Su ehtiyatlarından səmərəli istifadə məqsədilə komissiya yaradılacaq

18:34 17.04.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

"Quraqlıqla bağlı dedikləriniz çox ciddi məsələdir, bu, böyük narahatlıq doğurur. Çünki bu meyl davam edə bilər. Bilirsiniz ki, dünyada iqlim dəyişikliyi ilə bağlı böyük narahatlıq var”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirə zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, bəzi proqnozlar onu göstərir ki, Azərbaycanda bəlkə on ildən, iyirmi ildən sonra səhralaşma prosesi istisna deyil: “Ona görə biz bəri başdan buna hazır olmalıyıq. Keçən ilin quraqlığı bizə çox böyük problem yaratmışdı və hətta yaşlı insanlar belə quraqlığı xatırlamırlar. Bu il də quraqlıq gözlənilir. Ona görə su ehtiyatlarımızın səfərbər olunması, onlardan səmərəli istifadə edilməsi prioritet məsələyə çevrilir. Heç kimə sirr deyil ki, su olan yerdə məhsuldarlıq da artır və insanların dolanışığı da yüksəlir. Məhz bu məqsədlə ölkəmizdə bir neçə önəmli genişmiqyaslı layihə icra edilib. Əgər Şəmkirçay su anbarı, Taxtakörpü su anbarı vaxtında tikilməsəydi, kanallar çəkilməsəydi, o sudan qidalanan rayonlarda böyük çətinliklər ola bilərdi. Biz son bir neçə il ərzində orta hesabla təqribən yüz min hektara yaxın torpağa suyun verilməsini təmin edirik. Bunlar vaxtilə suvarılmayan, yaxud da ki, suvarılması lazımi səviyyədə olmayan torpaqlardır. Ona görə bundan sonra da kənd təsərrüfatının və fermerlərin bu sahədə tələbatını ödəmək üçün gərək yeni proqram tərtib edilsin. Biz köhnə metodlarla gedə bilmərik. Çünki bu metodların səmərəliliyi özünü doğrultmur. İndi dünya texnologiyaları bütün sahələrdə inkişaf edir, o cümlədən meliorasiya sahəsində. Biz indi bu işləri dədə-baba üsulu ilə görə bilmərik. Yeni texnologiyalar tətbiq  edilməlidir.Mənə verilən məlumata görə, bəzi yerlərdə suyun itkisi 40-50 faizə çatır. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük investisiya qoyulub. Amma vaxtilə tikilmiş qurğuların, infrastrukturun bir çoxu çürüyüb və həm suyun çatdırılmasına imkan vermir, həm də ki, o sızmalar torpağın şoranlaşmasına gətirib çıxarır. Ona görə biz burada iki ziyan görürük. Onu da bilməliyik ki, bizim su ehtiyatlarımız o qədər də geniş deyil və əsas su mənbələrimiz sərhədlərimizin kənarında formalaşır. Ona görə hər damcı su bizim üçün önəmlidir. Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Sovet vaxtında tikilmiş su kanallarımızın demək olar ki, hamısı torpaq kanallardır. Son vaxtlar biz ancaq beton kanallar tikirik və vaxtilə tikilmiş torpaq kanalları betona alırıq. Beləliklə, su itkisinin qarşısını alırıq. Ancaq hesab edirəm ki, daha irəli baxmalıyıq. İndi dünyanın inkişaf etmiş ölkələrində, xüsusilə, bizim iqlimimizə oxşar iqlimi olan ölkələrdə təcrübə var, orada məhsuldarlıq da çox yüksəkdir və bu təcrübə Azərbaycanda tətbiq edilməlidir”.

Dövlət başçısı bildirib ki, su ehtiyatlarından səmərəli istifadə etmək üçün komissiya yaradılacaq: “Hesab edirəm ki, komissiyaya Baş Nazirin müavini Şahin Mustafayev rəhbərlik etməlidir. Çünki Şahin Mustafayev İqtisadiyyat naziri işlədiyi dövrdə bu məsələ ilə fəal məşğul olub və mənə müntəzəm olaraq məruzələr edib. Komissiyada aidiyyəti qurumların rəhbərləri - Kənd Təsərüfatı naziri, İqtisadiyyat naziri, Ekologiya və Təbii Sərvətlər naziri, "Meliorasiya və Su Təsərrüfatı" Səhmdar Cəmiyyətinin, "Azərsu" Səhmdar Cəmiyyətinin rəhbərləri və digər aidiyyəti qurumların rəhbərləri təmsil olunmalıdırlar ki, konkret tədbirlər planı hazırlansın. Demək olar ki, indi təhlillə bağlı materiallar və belə məlumatlar var. Əsas məsələ odur ki, nə etməliyik, hansı addımlar atmalıyıq. Yəqin, xarici mütəxəssisləri də cəlb etməliyik ki, bizə yaxşı məsləhətlər versinlər. Biz suyun hər bir damcısının qədrini bilməliyik”.

