkələrindən İordaniya və Birləşmiş Ərəb Əmirlikləri də onlara dəstək verib), Qəddafi tərəfdə isə Liviya ilə yanaşı Belarus, Əlcəzair, Zimbabve və Suriya döyüşürdü.

NATO tərəfindən, beynəlminəl qüvvələrlə yanaşı  17 min üsyançı, Qəddafinin cəbhəsində isə 40 minədək hərbçi döyüşlərdə iştirak edib. NATO cəbhəsində döyüşən üsyançılar 7 min itki verib, 3 min nəfəri isə itkin düşüb. Qəddafinin cəbhəsində isə, o, özü də daxil olmaqla 2,5 minədək hərbçi həlak olub. 9 ay sürən döyüşlərdə 30 min mülki şəxs həlak olub, 4 min nəfər itkin düşüb. Ümumilikdə müharibə başlayan vaxtdan bu günədək 140 mindən çox itki qeydə alınıb.

 

Suriya müharibəsi

 

Baiskarı Barak Obamadır. Müharibəyə səbəb 2011-ci il martın 15-də bir qrup tələbənin Dera vilayətində məktəbin divarına “Diktator Əsəd, indi növbə sənindir” yazmasıdır. ABŞ o vaxtdan NATO müttəfiqləri ilə bu ölkədə vətəndaş müharibəsini alovlandırmaqdadır. Rusiyanın açıq müdaxiləsinə qarşı Əsəd ordusu ilə üz-üzə döyüşə bilməyən Amerika Suriyada saysız-hesabsız etnik və siyasi birlikləri silahlandırıb çıxılmaz vəziyyət yaradıb. Üstəlik, öz müttəfiqi Türkiyəni incidəcək və sonunda, yazının ilk başında qeyd etdiyim kimi, konqresin sanksiya qərarları alması ilə nəticələnəcək bir addım atıb: YPG-PKK ünsürlərini, 30 min TIR silah verərək defakto ordu vəziyyətinə gətirib. Bu gün də Suriya ərazisi çoxlu hissələrə bölünüb və hər bölgə də öz yazılmayan qanunları ilə idarə olunur. 

Ölkə daxilində 6,7 milyon mülki şəs zorla yerindən edilib, 5,6 milyondan çox suriyalı xarici ölkələrə pənah aparıb.

Bu gün Türkiyədə 3,7 milyon, Livanda 946 min, İordaniyada 670 min, İraqda 253 min və Misirdə 135 min suriyalı məskunlaşıb.

Ümumiyyətlə müharibə başlayan ilk gündən bu yana Suriyada ölənlərin sayı 600 mindən artıqdır. 60 min insanın isə öldü-qaldısından xəbər yoxdur...

Qısası, dünyada demokratiya və səadətin tək himayədarı olduğunu düşünən ABŞ, bəşəriyyətə sadaladığımdan xeyli çox bəlalar gətirib...

 

Siyasət rubrikasından digər xəbərlər