“Sovet dövründə respublikada ən gənc redaktor mən idim”

10:41 16.01.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Öz sadəlikləri və davranışları ilə seçilən insanlar böyük hisslərlə, amallarla yaşayır. Sözün həqiqi mənasında o cür insanlar  təmizliyi, saflığı, milli qeyrəti və insani dəyərlərini hər şeydən üstün tutan, şəxsiyyətlərinə hörmətlə yanaşan, sözün müqəddəs varlığını duyub dərk edən duyğulu yazar və ziyalılardır.

Belə ədiblərimizdən, ziyalılarımızdan biri də cağdaş ədəbiyyatımızda özünəməxsus yeri olan, bugünkü müsahibim  tanınmış  jurnalist,”Qızıl qələm” mükafatı laureatı “Dünya” qəzetinin baş yazarı şair, publisist Füzuli Ramazanoğludur. Füzuli Ramazanoğlu 1961-ci ildə Gədəbəy rayonunda doğulub boya-başa çatıb.

- Füzulu müəllim, siz ixtisasca mühəndisziniz, deyilənə görə, hansısa böyük bir müəssisədə iş fəaliyyətinə də elə mühəndis kimi başlamısınız. Bəs necə oldu ki, jurnalis peşəsini seçdiniz?

- Elədir. Amma istedad tutduğun peşədən, vəzifədən asılı olmayaraq, öz sözünü deyir. Özü də zamanında. Mən hələ orta məktəbdə oxuyanda şeirə, eyni zamanda, jurnalistikaya böyük maraq göstərərdim. Həmin illərdə şeirlərim və məqalələrim Gədəbəy rayon qəzeti olan “Tərəqqi” qəzetində dərc olunardı. Hər ay rayon qəzetindən yazılarıma görə mənə ən azı 30-40 manat qonorar gəlirdi. Ailəmiz böyük idi. Dağ adamıydıq, maddi çətinliklərlə  üzləşirdik. Pulu poçtdan alıb gətirib qəpiyinədək atama verərdim.  Az da olsa, ailəmizə  maddi dəstək idi. Baxmayaraq yaşım az, yeniyetmə idim, amma sözügedən qəzetin redaktoru Saleh  Ocaqverdiyev maraqlı yazılarımdan və şeirlərimdən istedadımı görüb, həmişə mənə həvəsləndirici  şəkildə artıq qonarar yazardı. Eyni zamanda  ədəbiyyat müəllimim Hatəm Pirverdiyev məndə  poeziyaya  böyük həvəs yaratdı. Şeirlərimi oxuyardı və mənə bu sahədə öz məsləhətlərini verərdi. İstəyirdi ki, gedim jurnalist olum, kəndimizin problemlərini ictimaiyyətə çatdıra bilim. Rayon qəzetində çap olunan məqalə və şeirlərimi oxuyub və  hər dəfə mənə deyərdi ki, sən gələcəkdə gözəl jurnalist olacaqsan.  Lakin bu tövsiyələrə və istedadıma baxmayaraq, “Riyaziyyat” və “Fizika” fənlərinə daha çox maraq göstərirdim.

- Texniki fənnlərə maraq göstərməkdə səbəb nə idi? Gədəbəy kimi dağlıq və mənzərəli, suyu-havası kimi saf bir mühitdə böyümüşdünüz. Həm də gözəl istedadınız, jurnalist məharətiniz, jurnalist ürəyiniz vardı...

- O dövrün elm və texnikaya böyük tələbi vardı, elm və texnika əsri idi. Dünya elmi və texnika sürətlə inkişaf edirdi. Bu səbəbdən də orta məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət Politexnik İnstitutunda təhsil almağa qərar verdim. 1984-cü ildə sözügedən institutu müvəffəqiyyətlə bitirib, təyinatla  Bakı “Radioquraşdırma” İstehsalat Birliyində  mühəndis kimi əmək fəaliyyətinə başladım. Tale elə gətirdi ki, həm oxuduğum ali məktəbdə, həm də işlədiyim müəssisədə çoxtirajlı qəzetlər nəşr olunurdu. İstedad öz sözünü dedi. Həftədə bir dəfə nəşr olunan “Politexnik” və “İmpuls” qəzetlərində maraqlı məqalə və şeirlərlə çıxış edərdim. Görünür, mənim də alnıma jurnalist olmaq kimi məsuliyyətli və şərəfli bir peşə yazılıbmış. Elə oldu ki, “İmpuls” qəzetinin redaktoru Elmira xanım və əməkdaşı Faiq Qismətoğlu başqa işə keçdilər.  Birliyin rəhbərliyi istedadımı və bacarığımı görüb məsləhət bildi ki, sözügedən qəzetin nəşrini öz öhdəmə götürüm. Mən etiraz etmədim. Rəhbərliyin təqdimatı əsasında Bakı Şəhər Partiya Komitəsinin razılığı ilə “İmpuls” qəzetinə redaktor təyin edildim. Sovet dönəmində qəzet redaktoru işləmək  çox məsuliyyət tələb edirdi.  O dövrdə respublikada ən gənc redaktor da elə mən idim. Kommunist  Partiyası ləğv ediləndən sonra, qəzetin də nəşri dayandı. Ev növbəsində durduğuma görə, qalıb birlikdə yenidən mühəndis kimi çalışdım.  1999-2000-ci illərdə professor Əhməd Vəliyevin təşəbbüsü ilə rektoru olduğu Odlar Yurdu Universitetinin nəzdində “Odlar yurdu” qəzetini açdı və həmin orqanın redaktoru oldum. Qəzetin nəzdində  Odlar Yurdu Ədəbi Birliyi  yaratdım. Birliyin 50-dən artıq üzvü var idi. İstedadlı tələbə və müəllimləri bu birliyə cəlb etmişdim. Həftədə bir dəfə Ədəbi Birliyin toplantısı keçirilirdi. Birlik üzvlərinin şeirləri dinlənilir, müzakirələr edilirdi. Ən yaxşı şeirləri qəzetimizdə və respublika mətbuatında dərc elətdirirdim. Mənin respublika mətbuatı ilə sıx əlaqələrim vardı. Birliyin kifayət qədər tanınmış yazarı vardı.

