Sumqayıtda yolu keçən kişinin ürəyi dayandı - GÜNÜN TƏZADLARI

18:15 02.12.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda yolu keçən yaşlı kişi dünyasını dəyişdi. Hafta.az  Musavat.com-a istinadla xəbər verir ki, hadisə Sumqayıtda Avtovağzal ərazisində baş verib. Piyada xətti ilə yolu keçən ortayaşlı kişi yerə yıxılıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. İlkin ehtimala görə, mərhum ürəktutmasından vəfat edib.

 

Putin ölümdən son anda qurtuldu

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin uçduğu təyyarə enişdə ciddi çətinliklərlə üzləşdi. Hafta.az Ukrayna mediasına istinadla xəbər verir ki,  hava gəmisinin heyəti möcüzəvi şəkildə Qırğızıstan paytaxtına enməyə müvəffəq olub. Olay noyabrın 28-də baş versə də, bu barədə  məlumat KİV-ə yalnız bu gün səhər saatlarında   sızıb. Qırğızıstanda eniş zamanı uçuş bağlantısını xeyli çətinləşdirən güclü duman olub. Mülki reyslərin əksəriyyəti digər hava limanlarına yönəldilib. Putinin isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinə gəlməsi lazım idi. Enişdən əvvəl hava hər on dəqiqədən bir dəyişib, eniş zamanı isə gözlənilmədən pisləşib və uçuş zolağı görünməz olub.  Odur ki, Bişkek üzərində bir ehtiyat dairə vurduqdan sonra "İL-96"nın pilotu, hava limanına təyyarəni sözün əsl mənasında hissiyatı ilə endirib. O da qeyd edilir ki, Rusiya Müdafiə naziri S.Şoyqunun təyyarəsi Bişkek üzərində əlavə dairədən sonra da eniş edə bilməyib və Qazaxıstanda – Almatı hava limanında enməli olub.

 

Yasamalda külək inzibati binanın damını qopardı

Bakıda çoxmərtəbəli binanın dam örtüyü yerindən qopdu. Hafta.az yazır ki, FHN-dən APA-ya verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda altımərtəbəli inzibati binanın dam örtüyünün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər qopan hissəni yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

 

Şahdağda zubr balası dünyaya gəldi

“İDEA” İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “WWF”in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan birinin erkək balası dünyaya gəldi. Hafta.az-ın Moderator.az-a istinadla verdiyi məlumata görə, bunu Şahdağ Milli Parkının direktoru Akif Məmmədov bildirib. Onun sözlərinə görə, bala sağlamdır və artıq yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub: “Şahdağ Milli Parkı ilə “IDEA” İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Fransa və Belçika zooparklarından 12 baş zubr gətirilərək təbiətə buraxılıb. Sevindiricidir ki, artıq onların sayı 13 olub”. Direktor qeyd edib ki, gələn il daha səkkiz zubrun Azərbaycana gətirilməsi nəzərdə tutulub.

 

“Araz Supermarket”də 500 kq zəhərli məhsul aşkar edildi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən fitosanitar nəzarət tədbirləri zamanı “Araz Supermarket” MMC-nin Türkiyə Respublikasından idxal etdiyi naringi məhsuluna baxış keçirildi.  Hafta.az yazır ki, AQTA-dan Musavat.com-a bildirilib ki, agentlik məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq protokoluna əsasən, məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərdən “Pseudococcus gahani Green (sitrus unlu yastıcası)” aşkar olunub. Azərbaycan Respublikasında aşkarlanmayan, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə ərazisinə idxal olunması və yayılmasının qarşısının alınması məqsədilə zərərli orqanizmlərlə sirayətlənmiş məhsulun məhv edilməsi barədə qərar verilib. Zərərvericilərlə sirayətlənmiş 500 kq naringi “Araz Supermarket” MMC-nin və Agentliyin əməkdaşlarının iştirakı ilə Sumqayıt şəhər tullantıları poliqonunda məhv edilib.