Xanım Margit Fişer Beynəlxalq Muğam Mərkəzində olub

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
AzƏrbaycanda səfərdə olan Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin xanımı Margit Fişer Beynəlxalq Muğam Mərkəzində olub. Avstriya prezidentinin xanımı Margit Fişer Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub. Qonağın diqqətinə çatdırılıb ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu Mərkəzin inşası Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun Dünya irs siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir. Margit Fişer Beynəlxalq Muğam Mərkəzində milli musiqimizin ən nadir incilərindən olan Azərbaycan muğamını dinləyib. Gənc muğam ifaçıları Arzu Əliyeva və Elnur Zeynalovun ifasında muğam və xalq mahnıları təqdim olunub. Qonaq Muğamın gözəl ifasına görə musiqiçilərə təşəkkürünü bildirib. Margit Fişer musiqiçilərlə birgə xatirə şəkli çəkdirdi. Avstriya prezidentinin xanımına Heydər Əliyev Fondunun nəşri olan “Muğam aləmi“ musiqi albomu hədiyyə edilib. Qonaq Beynəlxalq Muğam Mərkəzindən xoş təəssüratlarla ayrılıb. O həmçinin, Təzə Pir məscid kompleksi ilə tanış olub. Avstriyanın birinci xanımı Margit Fişerə məlumat verilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən əsaslı təmir edilən “Təzəpir“ məscidi və kompleksə daxil olunan əlavə tikililərdə müasirliklə yanaşı, milli mənəvi dəyərlərimiz qorunub saxlanılıb. Məscidin günbəzi içəridən ornamentlərlə bəzədilib. Qapı və pəncərələr Azərbaycan memarlıq üslubuna uyğun, şəbəkələrdən ibarətdir. Oyma naxışlarla yanaşı, burada şərq memarlıq elementləri də üstünlük təşkil edir. Diqqətə o da çatdırılıb ki, kompleksdə 1600 nəfərə xidmət göstərilməsi üçün 6 mərasim zalı yaradılıb. Zalı “Təzəpir“ məscidinin minbərlərinə uyğun hazırlanan çilçıraq bəzəyir. Qonaqlar məscidin kitabxanası ilə də tanış olublar. Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qəbul otağında görüş keçirilib. Görüşdə bildirilib ki, hər iki ölkə dərin tarixi kökə malikdir. Beynəlxalq konfranslarda hər iki dövlətin eyni mövqedən çıxış etməsi isə bu ölkələrin dostluq əlaqələrinin göstəricisidir. Azərbaycanda islam dinin inkişafına verilən dəyəri yüksək qiymətləndirən Avstriyanın birinci xanımı isə qeyd edib ki, Azərbaycanda dinlərarası dialoq, dini dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.
Azad