Söyüş və təhqirdən istifadə edənlərə müxalifət demək olmaz - ƏLİ HƏSƏNOV

15:18 12.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidentinin ictimai - siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Sunna Torhildur Evarsdottirin ölkəyə buraxılmaması ilə bağlı iddialara münasibət bildirib.

Ə.Həsənov deyib ki, "Buraxılmırdı" ifadəsi bir qədər kəskindir, "Dəvət vermirdi" isə başqa ifadədir.

Prezidentin köməkçisi bildirib ki, dünyada heç bir vətəndaşın, məmurun Azərbaycana gəlişi qadağan deyil: "Azərbaycan açıq ölkədir, viza sistemi var. İstənilən insan bura gələ bilər, AŞ PA bizim tərəfdaş təşkilatlarımızdan biridir, illərdir ki, əməkdaşlıq edirik, mümkün olan tövsiyələrini nəzərə alırıq. Əlbəttə ki, Azərbaycanın öz dövlətçilik marağı var, həmişə bu maraqlardan çıxış edir. Siyasi məhbus, söz və mətbuat azadlığı məsələsində beynəlxalq təşkilatlarla bəzən bir platformada birləşirik, onların fikirləri ilə razılaşırıq, bəzi hallarda isə razılaşmırıq. Çünki qərəzli yanaşma görürük. Təəssüflər olsun ki, bu yanaşma qərəzli mahiyyət kəsb edir. Biz bəyan etmişik, bu gün də deyirik ki, Azərbaycanda siyasi məhbus yoxdur. Konkret cinayət əməlinə görə məhkum olunan insanlar var. Onların hər biri hüquqlarından həm Azərbaycanda, həm də Avropa məkanında istifadə edə bilərlər. Avropa hüququ Azərbaycanda keçərlidir, Azərbaycan Avropa İnsan Hüquqları məhkəməsinin qərarlarını zaman-zaman nəzərə alıb. Əgər kim Azərbaycan məhkəmələrinə, hüquq sisteminə güvənmirsə, buyursun, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etsin. "Siyasi məhbus" siyasi dünyagörüşünə, fəaliyyətinə görə həbs olunan şəxsə deyirlər. Avropa Şurası ilə bu məsələdə razı deyilik".

1993-cü ildən Azərbaycanda milli birlik - vətəndaş həmrəyliyi siyasəti yürüdülür. Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, siyasi partiyalar cəmiyyətin institutlarıdır: “Azərbaycan iqtidarı ilə cəmiyyətin digər təmsilçiləri - qeyri-hökumət təşkilatları, media və siyasi partiya nümayəndələrinin ünsiyyəti bütün dövrlərdə aktual olub. Biz milli birliyi, həmrəyliyi Azərbaycanın alternativsiz reallığı kimi dəyərləndiririk. Bunun alternativini görmürük. Dialoqun əksi qarşıdurma və qeyri-qanuni mübarizədir. Biz dialoqu yüksək dəyərləndiririk, istənilən halda Azərbaycan cəmiyyəti üçün dialoq həmişə aktualdır. Dünən də Bakıda belə bir tədbir keçirilib. Düşünürəm ki, siyasi partiyalar, media və qeyri-hökumət təşkilatları bu istiqamətdə fəaliyyətlərini məhdudlaşdırmayacaqlar. Gələcəkdə həm daxili, həm də xarici siyasətlə bağlı dialoq masasında müzakirələr aparıla bilər”.

Siyasi fəaliyyətini söyüş üzərində quran bəzi insanların fəaliyyətinə münasibət bildirən Ə.Həsənov vurğulayıb ki, söyüş və təhqirdən istifadə edənlərə müxalifət demək olmaz: “İnsanlar var ki, Azərbaycanı müxtəlif səbəblərə görə tərk edib, xarici ölkədə özünə bir vasitə ilə sığınacaq tapıblar. Təəssüflər olsun ki, onlar anti-Azərbaycan dairələrinin əlində alətə çevriliblər. Anti-Azərbaycan dairələrinin maliyyələşməsində erməni fondları da iştirak edir. Xarici ölkələrdə onlardan Azərbaycana qarşı çirkin formada istifadə edirlər. Bu, Azərbaycan millətinin adına ləkədir. Düşünürəm ki, onlar nə vaxtsa Azərbaycan xalqına məxsus dəyər nümayiş etdirərək bu yoldan çəkinəcəklər. Bu yoldan çəkilməyənlərə nə etmək olar, bu onların seçimidir. Əgər onlar xaricdə iaşə obyektlərində bu davranışları özlərinə həyat kredosu, fəaliyyət nümunəsi seçiblərsə, qoy fəaliyyətlərini davam etdirsinlər. Əlbəttə ki, sağlam düşüncəli Azərbaycan vətəndaşları onlara nifrət edir”.

Siyasət rubrikasından digər xəbərlər