- Necə oldu ki, “Dünya” qəzetini təsis etdiniz?

- Dədə Şəmşirin yadigarı, el ağsaqqalı, istedadlı şair Qəmbər Şəmşiroğlu ilə uzun illərdir ki, dostluq edirəm. Həmin vaxtlarda Dədə Şəmşirin və Qəmbər müəllimin bir neçə kitabının redaktoru olmuşam. Növbəti görüşlərimin birində Qəmbər müəllimin məsləhəti ilə “Dünya” qəzetini təsis etdik və baş redaktor da mən oldum. 2002-ci il dekabrın 27-də qəzetin ilk nömrəsi işıq üzü gördü. Qəzet ilk nömrəsindən oxucu kütləsinin marağına səbəb oldu. Qəzetdə ən çox ədəbi-publisist, vətənpərvərliklə bağlı yazılara üstünlük verilirdi. Qısa bir müddətdə qəzet Azərbaycan mətbuatında ən aktiv mətbu orqanlarından birinə çevrilmişdi.

- Yaradıcılığınız barədə nə deyə bilərsiniz? 

- Yeddi kitabın müəllifiyəm. Yüzlərlə kitabın redaktoruyam. Dədə Şəmşir Ocağına yığışmış şair və yazıçıların kitablarının redaktəsi və nəşri ilə məşğul oluram. Hazırda Dədə Şəmşirin çoxcildlik əsərlərinin nəşri ilə məşğulam.  Artıq 5-ci cildi çap prosesindədir. Yaxın günlərdə işıq üzü görəcək. Qəmbər müəllimin də əsərlərinin 8 cildi  çapa verilib.

- Siz həm də gözəl şairsiniz.  80-ci illərdə “Azərbaycan gəncləri”, “Ədəbiyyat” qəzetlərində, eləcə də “Ulduz”, “Gənclik” jurnallarında gözəl şeirləriniz çap olunurdu.  Sevgi şeirləriniz gənclərin dilindən düşməzdi. Dostlarınız sizə “məhəbbət şairi” də deyirdilər.  Son vaxtlar mətbuatda imzanıza rast gəlinmir, bu nə ilə bağlıdır?

  - Ədəbiyyatşünas alim, professor Mikayıl Rəfilinin  şeirlərini oxuyan şair dostları ondan soruşurlar ki, siz nəyə görə poeziya yaradıcılığı ilə geniş məşğul olmursunuz? Professor cavab verir ki, əgər bir tikə çörəyin arxasınca getməsəydim, yəqin ki, mən də tanınmış şairlərdən biri olardım. Ehtiyac məni poeziyadan çox, publisistika ilə məşğul olmağa məcbur etdi. Böyük şair Səməd Vurğun demişkən: ”Ehtiyac qul edir qəhrəmanı da”.  Mən də bir tikə çörəyin quluna çevrildim.

- Nə əcəb Azərbaycan Yazıçılar Birliyinin üzvü deyilsiniz?

- Bu haqda dəfələrlə AYB-nin rəhbərliyinə  müraciət  etmişəm. Amma bu işlə məşğul olanlar hər dəfə deyirlər ki, tələsmə. 20 ildən çoxdur ki, sözügedən quruma müraciət edirəm  və 20 ildir ki, mənə deyirlər ki, gözlə, növbən çatanda sən də üzvlüyə qəbul olunacaqsan. Ömür artıq tükənmək üzrədir, hələ də gözləyirəm. Belə getsə, görünür, bu gündən sonra bir 20 il də gözləyəsi olacağam.

-  Azərbaycanda ədəbi mühit sizi qane edirmi?

- Xoşbəxtlik ondadır ki, Azərbaycanda ədəbi mühit daha da çiçəklənir. İstedadlı qələm sahibləri, şairlər və yazıçılar, yazarlar  yetişir.Yaxşı olardı ki, televiziya kanalları ara müğənniləri əvəzinə, yüksək intellektual səviyyəli olan şair və yazıçıları dəvət etsinlər, onların təbliğatına geniş yer ayırsınlar.

- Bəs Azərbaycan ədəbi mühitində nə çatışmır?

- Təəssüf ki, ədəbiyyarımızda hələ də oxucu qıtlığı var. Sosial şəbəkələr Azərbaycan ədəbi mühitinə kölgə salır. Əksər saytlara baxırsan, ancaq yersiz, insanları qıcıqlandıran xəbər portalına üstünlük verirlər. Təsadüfən görürsən ki, hansısa bir saytda tarix, mədəniyyət və ədəbiyyatla bağlı yazılar dərc olunur.  Arzu edərdim ki, bütün saytlarda ədəbi mühitlə, tarixlə bağlı mövzulara geniş yer verilsin. Onda həmin saytlar da hörmətli olar və poeziyamızın oxucu qıtlığının qarşısı alınar.

Oxunma sayı 560