Sosial islahatlar sahəsində lider ölkə - TƏHLİL

15:15 05.08.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər respublikamızda əhalinin sosial müdafiəsinin, rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, imzalanan fərman və sərəncamlar insanların həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində mühüm rol oynayıb. Prezident İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirə də qeyd etdiyi kimi, 2019-cu ilin birinci yarısında Azərbaycan öz inkişaf dinamikasını qoruyub saxlayıb, qarşıya qoyulan vəzifələr icra edilib.

Təbii ki, Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində əldə olunan əlavə gəlirlər prioritet sahə olan sosial sferanın inkişafına da zəmin yaratdı. Prezident İlham Əliyev hələ 2018-ci ilin sonlarında bəyan etmişdi ki, qarşıdan gələn dövrdə əhalinin sosial durumunun daha da yüksəldilməsi prioritet təşkil edəcək. Bu fikirlərin məntiqi nəticəsi olaraq 2019-cu ilin əvvəlindən başlayaraq ölkə başçısı tərəfindən iki böyük sosial islahat paketi təsdiq edildi. Birinci paket 3 milyon vətəndaşın maaş, pensiya, sosial müavinətlərinin artlrılması, mühüm sosial məsələlərin həllinə 1.6 milyard manatın yönəldilməsini nəzərdə tutub və artıq icra olunub. İkinci paketin icrası ilə bağlı hazırlıq işləri isə tamamlanmaqdadır və sentyabrın 1- dən minimal əmək haqqının 250 manata çatdırılması, əlavə olaraq 400 min nəfərin maaşının 20-50 faiz artırılması, 750 min pensiyaçıya verilən vəsaitin oktyabrın 1- dən yüksəldilməsi nəzərdə tutulur. Hər iki paketin ümumi məbləği cari il üçün 2.3 milyard manat, gələn il üçün isə daha 3 milyard manat, ümumilikdə 4.2 milyon vətəndaşın əhatə edilməsini və 5.2 milyard manatın sərf olunmasını nəzərdə tutur.

Prezident İlham Əliyevin rəhbərliyi altında sosial qayğıya daha çox ehtiyacı olan aztəminatlı ailələrin, xüsusilə şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının, o cümlədən məcburi köçkünlərin qarşılaşdıqları əsas problemlərin həlli, onların həyat tərzinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan layihələr də xüsusi önəm kəsb edir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda minimal pensiya 72 faiz artırıldığına görə, ölkəmiz minimal pensiya üzrə alıcılıq qabiliyyətinə görə MDB də birinci olacaq. Minimal əmək haqqının 250 manata çatdırılmasından sonra isə Azərbaycan bu göstərici üzrə MDB də ikinci sırada qərarlaşmaqdadır.

Bundan başqa, müavinətlərin və tələbə təüdlərinin artırılması, 300 min əlilliyi olan şəxsi, 500 min məcburi köçkünü, 100 mindən artlq tələbəni, ümumilikdə 1.3 milyon insanı əhatə edib. Ən əsası, bu addımlar aztəminatlı təbəqəni əhatə etməklə bu kateqoriyaya aid olan insanların sosial durumunun xeyli yaxşılaşdırılmasını təmin edib.

Azərbaycan Prezidentinin digər təşəbbüsü nəticəsində sosial sığorta sahəsində inqilabi irəliləyiş təmin olunub. Belə ki, 2006-2018 ci illərdə sığortaya hətta cüzi məbləğ ödəyənlərə belə 25 illik sığorta stajı hesablanıb. Bunun nəticəsində yanvarın 1- dən heç bir bürokratik əngəl olmadan 13 min nəfərə pensiya təyin olunub. Bu siyasətin davamı olaraq il ərzində pensiyaya çıxan vətəndaşların 80 faizi də əhatə olunacaq.

Azərbaycan Prezidenti bununla da qənaətlənməyərək məşğulluq proqramı üzrə görülən işlərin sürətləndirilməsini tələb edib. Nəticədə ötən il bu proqram 6 min ailəni əhatə etmiş, bu il isə əlavə vəsaitlərin cəlb olunması nəticəsində 10 min ailənin əhatə olunması nəzərdə tutulur. Əhali arasında populyarlığı yüksələn bu proqram çərçivəsində ƏƏSMN-n ə artıq 45 min müraciət daxil olmuş, 4 min nəfər təlim keçmiş, 110 nəfər aktiv əldə etmişdir. Bununla yanaşı, DOST mərkəzlərinə 20 min müraciət daxil olmuş, vətəndaşların məmnunluğu səviyyəsi 93 faizə yüksəlmişdir. Bu gün DOST mərkəzlıri artlq 126 növ xidmət təklif edir. Bu il daha bir, gələn il isə 3 mərkəzin açılması nəticəsində Bakı əhalisinin 80 faizi DOST xidməti ilə əhatə olunacaq.

Sözsüz ki, bu gün Azərbaycanda həyata keçirilən islahatlar əksər ölkələr üçün yaxşı nümunə sayıla bilər. Çünki hazırda Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim etməkdədir. Statistik göstəricilərə nəzər saldıqda və müqayisəli təhlillər apardıqda aydın şəkildə görünür ki, beynəlxalq miqyasda Azərbaycan qədər dinamik iqtisadi inkişaf göstəriciləri olan ölkələrin sayı azdır. Azərbaycanın inkişafını beynəlxalq reytinq təşkilatları da təqdir edirlər. Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycanın 10 ən islahatçı ölkə kimi tanınması və ölkəmizin 32 pillə irəliləyərək hazırda 25-ci yerdə qərarlaşması dediklərimizin əyani sübutudur.

Bütün bunlar Azərbaycan Prezidentinin əhalinin rifahının yüksəlməsi məsələsini priotitet sahə kimi diqqətdə saxladığını, artıq bu istiqamət üzrə çox böyük işlər görüldüyünü və qarşıdan gələn illərdə də bu tendensiyanın qorunub saxlanacağını bir daha təsdiq edir. İyulun 31-də keçirilən müşavirədə dövlət başçısı bir daha bəyan etdi ki, biz əlavə gəlirlərimizin, demək olar, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olacaq. Sözsüz ki, sosial sahə üzrə görülən işlər bir tərəfdən Azərbaycan dövlətinin gücünü, digər tərəfdən də Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir. Davam etdirilən islahatlar və əldə edilmiş nəticələr bir daha onu deməyə əsas verir ki, Azərbaycan 2019-cu ili də böyük uğurlarla başa vuracaq.

 

 

Gündəm rubrikasından digər xəbərlər