Soydaşlarımız ermənilərin təxribatlarına uymamalıdırlar – Ayhan Dəmirçi

11:14 26.07.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Avropada və dünyanın bir çox ölkəsində Tovuzda baş verən erməni təxribatına qarşı xaricdə yaşayan soydaşlarımız özlərinin etiraz səslərini ucaltdılar, bir çox etiraz aksiyası təşkil etdilər. Bəzi ölkələrdə, o cümlədən Brüsseldə etiraz aksiyaları ermənilərin təxribatları ilə  yadda qaldı. Xarici İşlər Nazirliyi səviyyəsində soydaşlarımıza erməni təxribatlarının təkrarlana biləcəyinə dair çağırışlar səsləndi. Yaşanan olaylar və Brüsseldəki son vəziyyətlə bağlı hafta.az-ın növbəti müsahibi Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçidir. Qeyd edək ki, Ayhan Dəmirçi Avropada erməni diasporuna qarşı ciddi mübarizə aparan şəxslərdən biridir. O, 20 ildən artıqdır ki, Azərbaycan həqiqətlərinin Belçikada, Avropa Parlamenti və Avropa Birliyində təbliği istiqamətində fəaliyyət göstərir.  Ayhan Dəmirçi ilə müsahibəni buyurun, siz də oxuyun:

 

- Diaspor təşkilatı olaraq Brüsseldə səfirliyimiz qarşısında yaşanan olayları qəti şəkildə qınayıram. Oraya toplaşan soydaşlarımıza ağır xəsarətlər yetiriblər. Əgər onlardan birinə nəsə olsaydı, kim cavab verəcəkdi? Bir az əvvəl Xarici İşlər Nazirliyi və səfirliklə də danışıb,  mitinqin təşkili ilə bağlı iradlarımı bildirdim. İnsanların yarısı səfirliyin həyətində olsa da, bir qismi çöldə idi. Bunu görən ermənilər, təbii ki, fürsətdən istifadə edib təxribatlar törədəcəkdi. Bunların yaşanmaması lazım idi. Bura demokratik bir ölkədir. Mitinqlər, toplantılar təşkil edib, səsini parlamentdə belə eşitdirmək imkanı var. Mənim xəbərim yox idi. Əgər olsaydı bu cür aksiyanın təşkilinə qarşı çıxardım. Insanlarımız da bu duruma düşməzdi. Əgər erməni ilə qarşı-qarşıya gəlirsənsə, orada qan çıxar.

Mitinqin təşkili ilə bağlı dövlətin müvafiq qurumları və diaspor təşkilatları arasında vahid yanaşma və koordinasiya olmalı, hər şey planlı şəkildə təşkil edilməlidir. İndi yeni mitinqin təşkili üzərində düşünürük. Yaranmış anlaşılmazlıq mitinq üçün müraciətin  vaxtını uzatdı. Üzümüzə gələn həftənin ilk günü müraciət etmək məcburiyyətində qaldıq. Şəxsi fikrim bundan ibarətdir ki, mitinq təşkili indiki məqamda doğru qərar deyil. Qaynar vəziyyət hökm sürür və oraya ermənilərin də gəlməsi, yenidən aranın qarışması ehtimalı var. Bunun ücün mən insanlarımızı vəhşilərin qarşısına çıxarıb təhlükəyə ata bilmərəm.  

-Mitinqlərin doğru yol olmadığını qeyd etdiniz. Başqa hansı vasitələrlə səsimizi dünyaya çatdıra bilərik?

- Avropada mitinqlər, əslində, o qədər də effekt vermir. Avropalılar mitinqlərə görə rahatsız olmağı sevmirlər. Hər bir ölkədə diaspor təşkilatlarımız və səfirliklərimiz var. Onlar gəlib bizlərə belə bir konfrans təşkil etmək istədiklərini söyləyəcəklər. Bu konfransı ya Avropa Birliyində, ya hansısa bir konfrans salonunda, ya da Belçika  Parlamentində təşkil etməliyik. Təşkilat olaraq biz də bir parlament təmsilçisi tapıb, bizə dəstək durmağını istəyəcəyik.  Kiçik bir konrfans belə təşkil etsək, həmin otaqdakı müzakirələri 5 500 nəfər izləyəcək. Onların da əksəriyyəti parlament üzvləri və yardımçılarıdır. Bu, daha effektiv üsul deyilmi? Onların hamısının otaqlarında sənin konfrans keçirdiyin zalın mikrofonları var. Əgər orada təmsil olunanların üçdəbiri belə səni dinləsə, böyük uğurdur.  Mitinqlərə maksimum 15-20 adam toplaşır və səsimizi də istədiyimiz kimi duyura bilmirik. 

