Təhsil müəssisəsi, yoxsa üfunət mənbəyi?

15:15 01.11.2011
Yazını böyüt
Yazını kiçilt
Son illər Bakıda və regionlarda fəaliyyət göstərən peşə təhsili müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılsa da, paytaxtdakı 6 saylı peşə liseyindəki ürəkbulandırıcı vəziyyət çoxlarını narahat edir. Belə ki, həmin təhsil ocağı Bakının mərkəzində yerləşsə də, necə deyərlər gözdən-konüldən iraq düşüb. Böyük maddi-texniki bazasına və geniş meydançaya malik liseyin ərazisində asfalt örtüyü söküldüyündən burada hərəkət etmək müşkülə çevrilib. Ərazidə su yığnağına çevrilmiş çuxurlar, bərbad yolları buranın hansısa təhsil müəssisəsi deyil, hansısa xarabalıq olduğunu xatırladır. Bir neçə gün əvvəl ərazidə olarkən liseyin ərazisinin yağış sularının əsarətində qaldığı diqqətimizi çəkdi. Ötən həftə ərzində paytaxta yağan aramsız yağışlar nəticəsində liseyin həyəti və idman meydançasındakı çalalar yağış suyu ilə dolaraq iri gölməçəliklərə çevrilib. Artıq liseyin idman meydançası yararsız hala düşüb. Liseyin təmirçi-çilingər, qaynaqçı şöbəsinin şagirdləri də artıq vəziyyətin dözülməz həddə çatdığından şikayətlənirlər: “İdman meydançasını su basdığından idmanla məşğul ola bilmirik, əraziyə baxan yoxdur“. Ən acınacaqlısı odur ki, liseyin həyəti də zibilliyə qərq olub. Üstəlik liseyin həyətindəki mənzərəni müşahidə etdikdə buranın təhsil müəssisəsi deyil, təmir-tikinti sexi olduğu təəssüratı yaranır. Liseyin tədris korpusunun arxa hissəsində şagirdlərdən çox toyuq sürüsü gözə dəyir. Binəqədi Rayon Sosial Müdafiə Mərkəzi yerləşən korpusun yaxınlığındakı ayaqyolu da biabırçı vəziyyətdədir. Burada natəmizlik baş alıb gedir, üfunət ətrafı bürüyüb. Liseyin Füzuli, Ağdam və Zəngilan uşaq musiqi məktəbləri yerləşən korpusunun qarşısında isə iri gölməçələr keçilməz səddi xatırladır. Gölməçə dərin olduğundan və suyun səviyyəsi binanın giriş pilləkənlərinədək qalxdığından müəllim, şagird və valideynlərin binaya giriş-çıxışı xeyli çətinləşib. Ərazidə olarkən öyrəndik ki, burada kanalizasiya sistemi də yoxdur. Bu səbəbdən yağış yağan kimi liseyin həyətində böyük gölməçə yaranır. Bu vəziyyət valideynləri və müəllimləri də ciddi narahat edir: “Sovet dövründən burada heç bir təmir işləri aparılmayıb. Yağışlı günlərdə günümüz qara olur, hər yan palçıq içindədir. Binanın birinci mərtəbəsində ayaqyolu təmir edilmədiyindən içərini üfunət götürüb. Binanın zirzəmisini isə liseyin direktoru icarəyə verib. İçəridə ayaqyolunun, küçəyə çıxanda isə uzun müddət burada saxlanılan iri çəlləklərdə “kraska“nın iyindən nəfəs almaq olmur“. Xatırladaq ki, ərazidə 6 saylı peşə liseyin 7 sinfi ilə yanaşı, köçkün məktəbləri də fəaliyyət göstərir. Bununla belə tədris binasının təmiri və təmizliyi ilə maraqlanan belə yoxdur.
Qələndər Xaçınçaylı
rubrikasından digər xəbərlər