“Son dövrlərdə türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar” – Sona Əliyeva

17:57 16.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Axır 10 ildə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaddaqalan uğurlarla dünyanın diqqət mərkəzinə düşən qurumlardandır. Eyni zamanda, son dövrlərdə türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar. Artıq durmadan təşkilatın çevrəsi böyüyür. Hazırda 6 üzvü var. Gələcəkdə Türkmənistanın da bu təşkilata üzv olacağını düşünmək olar. Buna qədər isə Macarıstan Türk Şurasının gücünə güc qatdığını deyə bilərik. Budapeştdə bu şuranın ofisinin açılması türkdilli ölkələrin inteqrasiya prosesini sürətləndirəcək. Macarıstanda Türk Şurasının nümayəndəliyi ofisinin fəaliyyətə başlaması Türk Şurasının Avropa ölkələri və regional təşkilatlarla əlaqələrin inkişafı baxımından olduqca əvəzsizdir. Təbii ki, bu məsələdə Macarıstanın baş naziri Viktor Orbanın böyük rolu var”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün yekunları barədə danışan millət vəkili bildirib ki, Bakı zirvəsi türkdilli xalqlar arasında münasibətlərin dərinləşməsi istiqamətində böyük addımdır. Onun sözlərinə görə, gələcəkdə də qardaş xalqlar arasında qarşılıqlı əlaqələrin davam etdirilməsi önəmlidir: “Bakı zirvəsi bir sıra məqamlarla yadda qaldı. Birincisi, ilk dəfə olaraq Özbəkistan da Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak etdi. İkincisi, Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirildi. Qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu. Üçüncüsü, bundan sonra təşkilata sədrliyi Azərbaycan edəcək. Bu o deməkdir ki, təşkilata üzv dövlətlər arasındakı münasibətlər bundan sonra daha da güclənəcək. Çünki Azərbaycan kimi dünyada böyük nüfuza malik bir dövlətin belə bir təşkilata sədrliyi sözün bütün mənalarında onun gücünə əlavə güc qatacaq.  Düşünürəm ki, Azərbaycan sədrlik dövründə türkdilli ölkələr arasındakı iqtisadi, siyasi və ən əsası mədəni əlaqələrin sürətli inkişafına böyük töhfələr verəcək. Onu da qeyd edim ki, cənab prezidentimizin rəhbərliyi altında Azərbaycan türkdilli ölkələr arasında güclü iqtisadiyyata və nüfuza malik dövlətə çevrilib. Ölkəmiz Türk Şurasının Zirvə Görüşündə də bunu bir daha sübut etdi. Azərbaycan, təkcə dünya neft bazarında deyil, həmçinin regionda lider dövlət kimi böyük rol oynayır”.

Millət vəkili bildirib ki, Türk Şurası ötən bu 10 il ərzində türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayıb: “Bu 10 il ərzində Türk Şurası ilə yanaşı  Türksoy, Türkdilli Ölkələrin Parlament Assambleyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası da mühüm işlər gördü. Bu Zirvə görüşündə artıq Şuranın gələcək stratejisi kimi BMT-də müşahidəçi statusun alınması, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla əməkdaşlığın daha da artırılması göstərildi. Bu isə çox mühüm addımdır”.

Sona Əliyeva 7-ci zirvə görüşündə ölkə başçısı İlham Əliyevin Zəngəzurun vaxtilə ermənilərə verilməsi məsələsinə diqqət çəkməsindən də danışıb: "Ölkə başçısının bu barədə çıxışı onu deməyə əsas verir ki, Zəngəzurun verilməsi təkcə Azərbaycanın torpaq itkisi deyildi. Eyni zamanda Türk dünyasını bir-birindən ayıran, qoparan bir faciədir.  Bu gün də Azərbacan həmin prosesin əzablarını çəkir. Naxçıvanla quru sərhəddimizin olmaması, əlaqələrimizin kəsilməsi də məhz buna görədir. Zəngəzurun verilməsi məsələsini gündəmə gətirməklə cənab prezident tarixi həqiqətləri bir daha türkdilli ölkələrin dövlət başçılarına xatırlatmış oldu".

Siyasət rubrikasından digər xəbərlər