Yeri gəlmişkən xatırladaq ki, Cənubi Qafqaz ölkələri arasında Azərbaycanın su ehtiyatları daha məhduddur. Ərazi və adambaşına düşən su ehtiyatları Gürcüstandan 7,7 və 8,3 dəfə, Ermənistandan isə 2,2 və 1,7 dəfə azdır. Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Azərbaycanın yerüstü su ehtiyatlarının 19-20,6 kubkilometri transsərhəd çayların, 9,5-10 kubkilometri isə yerli çay axımı hesabına formalaşır. Samur çayı istisna olmaqla birbaşa Xəzər dənizinə tökülən çayların illik su ehtiyatı 2,2-2,5 kubkilometr təşkil edir ki, bunun da 1-1,1 kubkilometri Böyük Qafqazın şimal-şərq yamacından, 1,2-1,4 kubkilometri Lənkəran təbii vilayətindən axan çayların payına düşür. Kür çayının hövzəsinə daxil olan sağ və sol qolların ümumi su ehtiyatı isə 7,5-7,8 kubkilometr təşkil edir.

Respublika ərazisindəki irili-xırdalı 8359 çaydan yalnız 171-nin uzunluğu 25 kilometrdən artıqdır. 327 çayın uzunluğu 25 kilometrdən, 7861 çayın uzunluğu isə 10 kilometrdən azdır. Hesablamalara görə, Azərbaycanda çay şəbəkəsinin orta sıxlığı 0,39 kubkilometr təşkil edir. Çay şəbəkəsinin ən böyük sıxlığı Lənkəran (0,84 kilometr/kvadratkilometr), ən az sıxlığı isə Ceyrançöl və Abşeron-Qobustan (0,20 kilometr/kvadratkilometr) bölgələrinin payına düşür.

BMT-nin ötən il açıqladığı hesabatda gösətrilir ki, 1980-ci illərdən başlayaraq su istehlakı ildə 1faiz artır. Bu o deməkdir ki, son 30 ildə dünyada sudan istifadə təqribən 30 faiz artıb. BMT-nin hesabatında buna səbəb kimi dünya əhalisinin, sosial-iqtisadi inkişaf və istehlak nümunələrinin artımı göstərilir. Gözlənilir ki, sənayedə və məişətdə suya tələbatın artması səbəbi ilə sudan istifadə 2050-ci ilə qədər bu templə artacaq. Bu da indiki istifadə səviyyəsindən 20-30 faiz daha çox istifadə deməkdir. BMT-nin hesabatında qeyd edilir ki, tələbatın artması və iqlim dəyişikliyinin təsiri ilə su ilə bağlı qlobal gərginlik də artacaq.

Azərbaycana isə bu məsələ 2004-cü ildən prezidentin prioritet saydığı məsələlər sırasındadır. Odur ki, Azərbaycan hökuməti də prezidentin prioritetlərinə əsasən problemin Azərbaycana çatmasını və kəskinləşməsini gözləmək fikrində deyil. Ona görə də BMT-nin hesabatındakı xəbərdarlıqları da nəzərə alaraq, prosesləri qabaqlamağı düşünür və məsələni kəskin xarakter almadan həll etməyi planlaşdırır. Ona görə ki, suyun istehlakının artmasına səbəb olan qlobal faktorlar Azərbaycana da aiddir. Məsələn, Azərbaycan iqtisadiyyatı böyüyür. 1999-2018-ci illərdə ölkə iqtisadiyyatı 5.3 dəfə, sənaye 3.4 dəfə, qeyri-neft sənayesi 3.4 dəfə böyüyüb. İqtisadiyyat isə ehtiyatların istifadəsi hesabına artır və bu ehtiyatlardan istifadənin də artmasını qaçılmaz edir. Başqa tərəfdən, kənd təsərrüfatı da böyüyür və kənd təsərrüfatı məhsullarının istehsalı artır. Ölkədə 22 iri fermer təsərrüfatı və aqroparklar yaradılıb. Taxıl və pambıq sahələri genişlənir, üzüm plantasiyaları salınır, balıqçılıq vətəgələri yaradılır və s. Hazırda ölkədə 1 milyon 700 min ha əkin sahəsi var. 217 min hektar da çoxillik əkin sahələridir. Bütün bunlar suvarma üçün böyük su resursları tələb edir və təbii ki, Azərbaycanın kənd təsərrüfatı sektoru da son 20 ildə böyüdüyü qədər də su istifadə edir, getdikcə ehtiyacı da artır. Ona görə ki, məsələn, iri fermer təsərrüfatları və aqroparkların qısa müddətdə sayının 2 dəfədən çox artırılaraq 51-ə çatdırılması hədəf götürülüb. Odur ki, indiyə qədər iqtisadiyyatın, o cümlədən də kənd təsərrüfatının böyüməsi su sərfiyyatının artırıb, eyni zamanda iqtisadi artımla bağlı hədəflərimiz də böyükdür və bu səbəbdən də sərfiyyatın getdikcə artacağı da şübhə doğurmur. Su ehtiyatlarının səmərəli istifadəsi zərurətini yaradan üçüncü bir səbəb isə əhalinin və ölkəyə gələn turistlərin sayının artmasıdır. Əhalinin sayı artıq 10 milyonu keçib. Ölkəyə gələn turistlərin də sayı ildə 1 milyonu ötüb və getdikcə artacağı gözlənilir. Təbii ki, bu sıraya son 20 ildə avtomobillərin sayının xeyli artmasını da əlavə etmək lazımdır. Dördüncü səbəb iqlim dəyişikliyi səbəbindən su ehtiyatlarının azalması, beşinci səbəb isə suyun itkisinin böyük və adambaşına su sərfiyyatının Avropa ilə müqayisədə iki dəfə artıq olmasıdır.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 305