Sovet ordusunun Polşanı işğal etməsindən 80 il ötür

12:21 17.09.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tam 80 il əvvəl - 1939-cu il sentyabrın 17-də, SSRİ-nin hərbi qüvvələri, 1932-ci ildə imzalanmış Polşa-Sovet təcavüz əleyhinə paktını pozaraq Polşanın ərazisinə daxil olub. Sovet hərbi təcavüzü beləcə, Hitler-Stalin paktının gizli protokolunda nəzərdə tutulanları - Avropanın bölüşdürülməsi planlarını həyata keçirdi: Polşa, Litva, Latviya, Estoniya, Finlandiya, Rumıniya və Mərkəzi-Şərqi Avropanın digər suveren dövlətləri də öz ərazilərini və müstəqilliylərini itirərək SSRİ-nin təsiri altına düşdülər.

Hücum əməliyyatları tam rəvan getmədi: Sovet ordusu Polşa qoşunlarının və Sərhəd Mühafizəsi Korpusunun müqavimətinə rast gəldi. Halbuki baş komandanın əmrinə əsəsən əsgərlər birbaşa döyüşlərdən kənarlaşaraq, Macarıstan və Rumıniya istiqamətinə çəkilməliydilər. Hücum və Sovet ordusu tərəfindən tərksilah anı istisna olmaqla, əsgərlərə döyüşdən çəkinmələri məsləhət görüldü. Sovet əsgərləri 1939-cu ilin sonuna qədər  II Polşa Respublikasının şərqi ərazilərini tam işğal etdilər.

Sovet qoşunları Polşanın bütün şərq sərhədi boyu müharibə elan etmədən, hər hansı döyüşə girmədən hücuma keçdilər. Bu hücum 1932-cildə imzalanmış Polşa-Sovet antitəcavüz müqaviləsini pozdu və hər iki ölkənin hökumətləri tərəfindən bağlanmış digər müqavilələri də qüvvədən saldı. SSRİ hakimiyyəti əsas səbəb kimi Polşanın və onun ən yüksək orqanlarının qeyri-mövcudluğunu iddia edərək bütün mövcud razılaşmaları da ləğv etdi.

Sovet təcavüzünün ən təsirli anlarından biri də 200 mindən çox Polyakın həbs olunmasıdır. II Dünya müharibəsi dövründə və Sovet işğalının sonrakı illərindədə polyaklara qarşı mütəmadi şəkildə təqiblər baş verib. Sovet ordusu II Polşa Respublikasının vətəndaşlarına zorla SSRİ vətəndaşlığını qəbul etdirirdilər. Yüz minlərlə polyak Sovet ordusu tərəfindən işğal olunmuş ərazilərə və SSRİ-nin ucqarlıqlarına köçürülürdü. Onların məqsədi polyakların simasında ucuz işçi qüvvəsi qazanmaqla yanaşı, həm də II Polşa Respublikasının şərq torpaqlarının sosial strukturunda dəyişiklik etmək idi. 1940-cı illərdə Sovet hakimiyyəti Polşa ziyalılarını məhv etməyə başlayıb – 20 mindən çox Polşa vətəndaşı Katın, Xarkov və Tvej şəhərlərində kütləvi edama məruz qalıb.

"British Times" tərəfindən “arxadan zərbə” adlandırılan sovet təcavüzü 1939-cü il avqustun 23-də Moskvada imzalanmış Hitler-Stalin müqaviləsinin birbaşa nəticəsi idi. Birbaşa Polşa ilə bağlı ikinci bənd belə səslənirdi: ”Polşa dövlətinə məxsus torpaqlarda həm inzibati ərazi, həm də siyasi dəyişikliklər edildiyi halda Almaniya və SSRİ-nin maraqlı olduğu sərhəd bölgələri Narva, Visla və San çaylarının xətti boyunca olacaq. Qarşılıqlı marağa əsasən, müstəqil Polşa dövlətinin qorunması, bu dövlətin sərhədlərinin hansı ərazilər olacağı barədə sual yalnız gələcək siyasi hadisələrin gedişatında izah edilə bilər. Hər halda, hər iki ölkə bu məsələni dostcasına razılaşma yolu ilə həll edəcək”.

1939-cu il sentyabrın 28-də Alman Reyxi SSRİ ilə Polşaya qarşı başqa razılaşmaya imza atır - Sərhəd və Dostluq haqqında Saziş başğanır. Moskvada imzalanmış sənəddə müttəfiqlər Polşaya aid torpaqları öz aralarında bölərək, Polşanın suverenliyini ləğv etmək barədə anlaşırlar. Razılaşmaya əsasən, SSRİ Alman Reyxinə Mazoviyanın şərq hissəsini və Lubelşçizna bölgəsini, Almanlar isə Sovetlərə Litvanı verməyə razı oldular. Belə ki, Polşanın bölünməsi möhürlənmə əsasında edilib və Baltik ölkələri ərazisində təsir zonalarının bölünməsinə səbəb olub.

Sovet ordusunun Polşaya hücumunun nəticəsi isə belə oldu ki, ölkənin böyük bir hissəsi Sovet ordusu tərəfindən işğal edildi, mülki polşalılara qarşı ciddi qırğınlar həyata keçirildi, minlərlə polşalı həbsxanalara salındı, edamlara məhkum edildi, ağır işlərdə işləmələri üçün sürgünlərə göndərildi, xüsusilə də 1940-cı ildən başlayaraq polşalılar SSRİ-nin daxili bölgələrinə, Sibirə və Qazaxıstan çöllərinə sürgün olundu. Məlumata görə yalnız Sibir və Qazaxıstana göndərilən polşalıların sayı 320 min nəfər idi.

Bütün hallarda, Polşa xalqı işğala qarşı mübarizə apardı və bu yolda minlərlə şəhid verdi. Nəticəsi isə bu oldu ki, 21-ci əsrdə müstəqil Polşa dövləti mövcuddur və tarix boyun bu dövlətin suverenliyi uğrunda canından keçmiş qəhrəman polşalıların xatirəsini şərəflə yaşadır...