Mitinq keçirmək istədiyimiz gün Qurban bayramına təsadüf edir. Həmin gün insanların oraya toplaşması bir qədər çətindir. Həmçinin Belçikada avqustun 1-dən etibarən karantin qaydalarının sərtləşdirilməsi də nəzərdə tutulur. Dünyanın hər bir ölkəsindən soydaşlarımız gəlmək istəsələr belə, iki gün əvvəldən onlarda xəstəlik olmadığına dair həkim kağızı almalıdırlar. Bunu kim təşkil edəcək? Biz burada yaşayan azərbaycanlılar olaraq, Belçikanın qanunlarına riayət etmək məcburiyyətindəyik.

- Hazıda Brüsseldə vəziyyət necədir? Bildiyimiz qədər son olaylarda xəsarət alan soydaşlarımızla bağlı məhkəməyə müraciət hazırlanır...

- İndi başımız son olaylarla bağlı çox qarışıqdır. Hər kəslə təmas qururuq. Həm zərərçəkənlər, həm vəkillər, həm səfirlik və həm də media təmsilçiləri ilə.

Gənclərimizlə artıq danışmışıq. Gəldikdən sonra vəkillə görüşlərini təşkil edəcəyik. Məhkəməyə müraciət edəcəyik. Hüquqi prosedurları qanunvericilik çərçivəsində təqib edirik. Yenə də bildirirəm ki, addımlarımızı qanunvericilik çərçivəsində atmalıyıq. İyirmi ildən artıqdır ki,  fəal şəkildə diaspor fəaliyyəti ilə məşğulam. Hələ bu vaxta qədər qanunlarla heç bir problemim olmadığı üçün dosyem təmiz və şəffafdır. Bu səbəbdən atacağımız addımları dərindən təhlil etməli, nizamlı formada erməni diasporu ilə mübarizə aparmalıyıq.

- Belçikada, Avropada yaşayan soydaşlarımıza hansı çağırışı etmək istərdiniz?

- Vətəndaşlarımız səbirli və təmkinli olmalıdırlar. Diqqəti əldən verməməli, təxribatlara uymamalıdırlar. Ermənilərin əl atdığı oyunlara alət olmamaq üün əlimizdən gələni etməliyik. Sistemin, qanunların imkan verdiyi şəkildə haqqımızı aramaqda davam edəcəyik.

Ermənilərin quyruq acısı var. Qudurduqları üçün sağa-sola saldıracaqlar. Məqsəd özlərini məsum göstərmək üçün səni, məni bu olayların içinə çəkərək məqsədlərinə çatmağa çalışacaqlar. Onlar hazırda bizlərə «vəhşi Azərbaycan türkləri» deyə müraciət edir. Biz indiki məqamda haqlıyıq və dünya bizim haqlı olduğumuzu qəbul edir.

Ermənilərin təxribatları ortadadır. Ən sonuncusu da Azərbaycanın Tovuz bölgəsində etdikləri hücumdur, hansı ki 11 şəhid verdik.

İndi ermənlər tamamilə sıxışmış vəziyyətdədirlər və hər yerdən qınaq obyektinə çevriliblər. Bu cür oyunların içinə çəkməklə dünyaya bizi olduğumuzun tərsi kimi göstərməyə çalışaraq, özlərinə haqq qazandırmaq istəyirlər. Gənclərimiz, diplomatlarımız bu oyunlara düşməməlidir.

- Ermənilər tərəfindən təhdidlər alırsınızmı?

- Bu günlərdə hələ ki heç bir təhdid yoxdur, amma əvvəlki illərdə olub. Ermənilər təşkil etdiyimiz toplantılarımızı basmağa səy göstərmişdilər, lakin biz öz yerimizdəyik və heç kimdən də qorxmuruq.

- Ümumiyyətlə, bu gün Avropanın siyasi dairələrində Dağlıq Qarabağ münaqişəsinə hansı yanaşma mövcuddur?

- Azərbaycanın ərazi bütövlüyünü hamı tanıyır. Ermənilərin işğal altındakı ərazilərdən çıxmasının vacibliyini bildirirlər. Amma deyirlər, icraatda heç nə yoxdur. Bu bəyanatların əməli fəaliyyətə dönməsi üçün dövlət və həmin ölkədəki soydaşlarımız basqı göstərməlidir. Gündəmə səfirliklərimiz gətirməlidir. Bəzi şeyləri dövlət edə bilmir, çünki rəsmi qurumdur. Biz bunları edə bilərik, çünki təşkilatıq. Azad fərd olduğumuz üçün istədiyimiz yerdə toplantılar təşkil edə bilərik. Səfirliklərimiz bu ölkələrin parlamentləri il əlaqələr qurmaqda, güclü əlaqələr formalaşdırmaqda zəifdirlər. Fəal olmaq lazımdır. 

Prezident İlham Əliyev də bir neçə il əvvəl diaspor nümayəndələri ilə görüşdə bayan etmişdi ki, səfirliklərimiz diaspor qurumları ilə sıx işləməlidir. Bir neçə gün əvvəl isə dövlət başçısı bir çox diplomatların fəaliyyətini sərt tənqid etdi. Yenidən diaspor qurumları ilə sıx əlaqələrin qurulmasını önə çəkdi.

Oxunma sayı 4961